Kerolayn Braun: “Azərbaycandakı investisiyaların 51%-i Böyük Britaniyanın payına düşür” – MÜSAHİBƏ
05 noyabr 2010 18:06 (UTC +04:00)

Kerolayn Braun: “Azərbaycandakı investisiyaların 51%-i Böyük Britaniyanın payına düşür” – MÜSAHİBƏ

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerolayn Braunun APA-ya müsahibəsi.

- Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun Azərbaycana səfəri hansı nəticələr verdi? Yeni razılaşmalar varmı?

- Azərbaycan Devid Lidinqtonun səfər etdiyi yeganə Cənubi Qafqaz ölkəsidir. Səfərin üç məqsədi var idi. Birinci məqsəd Britaniya və Azərbaycan arasında əməkdaşlığın sahələrini, onların əhəmiyyətini, bu əməkdaşlığın inkişaf yollarını daha yaxşı başa düşməkdən ibarətdir. İkinci məqsəd Azərbaycanın Avropa ilə artan əlaqələrini - yeni bazarlar və xalqlar arasında geniş əlaqələrin qurulmasına şərait yaradacaq Assosiasiya Sazişi ilə bağlı danışıqların başlanmasını dəstəkləməkdir. Üçüncüsü isə qeyri-neft və qaz sektorunda fəaliyyət göstərən Britaniya şirkətləri üçün imkanları araşdırmaqdır. Cənab Lidinqtonu iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edirdi. Onlar Azərbaycandakı potensial müştərilərlə bir sıra fərdi görüşlər keçirdilər. Mənim bildiyimə görə, bir neçə layihə aktiv şəkildə müzakirə olunur.

- Hazırda Azərbaycanda neçə Britaniya şirkəti fəaliyyət göstərir və onlar neft sektorundan başqa hansı sahələrə investisiya qoyublar?

- Böyük Britaniya Azərbaycanda ən böyük investordur, ölkədəki investisiyaların 51%-i Böyük Britaniyanın payına düşür. FTSE 100 indeksinə daxil olan şirkətlərdən tutmuş, kiçik və orta sahibkarlıq müəssisələrinə qədər, təxminən 150 Britaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Kiçik və orta sahibkarlıq müəssisələrinin əksəriyyəti BP-nin təchizat zəncirində işləyir və ya onu dəstəkləyir. Böyük Britaniyanın Azərbaycana gələcəkdə investisiya yatırmaq istədiyi prioritet sahələr neft və qaz, maliyyə xidmətləri, tikinti, layihənin idarə olunması, dizayn, təhsil və pərakəndə satışdır. Britaniya şirkətləri, o cümlədən qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlər Azərbaycanda biznes qurmaqda maraqlıdırlar. Peşə təhsilini inkişaf etdirmək məqsədilə bu ay Azərbaycana daha bir ticarət missiyası gələcək. Bu, il ərzində ölkəyə səfər edən dördüncü missiya olacaq. Britaniya şirkətlərinin qeyri-neft və qaz sektorlarında uğurları “Port Baku” layihəsi və Abşeron “Mariott hotel”, “Ağ Şəhər”, yeni beynəlxalq aeroport layihələrində iştirakı əhatə edir. Bundan əlavə, Bakıda “Mothercare”, “Debenhams”, “Accessorize” və “Austin Reed” kimi Britaniyanın tanınmış ticarət markalarına rast gəlinir. Biz bunun davam edəcəyinə ümid edirik.

- Humanitar sahədə əməkdaşlığın inkişaf edəcəyi gözlənilirmi?

- Xeyr, hazırda sizin ölkəniz orta gəlirli ölkə kateqoriyasına daxildir. Humanitar sahədə üzləşdiyiniz problemləri həll etmək üçün sizin imkanlarınız var. Bu məsələnin daha yaxşı həlli yolunu tapmaq üçün bizim hökümətimiz mütəxəssis məsləhəti təklif etməklə və ya sizin rəhbərliyi özəl sektorun təcrübəsi ilə tanış etməklə ölkənizin rəhbərliyinin səylərini dəstəkləməyə davam edəcək. Bizim hökümətimizin humanitar sahədə vəsaitləri daha kasıb ölkələrə yönəlməlidir.

- Tələbə vizalarına dəyişikliklər Birləşmiş Krallıqda təhsil alan azərbaycanlı tələbələrin sayına təsir edəcəkmi?

- Biz belə fikirləşmirik, amma bu sualı mənə bir də gələn il - biz 2010-cu ilin tam statistikasını əldə etdikdən sonra verərsiniz. 2009-cu ildə viza qaydaları dəyişdirilib və Britaniya hökuməti tələbələr üçün “bal hesabına əsaslanan sistem” (points-based system - PBS) təklif edib. Viza almaq istəyənlər üçün http://www.ukba.homeoffice.gov.uk/visas ünvanında qaydaları öyrənmək çox vacibdir. Əgər viza üçün ərizə verən təqdim edilmiş informasiyanın əsasında tələb olunan balları əldə edə bilmirsə, onda biz viza verə bilmərik. 2009-cu ildə 350 nəfər Britaniyada təhsil almaq üçün PBS tələbə vizası alıb. 2010-cu ildə isə bu vaxtadək 295 tələbəyə PBS viza verilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm artıb. Biz həmçinin Britaniyada qısamüddətli kurs keçən 195 tələbəyə viza vermişik.

- Hazırda Birləşmiş Krallıqda neçə azərbaycanlı tələbə təhsil alır və onlar hansı universitetlərdə oxuyurlar?

- Övladlarını Birləşmiş Krallığa təhsil almağa göndərən azərbaycanlıların sayı artır və onlar 100-dən çox dünya miqyaslı universitet arasında seçim edə bilərlər. Beynəlxalq və yerli təşkilatlar da öz əməkdaşlarına bizim universitet və kolleclərin təklif etdiyi kurslarda təhsil almaları üçün sponsorluq edirlər. Bundan başqa, çoxlu sayda professional gənclər var ki, onlar da təhsillərini davam etdirmək üçün Britaniyanı seçirlər. Birləşmiş Krallıqda hazırda neçə nəfər azərbaycanlı tələbə var? Qorxuram ki, sizə indi dəqiq informasiya verə bilməyək. Amma vizaların sayından məlum olur ki, onlar minlərlədir.

- Sizin səfirlik Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəkmi? Birləşmiş Krallıq bu seçkilərə hər hansı texniki yardım göstərirmi?

- Biz beynəlxalq birliyin digər üzvləri ilə birlikdə bazar günü keçiriləcək seçkilərə hazırlığı maraqla izləyirik. Bu məsələ bu ayın əvvəlində Britaniyanın Avropa məsələləri nazirinin Bakıya səfəri zamanı da müzakirə olunub. Avropa Birliyi ölkələrinin Bakıdakı səfirləri bu yaxınlarda bəyanat verərək ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının aralıq hesabatını dəstəkləyiblər. ATƏT-in müşahidə missiyasında Britaniyanın iki uzunmüddətli və altı qısamüddətli müşahidəçisi var. Bizim səfirliyimizin iki nümayəndəsi DTİHB missiyasına qısamüddətli müşahidəçi qismində qatılıb və biz 12 nəfər könüllü beynəlxalq müşahidəçiyə noyabrın 7-də bütün ölkədə, o cümlədən Naxçıvanda seçki prosesini izləmək işinə yardım etmək üçün imkan yaradacağıq. Mən həmin 12 könüllü müşahidəçidən biriyəm. Səfirliyin ikitərəfli yardım proqramı vasitəsilə biz 80 uzunmüddətli və 400 qısamüddətli yerli (Azərbaycandan olan) müşahidəçi üçün treninq kurslarını maliyyələşdirmişik. Səfirliyimiz seçkilərlə bağlı bir sıra layihələrin həyata keçirilməsinə yardım edib. Bu layihələr sırasında seçicilərin şikayətlər sistemi haqqında maariflənməsini (bu layihə “Qanun və İnkişaf” İctimai Birliyi tərəfində həyata keçirilib), yerli qısamüddətli müşahidəçilər üçün treninq kurslarını (bu layihəni bizim üçün Seçkilərin Monitorinqi və Demokratik Tədqiqatlar Mərkəzi həyata keçirib) misal göstərmək olar. Sonuncu layihə seçki prosesində mümkün yüksək standartlara uyğun obyektiv və dəqiq müşahidəni təmin etmək məqsədilə təşkil olunub. Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahov da bir neçə ay bundan əvvəl görüşümüz zamanı bunu qeyd etdi. Mən onun “müşahidəçilər professional, obyektiv, dəqiq və məlumatlı olmalıdırlar” fikrini bölüşürəm. Bu layihələr vasitəsilə də biz buna nail olmaq istəyirik. Məsələn, səfirlikdəki həmkarlarım ötən həftə yekun treninq sessiyalarını izləmək üçün Naxçıvana səfər ediblər. Mən ATƏT-in Bakı ofisinin rəhbəri Səfir Əli Bilgə Cankoreli dairə seçki komissiyalarının rəhbərləri üçün “seçki prosesinə qeyri-qanuni müdaxilə” adlı informasiya sessiyalarının təşkilində müşayiət etmişəm.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar