ATİB sərhədlərin açılmaması üçün ABŞ-a müraciət edib
07 aprel 2009 11:00 (UTC +04:00)

ATİB sərhədlərin açılmaması üçün ABŞ-a müraciət edib

Türkiyənin Ermənistanla sərhədlərini açması bu ölkənin strateji tərəfdaşlarından olan Azərbaycanla iqtisadi və siyasi münasibətlərinə mənfi təsir göstərəcək.

Bunu APA-ya açıqlamasında Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Əhməd Erentok bildirib.

Türkiyənin Ermənistanla sərhədləri açmasının əleyhinə olduğunu deyən ATİB sədrinin sözlərinə görə, rəsmi Ankaranın bu addımı nə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına, nə Qarabağ probleminin həllinə, nə də Türkiyənin Avropa Birliyinə üzvlüyünə müsbət təsir göstərəcək.

“Ankaranın bu səhv siyasi addımı əksinə, Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrə mənfi təsir göstərəcək. Qeyd etmək istəyirəm ki, bu gün ermənipərəst və rusiyapərəst qüvvələr Azərbaycanla Türkiyənin arasını vurmaq istəyirlər. Ona görə də, tərəflər minimum emosiya və maksimum məntiqlə addım atmalıdırlar”, - deyə Ə. Erentok qeyd edib.

ATİB sədri bu məsələ ilə bağlı başda Barak Obama olmaqla bütün ABŞ rəsmilərinə müraciət etdiklərini və Vaşinqtonun sərhədlərin açılması məsələsində Türkiyəyə təsirdən çəkindirməyə çalışdıqlarını vurğulayıb: «Biz bütün Ağ Ev rəsmilərinə məktubla müraciət etmişik. Bu yaxınlarda Respublikaçılar Partiyasından olan konqresmenlərlə də görüşdük və narahatçılığımızı onlara çatdırdıq, sübutlar təqdim etdik».

Türkiyə hökumətinin Ermənistanla sərhədləri açmasının Türkiyə vətəndaşlarının böyük hissəsinin narahatçılığına səbəb olduğunu qeyd edən ATİB sədri Ermənistanla işbirliyi qurmaq, bu ölkəyə investisiya yatırmaq istəyində olan türkiyəli iş adamlarına da mesaj ünvanlayıb: “Bu addımı atmazdan öncə heç olmasa tariximizi oxuyun”.

Ə. Erentok onu da vurğulayıb ki, bu gün Ermənistanla işbirliyi qurmaq, Ermənistana sərmayə yatırmaq istəyən türk iş adamlarının əksəriyyəti erməni mənşəli, sonradan türkləşmiş insanlardır. Onlar bu gün Türkiyədə qazandıqları vəsaitləri Ermənistana daşımaq istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788

Oxşar yazılar