Əflatun Amaşov: “Gözümü açdım ki, xəstəxanadayam, nənəm başımın üstündə ağlayır” - MÜSAHİBƏ
18 mart 2010 10:15 (UTC +04:00)

Əflatun Amaşov: “Gözümü açdım ki, xəstəxanadayam, nənəm başımın üstündə ağlayır” - MÜSAHİBƏ

Lent.az-ın “Persona” rubrikasının qonağı Mətbuat Şurasının sədri Əflatun Amaşovdur. Əflatun Amaşov bizimlə söhbətdə acılı-şirinli xatirələrindən, həyat mübarizəsindən, Mətbuat Şurasının sədri kimi fəaliyyətindən və düşüncələrindən danışdı...

- Dünən ilaxır Çərşənbə idi. Əflatun müəllim bu gündə həmişə hansı hissələri keçirir, nələr yadına düşür?

- Mən Borçalının Faxralı kəndində anadan olmuşam. Mən doğulduğum bölgədə bayramların içərisində ən geniş keçiriləni Novruz bayramıdır. Yeni ildən də təmtəraqla keçirilirdi. Balaca olarkən tonqal qalamağımız, tonqalın üzərindən necə atılmağımız, yumurtaları necə vuruşdurmağımız, qapıları necə pusmağımız yadımdadır. Qohumlar, qonşular uşaqların içərisində iki-üç nəfər ən qoçağına yumurta verərdilər. Söhbət 5-6 yaşlı olduğumuz, məktəbə getmədiyim dövrlərdən gedir.

- Papaq atırdınız?

- Papaq da atmışıq. Daha çox qohumların evinə gedirdik. O payları ev aparmırdıq, bir yerə toplayıb, yeyirdik. Bu, tək mənim yox, o dövrü yaşayan bütün uşaqların xatirəsində dərin iz salıb.

- Atdığınız papaqların boş qayıtdığı hal olub?

- Ümumiyyətlə, papaq geri qayıdanda hiss edirdik ki, bu papağın içərisində nə var. Əmin idik ki, hansı qapıya papaq atsaq və onlar bilsələr ki, papağı atan kimdir, alacağımız pay nə olacaq. Bəzi məqamlarda təsəvvürlərimiz bizi çaşdıra bilərdi, amma əksər hallarda proqnozlarımız doru çıxırdı.

- Kənardan sakit insan təəssüratı bağışlayırsınız. Uşaqlığınız da belə sakit keçib?

- Alnımda və başımın yan tərəfində çapıqlar var. Müəyyən məqamlarda dalaşqan da olmuşam. Tələbəlik illərində də belə olub. Amma ümumilikdə, mən çox da nadinc adam olmamışam. Yadıma gəlir, bir dəfə sinifdə yaxın dostum başqa sinfin uşaqlarına sataşmışdı. Günah dostumda idi. O sinifdə oxuyan iki uşaq bizim sinfə gəldi. Onu da deyim ki, oxuduğumuz Faxralı kənd orta məktəbi tanınmış məktəb idi. Bu kənddə 3 məktəb olub. Bizim oxuduğumuz məktəb 4 mərtəbəli, hətta şəhər məktəblərindən geri qalmayan bir məktəb idi. Yüksək səviyyəli laboratoriyaları, futbol meydançası, idman zalı və s. vardı. Məktəbimizdə nizam-intizam da çox ciddi idi. Uşaqlar dalaşan zaman onların valideynlərini məktəbə dəvət edirdilər. Valideynlər də uşaqlarını ciddi tənbeh edirdilər. Digər sinfin uşaqları yaxın dostumun üzərinə gələndə mən çətin vəziyyətdə qaldım. Dostumu təhqir edib, döymək istədilər. Mən onları aralamağa çalışsam da, dostuma tərəf idim. Baxdım ki, onlar dostumu döyməyə başlayırlar. Mən də dostuma yardım edib, onlarla dalaşmağa başladım. Dava-dalaş düşdü. Bizi məktəbdə komsomol otağına apardılar. O anda düşündüm ki, nə olaydı, bunu mənim valideynlərimə deməyəydilər, valideynlərim məktəbə dəvət olunmayaydı, yoxsa danlanacağam, hərəkətlərimə məhdudiyyətlər qoyulacaq. Amma məsələ sakit şəkildə həll olundu. Söz verdik ki, bir daha dalaşmayacağıq.

- Bəs xəsarətlər nə zamandan nişanə qalıb?

- Başımın yan tərəfinə dalaşarkən daş dəyib. Daş uzaqdan atılmışdı. Alnımdakı çapığa gəlincə, bu, 4-5 yaşım olarkən baş verib. Qonşu uşağının baltası alnıma dəyib, mən də onun qulaq nahiyəsinə vurmuşam. Qonşunun uşağını da, məni də qan aparıb, huşsuz vəziyyətdə dayanmışıq. Bir də gözümü açdım ki, xəstəxanada nənəm başımın üstündə oturub ağlayır. Sonra anladım ki, vəziyyət nə yerdə imiş.

- Babalarınız necə, vurub-tutan olub?

- Ulu babam Alı 19-cu əsrin əvvəllərində Qaraçöpdə doğulub. Adam öldürdüyünə görə Qaraçöpdən Faxralı kəndinə gəlib. Faxralıda bir az yaşayıb, bu kənddə də bir neçə dəfə dava-dalaş olub. Ulu babamı həbs ediblər və Rusiya-Türkiyə sərhədinə göndərilib. Rus ordusunun arxa hissəsində öz həbs həyatını keçirib, hərbi hissənin qoyun təsərrüfatına baxıb. Bir gün səs-küy düşür. Görür ki, 2-3 nəfər qoyunları aparmaq istəyir. Alı babam gecə əlində beşatılan silah, qoyun aparmaq istəyənlərin əl-qolunu bağlayır, onları hərbi hissəyə gətirir. Məlum olur ki, qarşı tərəfdən gəlib, rusların qoyununu oğurlamaq istəyirlərmiş. Bu xəbər Qafqaz canişininə çatır. Canişinin göstərişi ilə babam azad olunur və ona 3 kənd bağışlanır. Bir müddət orada yaşayandan sonra yenidən Faxralıya gəlir. 5 oğlu olur, ailə o bölgədə varlı insanlardan birinə çevrilir. Kərpic, pendir zavodları, çoxlu atları, qoyun sürüləri olur.
1930-cu illərdə Alının övladları, yəni mənim babalarım və onların övladları kolxoz quruluşuna etiraz edirlər. Babalarımdan birini Arxangelskə sürgünə göndərirlər, orada öldürülür. Babalarımın bəziləri ailələri, qohumları ilə birgə Borçalıdan baş götürüb Türkiyəyə keçirlər. Qarsın 11 kilometrliyində Təhləli kəndi var. Onlar tezliklə sovet hökumətinin yıxılacağı və geri dönəcəkləri ümidi ilə Təhləli kəndində məskunlaşırlar. Babalarım sonradan o kəndin, Qarsın rəhbərliyində, idarəçiliyində yer alırlar. Sonradan onların böyük qismi İstanbula və Ankaraya köçür. Avropada, ABŞ-da yaşayanlar da var.

Babalarımın bir hissəsi qalıb, sovet hökumətinə qarşı meşələrdə qaçaqçılıq edirlər. Əmilərimin bir hissəsi 1936-cı ildə kiçik yaşlı olublar. Onlar qalıblar və İkinci Dünya Müharibəsi başlayanda müharibəyə getməyiblər, meşələrdə vuruşublar. Ancaq sonradan çıxaraq təslim olublar. Burada incə detallar var. Mənim nənəmi milislər əllərində süngülü tüfənglər qabaqlarına qatıb, meşəyə aparırlarmış ki, oğullarını, qohumlarını üzə çıxar. Əmilərimdən biri danışırdı ki, meşədə özümüz üçün bir gizlin yer qurmuşuq, orada yaşayırıq, gecələr üzə çıxırıq, partizanlıq edirik. Əmim deyir ki, anamın səsini eşitdim. Anam ağlaya-ağlaya deyir ki, yerlərinizi möhkəm tutun, üzə çıxmayın, məni gətirirlər. Əmim deyir ki, axırda mən dözmədim, üzə çıxıb təslim oldum. Əmilərim müharibəyə gedib, vuruşurlar. Müharibəyə gedən əmilərimin əksəriyyəti həlak olublar. Bir qismi də o biri tərəfə keçib. Əmilərimdən biri uzun müddət Almaniyada, ömrünün sonlarını Türkiyədə yaşayıb.
Onu da deyim ki, həmin qaçaqçılıq, müharibə dövründə mənim ata babam kənddə olmayıb, Tiflisə gəlib. Tiflisdə qalıb, proseslərin sonunu gözləyib. Babam yaşlı olub, atamın da müharibə dövründə yaşı az olub, müharibəyə getməyib.

- Türkiyədə, xaricdə olan qohumlarla əlaqəniz olubmu?

- Bizim nəsil həmişə sıxılıb. Təhsil almağa gedəndə, vəzifə məsələsində tərcümeyi-halımızın bir qrafasında xaricdə qohumlarımızın olub-olmaması barədə sorğu olurdu. Yaxşı yadımdadır ki, məktəbdə oxuyanda bizə bəzi müəllimlər həmişə “qolçomaq quyruğu” kimi baxırdılar. Gürcüstan radiosunun Azərbaycan dilində yarım saatlıq verilişi vardı. 15 dəqiqə xəbərlər, 15 dəqiqə musiqi və digər verilişlər verirdilər. Radioda tez-tez bizim Amaşlı nəsli, əmilərimiz, babalarımız, qaçaqlar haqqında məlumatlar verilirdi. Mən özüm bunları tez-tez eşidirdim. Bizim nəslin insanlarını həmişə təzyiq altında saxlayır, vəzifəyə, xaricə getməyə qoymurdular. Amma 1968-ci ildə əmim İlyas Faxralı ilk dəfə Almaniyadan Faxralı kəndinə gəldi. Kəndimiz adını özünə ləqəb götürüb. O gələn zaman bir məqam oldu, bu günə qədər yadımdadır. O vaxt mən balaca idim, yaylaqda idik. Nənəm məni atın tərkinə aldı, atla kəndə gəldik. Həyətimiz böyük idi. Baxdım ki, həyətin bir hissəsində əmim oturub, digər qohumlarımız da onun başına yığılıblar, söhbət edirlər. Nənəm gəldi, atın ipini ağaca atdı, atdan düşdü, məni də düşürdü. Əmim nənəmə tərəf gəldi, qucaqlaşdılar. Əmim ağlamağa başladı. 1942-ci ildən müharibəyə gedib, 1968-ci ildə kəndə gəlib. 30 ilə yaxındır ki, nənəm oğlunu görmürdü. Əmim ağladı, nənəm dedi ki, sakit dur, kişi ağlamaz, düşmənlərin qarşısında özümüzü xar etməyək. Əmim də sakitləşdi. Sonra hamı dağılandan sonra, gecə saat 12-də nənəm oğluna sarıldı, bəlkə bir neçə saat ağladı. Heç kim bunu görmədi. Bu məqam yaddaşıma həkk olunub.

- Orta məktəbi necə oxudunuz?

- Orta məktəbi pis oxumadım. Bakıya gəldim. İnstituta qəbul ola bilmədim.

- Sənədlərinizi jurnalistika fakültəsinə vermişdiniz?

- Yox, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə sənədlərimi vermişdim. Qəbul ola bilmədim, əsgərliyə getdim. Əsgərlikdən geri dönəndən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul oldum. Daha sonra Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldum, oranı bitirdim.

- Bəs Moskva Dövlət Universitetinin jurnalistika kimi həm də siyasi yönümlü fakültəyə babaları qaçaq olmuş, sovetlərə qarşı döyüşmüş bir şəxsi qəbul edərkən araşdırma aparmadılar?

- Artıq 1980-ci illərdə o məsələlərə çox baxmırdılar. Hətta 1980-ci ildə tərcümeyi-halımı yazanda “xaricdə qohumlarınız varmı” qrafasını yazmadım ki, əlavə suallar doğacaq ki, haradadır, görüşürsənmi, gəlirlərmi. Ancaq 1968-ci ildən mütəmadi olaraq hər il Türkiyədən bizə bir neçə qonaq gələrdi. O vaxt Qars-Leninakan dəmiryolu ilə gələrdilər. İndi də qohumlarımız arasında get-gəliş var. Artıq qız alıb-verirlər, daha yaxındırlar.

- Bəs jurnalistikaya gəlişiniz, ilk addımlarınız nə dərəcədə uğurlu oldu? Peşmançılıq keçirdiyiniz anlar oldumu?

- Mən jurnalist olmağımla fəxr edirəm. Bu vaxta qədər mənim üstümdə vəsiqə yoxdur. Mən Moskva Dövlət Universitetini bitirdikdən sonra 1980-ci illərdə AzərTAC-da işlədim. Özümü çox yaxşı agentlik əməkdaşı hesab edirəm. AzərTAC-da azərbaycanlı cəmi 3 nəfər idik. AzərTAC-ın personalının əksəriyyəti yəhudilər, ermənilər idi, gürcülər də vardı. Orada azərbaycanlıları barmaqla göstərmək olardı. Bizi ona görə saxlamışdılar ki, bəzi məqamlarda, məsələn, Ali Məclisin sessiyasında hansısa kolxozçu Azərbaycan dilində danışırdı. Yəhudilərin çoxu da Azərbaycan dilini bilmirdilər. Biz ilk öncə Azərbaycan dilindən rus dilinə çevirməklə bağlı qara işlərə görə saxlayırdılar. AzərTAC-da işləyənlərdən biri Lomonosov adına Moskva Dövlət Universitetini qurtarmışdı, Kamal Abdullayev adlı bir şəxs idi. Ona işləməyə imkan vermirdilər. Əksəriyyəti də talantlı insanlar idi. AzərTAC-da işləyənlərdən birinin babası Sorbona Universitetini, özü də Sankt-Peterburqda ali məktəbi bitirmişdi. Ona belə işləməyə imkan, səlahiyyət vermirdilər.

- AzərTAC sizə nə öyrətdi, nə verdi?

- AzərTAC mənim üçün böyük məktəb oldu. Mən jurnalistikanı AzərTAC-da öyrəndim. Leonid Qoldşteyn adlı kifayət qədər təcrübəli şöbə müdirimiz vardı. Mən o zamanlar AzərTAC-da işləyərkən yenidənqurma təzə başlayırdı. AzərTAC demək olar ki, Moskvada çıxan dövrü nəşrlərin əksəriyyətini alırdı. AzərTAC-da işləyən yəhudilər özləri əlavə olaraq pul yığırdılar və nəinki Moskvada, Leninqradda, Kiyevdə, başqa yerlərdə çıxan dövrü nəşrləri də alırdılar. Onlar AzərTAC-da ya işləyər, ya da oxuyardılar. Biz də onların içərisində günümüzü işləməklə, oxumaqla keçirərdik. Ona görə də mən AzərTAC-da işlədiyim dövrdən çox razıyam. Mən AzərTAC-da müxbirlikdən şöbə müdirinə qədər yüksəldim, redaktor, baş redaktor oldum və bir müddət baş direktorun birinci müavini kimi çalışdım. Sonra “Yeni Nəsil” Jurnalistlər Birliyini yaratdıq. 1998-ci ildə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin sədri oldum, 2003-cü ildən də Mətbuat Şurasına rəhbərlik edirəm. Jurnalistika çox maraqlı bir həyatdır.

- Bu məqama qayıdacağıq. Ancaq belə qənaətə gəlmək olar ki, yəhudilər çox şey öyrənmək olarmış və siz də öyrənmisiniz.

- Yəhudilərin bir sözü var. Deyirlər ki, həll olunmayan məsələ, çıxılmaz problem yoxdur, hər problemdən iki çıxış yolu var, onlardan birini tapmaq lazımdır. AzərTAC-da işlə-işləyə bu sözləri deyən yəhudilərdən çox şeyləri öyrənmək mümkün idi. Hətta yəhudilər yenidənqurma başlayanda AzərTAC-da diskussiyalar təşkil edirdilər. Bu diskussiyaların mövzusu SSRİ-nin nə zaman dağılacağı ilə bağlı idi. 1985-ci ildə SSRİ-nin dağılıb-dağılmayacağı barədə düşünən yox idi, 1986-cı ildə də bunu demək olmazdı. Ancaq Şmelyovun və başqa iqtisadçıların əsərləri göstərirdi ki, artıq respublikalar öz müqəddəratlarını özləri həll edəcəklər. Ona görə də Azərbaycanda vəziyyət qarışmamış, 1986-87-ci illərdən yəhudilər kütləvi halda ölkəni tərk etməyə başladılar.

- Deməli, AzərTAC-da işləyən insanlar proseslərin gələcək inkişafını görürdü. Bəs belə bir dövlət agentliyində işləyən insanlar, o cümlədən siz Milli Azadlıq Hərəkatı dövründə xəbərlərdə tarazlığı qoruya bilirdiniz, yoxsa bu, sizdən asılı deyildi?

- Biz prosesləri, o cümlədən Dağlıq Qarabağ problemini görür və bilirdik. Mən 1989-cu ildə Dağlıq Qarabağa səfər etdim. O vaxt Xankəndində ermənilər meydanda oturub mitinq edirdilər. Biz bu prosesləri görürdük. Ermənistandan da artıq insanlar axışaraq gəlirdilər və meydanlarda mitinqlər keçirilirdi. O zaman mitinqlərdən yazı hazırlamaq AzərTAC-da mənə və başqalarına həvalə olunmuşdu. Bu detallardan birini qeyd edim. Biz həmişə mitinqlərdən yazı yazanda rəqəmləri şişirdirdik. Hətta biz bir dəfə SİTA üçün yazı yazırdıq. Tutaq ki, meydana 50 min insan gəlmişdi, bu rəqəmi 100 min yazmışdıq. Bir dəfə yanıma bir nəfər gəlmişdi, rəqəm yazdığım kağızı mənim stolumun üstündən götürdü. Həmin vaxt Azad Şərifov AzərTAC-ın direktoru idi. Həmin yazı hansı yollasa Etibar Məmmədova gəlib çatıb. Etibar Məmmədov da Azadlıq meydanında mitinq aparanda o kağızı əlinə alıb və çıxışında dedi ki, hətta Azərbaycan hökuməti də bizim mitinqimizdən qorxub, rəqəmləri, hər şeyi olduğu kimi göstərir. Bu çıxışdan sonra bu məsələ AzərTAC-da araşdırıldı və xəbəri kimin hazırlaması gündəmə gəldi. Mənim üzərimdə dayandılar. Mən də düşündüm, dedim ki, bəli, onu mən yazmışam, amma o xəbər ora necə çatıb, məlumatım yoxdur. Məni o vaxt AzərTAC-n rəhbəri Azad Şərifovla “KQB”-yə çağırdılar və biz orada hesabat verməli olduq. Həmişə AzərTAC-ın lentində mitinqlərlə bağlı informasiya olurdu. SİTA üçün hazırlanan məlumatlar daha geniş və əhatəli olurdu. Azad Şərifovu da buna görə Mərkəzi Komitədə, müvafiq qurumlarda olan insanlar danlayırdılar. Bir dəfə Azad Şərifov məni çağırdı. Dedi ki, Əflatun, mən baxıram, sənə də bir söz deyə bilmirəm, mən işdən tez, saat 8-də gedəcəm, xahiş edirəm ki, sən bu xəbərləri mən işdən gedəndən sonra ötür, mənim xəbərim yoxdur. Hamı Milli Azadlıq Hərəkatının içərisində idi, hamı Azərbaycanda olan bu proseslərdən, Ermənistandan qaçqınların axışmasından, Dağlıq Qarabağdakı hərəkətləri, rusların buna biganə qalmasından narahat idilər. AzərTAC-ın Dağlıq Qarabağ üzrə müxbiri mütəmadi Bakıya gəlirdi və bəyan edirdi ki, Dağlıq Qarabağda ermənilər toplaşır, pul yığır. AzərTAC bu məlumatları birbaşa Azərbaycan rəhbərliyinə, Azərbaycan rəhbərliyi də birbaşa Moskvaya göndərirdi. Bunlar elə-belə deyil, Moskvadan idarə olunan proseslər idi. SSRİ rəhbərliyi Dağlıq Qarabağ problemini bilərəkdən törətdi. Bir balaca müşahidə qabiliyyəti olan, mütaliə edən insanlar o dövrdə bunu bilirdilər.

- 20 Yanvarda AzərTAC-da necə işləmisiniz?

- Azərbаycanın ətraf mühit ilə əlaqə yox idi. AzərTAC hətta agentlikdə olan yəhudilərin iştirakı ilə divarlara vurmaq üçün bülletenlər hazırlandı. O zaman mətbuat yox idi, AzTV-nin enerji bloku partladılmışdı, radio işləmirdi. Ali Məclisin yanvarın 22-də keçirilən iclasında mən iştirak edirdim. Parlamentin, spikerin müraciətini biz işləyib, AzərTAC-ın redaksiyasında hazırlanan bülletenləri divara vurmaqla yayırdıq. AzərTAC-ın fotoqrafları da çox ciddi işləyirdilər. 20 Yanvarın səhəri AzərTAC-da az adamın toplantısında dünyaya müraciət hazırlandı. Biz dünya agentliklərinin fakslarını əldə etdik. Faks belə kəsilmişdi. Biz ingilis, rus də başqa dillərdə hazırladığımız materialları telefonla dünyaya ötürürdük. Bir neçə saat biz mütəmadi o xəbərləri dünyanın agentliklərinə, müxtəlif qəzetlərə ötürdük. Bu kiçik mətnlərdə Bakıda insanların çox böyük tələfatı, Bakıda küçələrin qanla dolu olması, rus əsgərlərinin günahsız insanları öldürməsi əksini tapmışdı. Məlumat verilir, eyni zamanda dünyadan kömək gözlənirdi. Dünya jurnalistləri Bakıya dəvət olunurdu. O zaman AzərTAC-da millətindən asılı olmayaraq hamının birgə olması, Azərbaycanın müqəddəratı üçün əlindən gələni etməsi bu gün də mənim gözümün qarşısındadır.

- Yeri gəlmişkən, hadisələr başlayana qədər AzərTAC-da işləyən ermənilər nə işlə məşğul idilər?

- AzərTAC-da əsas yerləri yəhudilər və ermənilər tuturdular. Hətta AzərTAC-ın sürücüsü də erməni idi.

- 20 Yanvar hadisələri zamanı onlar agentlikdə çalışırdılarmı?

- Yox, artıq getmişdilər. Onu da deyim ki, AzərTAC-ın rəhbərinin 40 ildən çox yəhudi Yefim Qurviçin olması oranı azərbaycanlılarsız bir məkana çevirmişdi. Aparıcı müxbirlər, şöbə müdirləri, texniki işçilərə qədər yəhudilər idi.

- Günümüzə qayıdaq. 7 ildir, Mətbuat Şurasının sədrisiniz. Bu, necə bir həyatdır, sizin üçün nələri dəyişdirib?

- Öncə onu qeyd etmək istəyirəm ki, mənim bir oğlum var, Böyük Britaniyada beynəlxalq iqtisadi hüquq ixtisası üzrə magistraturada təhsil alır. Mən istəyirəm ki, vətən üçün yaxşı bir övlad böyüdüm, təhsili olsun. Eyni zamanda, mənim övladım müstəqil həyata atılanda heç kimə ehtiyacı olmasın, öz həyatını təmin edə bilsin. Çünki mənim elə bir imkanım yoxdur ki, ona mal-mülk qoyam. Mən ona yalnız yaxşı təhsil almağa şərait yarada bilərəm.
Şəxsi həyatıma gəlincə, səhər tezdən Mətbuat Şurasına gəlirəm. İnternet mütəmadi açıq olur, agentliklərin xəbərlərinə, qəzetlərə baxıram. Axşam evə gedərkən saat 8-dən sonra yenə də internet açıq olur. Səhəri də evdə internetlə açıram, qəzetlərə baxıram. Mən artıq saat 10-da işə gələndə kifayət qədər məlumatlı oluram.

- Mətbuat Şurasının fəaliyyətini təşkil etmək asan, yoxsa çətindir?

- Kənardan sadə görünə bilər, amma ərzində Mətbuat Şurasına onlarla şikayət daxil olur. Mən burada onlarla insanla görüşürəm. Elə insan olur ki, problemi yalnız mətbuatla bağlı olmur. Bu yaxınlarda mənə bir qaçqın şikayət etmişdi. “Azadlıq Prospekti” metrosunun üzəri nizama salınarkən onun mağazası sökülmüşdü. Mənə müraciət etdi, biz Binəqədi rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Cavab aldıq ki, bu insan başqa bir yerdə yerlə təmin olunub. Bu sayaq məsələlər də var. Mətbuata gəlincə, sadə jurnalistlərlə mütəmadi görüşlər keçirilir, çoxsaylı vətəndaşları qəbul edirik. Mətbuat Şurasını bizim hamımızın fəaliyyəti nəticəsində insanların inanc yeri olan quruma çevirmişik. Mətbuat Şurası yarandığı gündən müxtəlif ittihamlara, hücumlara məruz qaldı. Ancaq Mətbuat Şurasının bəzi üzvlərinin səyi, görülən işlər nəticəsində bir model yaratmışıq. Söhbət vətəndaşlarla jurnalistlərin problemlərinin məhkəməyə qədər həllindən gedir. Mətbuat Şurasına gün ərzində ən azı 3-5 şikayət gəlir. Bu ilin əvvəlindən Mətbuat Şurasına 200-dən çox şikayət gəlib. Biz bu şikayətlərə baxırıq. Digər tərəfdən, Azərbaycan jurnalistikası yekdil deyil. Azərbaycanda yaxşı, zəif, eyni zamanda reket deyilən və arxasında başqa-başqa insanlar dayanan mətbu orqanlar var. Mətbuat Şurasının hazırda 7 məhkəməsi var, bizi məhkəməyə veriblər. Həmin insanlar Mətbuat Şurasına üz tuturlar. Mətbuat Şurası olmasaydı, insanlar məhkəməyə müraciət etsəydilər, məhkəmə-jurnalist problemləri hansı səviyyədə olardı.
Bir daha deyirəm ki, biz artıq insanların inandığı, vətəndaşların arxalandığı, hökumətin ehtiyatla yanaşmadığı, müəyyən etimad bəslədiyi bir model yaratmışıq. Bu modeli inkişaf etdirməliyik. Biz 2 il Bakıda beynəlxalq bir konfrans keçirdik, Avropadan, MDB məkanından tanınmış ekspertlər dəvət etdik, Mətbuat Şurasının fəaliyyətini müzakirə etdik. Müzakirələrin nəticəsindən də belə qənaət hasil etdim ki, Mətbuat Şurası kifayət qədər düzgün bir model kimi formalaşıb, artıq öz bəhrəsini verir. Həmin tədbirdə qərara gəlindi ki, əgər MDB-də də bu sayaq qurumlar yaransa, bu model əsas kimi götürülsün.

- Xəbər və informasiya işinə, Mətbuat Şurasının sədri kimi şikayətlərə vaxt ayırmağınız fonunda ailənizə vaxt ayıra bilirsinizmi? Məsələn, həyat yoldaşınız sizin bu iş rejimindən darıxmır, darılmır ki?

- O da artıq öyrənib. Mənim həyatım AzərTAC-dan belə qurulub. AzərTAC-da gənc yaşdan işləmişəm, iş saat axşam 10-da qurtarırdı. Hətta bəzi məqamlarda, xəbərlər çox olanda iş gecə saat 1-ə, 2-yə çəkirdi. Bir maraqlı məqamı qeyd etmək istəyirəm. Bir dəfə AzərTAC-da işləyəndə tapşırıqla bağlı Sumqayıta getmişdim, zavodda ölkə rəhbərliyinin görüşü vardı. Belə qərara gəlindi ki, o görüş barədə məlumat sabah verilsin. Mən evə gəldim, saat 8-ə yaxın idi. Evə girdim, həyat yoldaşım üzümə baxdı. Dedi ki, ya xəstələnmisən, ya dalaşmısan, niyə evə belə tez gəlirsən?! Mənim həyatım indi də belədir. Bu da mənim həyat yoldaşım tərəfindən qəbul olunur.

- Mətbuat Şurasının sədri olmağınız ötən dövr ərzində sizi dostlarınızdan uzaqlaşdırıb, yoxsa əksinə, yaxınlaşdırıb, hətta daha çox dost qazanmısınız?

- İstər qohum, istər dost olsun, gərək mütəmadi əlaqə saxlayasan, həyat belədir. Bəli, bu həyat məni bəzi dostlarımdan uzaqlaşdırıb. Amma bəziləri uzaqlaşsa, görüşməyimizə ya onun, ya da mənim tərəfimdən tələbat duyulub. Sanki heç nə olmayıb… Jurnalistika da bir ailədir. Biz qəzetlərdən gələn şikayətlərə baxır, müəyyən qərarlar çıxarırıq, onları reket elan edirik. Həmin siyahıya düşən qəzetlərin rəhbərləri jurnalist deyillər, bu sahəyə düşən insanlardır. Ancaq istər-istəməz həmin adamlar səndən inciyirlər, ya da sənə düşmənə çevrilirlər. Ya gərək sakit oturasan, heç kimin xətrinə dəyməsin. Əgər mətbuatın təmizlənməsi, mətbuatın inkişafı üçün müəyyən işlərin görülməsi missiyası bizim üzərimizə düşürsə, bəlkə düşmən qazanmağa da təbii baxmaq olar. Həyat davam edir.

- Vəzifəli insanlar vəzifədən gedərkən keçid dövrünü ağrılı başa vururlar. 2012-ci ildə Mətbuat Şurası sədri kimi səlahiyyətləriniz başa çatır. Siz necə, hesab etmirsiniz ki, məmurlaşmısınız və sizin üçün də çətin olacaq?

- Hələ o vaxta çox qalıb. Digər tərəfdən, mən özümü jurnalist sayıram. Ola bilsin ki, insan həyatının müəyyən məqamlarında, görüşlərin, saatbasaat tədbirlərin keçirilməsi, Mətbuat Şurası sədrinin missiyasını yerinə yetirmək fonunda özünü məmur kimi də hiss edə bilər. Amma mən özümü jurnalistikadan kənarda hesab etmirəm.

- Hesab edirsiniz ki, həmin dövr sizin üçün ağrılı olmayacaq…

- Mən jurnalistikadan başqa heç bir sahə ilə məşğul ola bilmərəm. Tutaq ki, bizneslə məşğul olsam, mən heç nə sata bilmərəm. Alqı-satqı işi mənim təbiətimdən də uzaqdır. Allahın köməkliyi ilə müəyyən mərhələlərdə də həyatımızı jurnalistikada qurmağa çalışacağıq…

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883

Oxşar yazılar