Yolsuzluq...
Nəriman Nərimanov: Həqiqət anı, yaxud aporiya
(aporiya - həlli, izahı müşkül məsələ)
Siyasətdə əxlaq axtarmağı məsləhət bilməyən, amma hər hansı vəziyyətdə hətta siyasətlə məşğul olan insanın əxlaqlı olmağını mütləq sayan Makiavelli yazırdı: “Əsas məsələ nəticədir. Buna görə hökmdar hakimiyyətini saxlamalı və qalib gəlməyə çalışmalıdır. Buna hansı yolla nail olmağın qətiyyən əhəmiyyəti yoxdur. Səni həmişə haqlı və ləyaqətli sayacaqlar, çünki qalibsən…” (Bitməmiş məktublardan alınmalı dərs)
Hər parlaq qələbədə belə bir məğlubiyyət var. Ancaq məğlubiyyətdə qələbə tapmaq çətindir, mümkünsüzdür. “Qalib mühakimə olunmur” fikri yetərincə amansız reallıq olsa da, məğlubun bəraəti
də mənasız, boşboğazlıq kimi qəbul olunur.
Biz cəngəllik qanunlarını həyat tərzimizə aid etmək istəməsək də, güclüləri daha məqbul bilirik. Yazıqlar olsun bizlərə ki, zəifləri, acizləri qəbul etməməklə, onların bəraətinə də aman vermirik. Bəlkə də elə belə yaxşıdır! Yoxsa ki, bütün məğlubiyyətlərimiz miskin bəraətləriylə, dirilər və qalib gəlmək iddiasında olanların hamısı meydan sulayıb, özlərinin haqlı olduqlarını hətta sübuta da yetirərdi. Ona görə bu fikri elə belə də qəbul edək.
Qalib qalib olduğu üçün heç vaxt mühakimə edilməz. Məğlubiyyət - qəbul olunmur, çünki nəticə arzuolunmazdır.
Biz bu gün tamam başqa tarixdən və şəxsiyyətdən danışacağıq. O tarixdən ki, qəhrəman ola biləcəyi halda məğlub, intellekt və ziya işığında görünən və daim görünəcək güclü şəxsiyyət olduğu halda zəif və aciz imicindən tarixin boz səhifəsindən bu saat da öz narahat ruhu ilə bizə boylanır və deyir: “Aldanmayın… aldanmaq faciəsi yaman olur”.
Və biz sizinlə bu gün öz inamında yanılan İNSANdan, yaxud öz yalanlarına hədəf olan Nəriman Nərimanovdan danışacağıq.
O Nərimanovdan ki, inamında əxlaqlı olduğundan yanılan şərqli insanı idi.
O Nərimanovdan ki, ideologiyasını siyasətinə köçürməyi bacarmırdı.
O Nərimanovdan ki, məxsus olduğu xalqın taleyində istəyinə rəğmən “arzuolunmaz tarixi faciənin iştirakçısı” idi.
O Nərimanovdan ki, mütləq qəbul edəcəyimiz həqiqətlərlə bərabər, çirkli zaman içində yaşasa da, çirklənmədiyini də etiraf etməliyik.
O Nərimanovdan ki, ona “bizim Doktor”, yəni təbibimiz deyirdik. Loğman deyərdik. El atası bilərdik və əlbəttə ki, inanardıq!
Vaxt vardı, “qara camaat”ın cavabı mümkünsüz suallarının və “Şərqin idarəedilməz kütlə üsyanının” qarşısına qocanı... Nərimanı çıxarırdılar.
Onun verdiyi sözlərlə, məsləhətlərlə ən dəhşətli iğtişaşlar belə yatırılırdı. Çünki ona inanırdılar! Təbii ki, sonralar özünün də xəbəri olmadan bu inam, bu məsləhətlər nəinki onun özünə, hətta xalqının, vətəninin əleyhinə bir ehtikar alətinə çevriləcəkdi.
Nərimanov öz aldanışını duysa da, hərdən nəyisə dəyişmək cəhdində israr etsə də, qüdrətli deyildi!
Həm də o, bu cəbhədə, bu meydanda TƏK idi! Anlayırsınızmı?
Təklik isə dəhşətli aqibətdir.
Bəziləri onunla bir yerdə deyildilər... ona görə ki, onunla əqidəcə zidd idilər.
Bəziləri onunla bir yerdə deyildilər... ona görə ki, bu meydanda mənafeləri toqquşurdu.
Bəziləri isə onunla bir yerdə deyildilər... ona görə ki, batırılacaq gəminin, yox ediləcək Kapitanın məhvində maraqlı idilər.
Nərimanov düşüncəsində bu respublikanın “bütün Şərqə nümunə” ola biləcəyinə həm böyük inam, həm də intəhasız bir istək vardı. Sonralar bu istək - Atatürklə ilgili məsələlərdə - müzakirə obyekti olacaqdı.
Amma o zaman Nərimanov Leninlə davamlı olaraq məhz bu mövzunu gündəmdə saxlayırdı. Nərimanova bu məsələdə inam da “Mərkəzdə yoldaş Leninin hüzurunda Azərbaycan cümhuriyyəti və onun istiqlalı haqqında müzakirədə idik”, “milli işlər üzrə xalq komissarı Stalinin də “Müstəqil Sovet Azərbaycanının siyasətini bəyəndiyi” kimi gəldiyi yekun fikirləri yaratmışdı.
Hərçənd, bəzən bu fikirləri səsləndirsə də, anlaşılmazlıqlar içində dolaşıb qalması da fakt idi. Yetərdi ki, bu anlaşılmazlıqlar onu düşünməyə vadar edəydi.
Üstəlik, “Şərqli şərəfi və şərqli namusu” faktorunu nəzərə alsaq, bu zamanın “siyasət dalanında” tək və köməksiz qalması da istisna hal olmayacaq.
Bu cür şərtlər içində milli kimlik, yaxud milli təəssüb o qədər də ehtiyatlı olmaq demək deyildi. Milli
dövlətçilik marağında, həmçinin azadlıq istəyində israrlı olanlara qarşı əsas arqument, həmişə olduğu kimi, indi də silah idi!
Bu da belə müstəqillik idi. Nərimanov da, öz siyasi fəaliyyətində bu silahı (müstəqilliyi) əldən vermək istəmirdi. Yalnız yerli xalqın psixologiyasını bilən bir nüfuz bu siyasi xətti seçə bilərdi.
Və biz də unutmayaq ki, 1918-ci ildə sovetlərin məlum təcrübəsindən Nərimanov da özünə aid ola biləcək ibrət dərsini almışdı.
Nərimanov məmləkətinə olan anlaşılmaz münasibətə aydınlıq gətirmək, onunla hesablaşmadan, amma onun adından ölkəsinin taleyini həll edənlərə gözübağlı tabe ola bilmirdi. Mərkəzə, Leninə zəif olsa da, etiraz edir, ondan verdiyi sözə və vədlərə sədaqət umurdu.
Daha sonra söz sahibləri dediyi “söz”ün girovuna çevrilmək aqibətindən xoşlanmadılar.
Qarşı tərəfin sədaqəti israrlı tələbə çevrildi. Xəbərdarlıq dərsi verilsə də...
Nərimanov susmaq istəmədi. Nəhayətdə onu susdurdular...
Artıq maraqlı tərəflərin marağına tuş gəlmiş Qocanın – Nərimanovun (son zamanlar onu belə adlandırırdılar) – zaman şərtlərini də yada salaq.
Zamanında “qoca”nın oğluna yazdığı yarımçıq, bitməmiş məktubu bir daha xatırlayaq: “Əlbəttə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm.
30 il! Bu müddət ərzində bəzi şeylər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan…”
Nərimanovun (“qoca”nın) ürək çırpıntılarına bir də nəzər salaq. Bu dəfə daha ayıq və daha sayıq:
“Digər tərəfdən isə həmin vaxtı təsəvvür etdikdə, bütün şəraiti, həyatımın keçdiyi dolanbac yolları nəzərə aldıqda, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və imkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdi ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim”.
Bəli... Deyəsən çilçıraqlar artıq yandı axı...
Ən maraqlısı isə, yaxud acınacaqlı tale bu idi ki, Nərimanov bu cür məslək və vicdan ilə hələ bir başqa səhifələrə də imza atacaqdı.
“Nərimanov Qızıl Orduyla bir yerdə olmalıdır. Əks təqdirdə, işi davam etdirmək mümkün deyil” - bu təlaşı keçirənlər Bakıdan RSFSR xarici işlər üzrə Xalq Komissarılığına vurulan teleqramla bildirmişdilər.
Çünki çox az müddətə “süngü gücünə hakimiyyəti ələ keçirmək” tarix boyu baş verən ənənəvi siyasi mexanizm olsa da, silahın, zorun qələbəsi güclə qərar tutan, bünövrəsi laxlayan binanın aqibətinə bənzərdir. Bolşeviklər də bunu anladıqlarından ideoloji silahın mümkünsüzlüyünü qəbul etdilər.
Və “fəhlə-kəndli hökuməti” bu YENİ HƏYAT tərzi işinə peşəkarcasına yanaşdıqlarından, burda psixoloji yanaşmanın mütləqliyini vacib sayırdılar. Daha böyük, silahdan daha güclü dayaq üçün isə xalq arasında nüfuz sahibi milli kadr - liderə ehtiyac vardı!
O zaman Bakıya və Bakı müsəlmanlarına yaxşı bələd olan və inanılan N.Nərimanov alternativsiz namizəd idi.
Elə bu məqsədlə Nərimanov xüsusi missiya ilə Bakıya – Azərbaycana ezam edildi. Hətta yola düşməzdən əvvəl, aprelin 18-də Lenin Nərimanovu qəbul etdi. Bir saatlıq ümidlə, nikbinliklə dolu söhbətdə Azərbaycanın sovetləşməsindən Şərqlə bağlı gözəl gələcəkli müzakirələr edildi. Bəlkə də bu sevincdən hələ özünə gəlməmiş onu: “Azərbaycanı başdan-başa qarət edirlər, ağına-bozuna baxmadan adamları güllələyirlər” kimi xəbərlərlə məlumatlandırdılar?
Şəhərdə qarət həftəsi və başqa özbaşınalıqlar edən inqilabçılar, hələ şəhərə gəlməyinə yarım ay qalmış olduğu halda Nərimanovu “İnqilab Komitəsinin Sədri və Xarici İşlər Komissarı” elan etmişdilər. Paradoks? Xeyr, düşünülmüş siyasət!
Axı xalq arasında bu yeni quruluşa, onun etdiyi vəhşiliyə rəğmən, etimad qazandırmaq lazım idi. Azərbaycan üçün xüsusi canfəşanlıq göstərən A.Mikoyan isə mayın 5-də partiya konfransında sevinclə elan etdi: “Qafqaz müsəlman fəhlə və kəndli kütlələrinin rəhbəri, Azərbaycanda partiyamızın rəhbəri Nərimanov yoldaş Rusiyadadır və buraya gələcəkdir”.
Mayın 13-də Stalinin teleqramı Orconikidzeyə və Kirova çatdı: “Nərimanov 1 həftə bundan əvvəl çıxıb”.
Nərimanova “Öz bildiyin kimi hərəkət et” xeyir-duasından 1 ay keçməmiş, Lenin Orconikidzeyə
teleqram göndərərək, Azərbaycanın bütün xarici və daxili siyasətinə rəhbərliyi ona həvalə etdi: “Mərkəz ancaq Serqo Orconikidzeyə etibar edir”.
Nərimanovun gəlişinə qədər, mayın birinci yarısı Naxçıvan qəzasından başqa, demək olar ki, bütün Azərbaycanda sovet hakimiyyəti qurulmuşdu. Nərimanov bu şouda rejissor seçimində olsa da, epizod - kütləvi səhnə iştirakçısına çevriləcəkdi. Ancaq bu hələ qarşıda idi... Bunu o, sonralar anlayacaqdı: “Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm. Mən bütün varlığımla harada olursa-olsun köləliyin əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım. Bəlkə də sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq. Ancaq bu o demək deyil ki, bolşevizm lazım deyil. Bu ona dəlalət edəcək ki, biz onu qoruya bilməmiş, ona lazımi qiymət verməmiş, işimizə pis yanaşmışıq. Açıq demək lazımdır: biz əldə etdiyimiz hakimiyyətdən o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə və çəkişmələrlə məşğul olaraq, əsl işi əldən buraxmışıq. Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: hakimiyyət bir çox görkəmli işçiləri korladı. Onlar nəhəng bir dövlətin müqəddəratını öz əllərinə almaq və diktator olmaq qərarına gəldilər”.
Bəli, nə qədər təkrar edilib, təsdiq edilsə də ki faciəni rejim yaradır, amma rejimi də, qələbəni də, süqutu da, hətta məğlubiyyəti də insan yaradır. Bu, birmənalıdır. Və heç bir düzəliş də qəbul etmir!
Güllə atmadan ölkəni ələ keçirmiş hakimiyyət üçün Nərimanov artıq “anlaşılmaz” idi. Və Nərimanov öz anlaşılmaz mövqeyi ilə, həm Moskvanın, həm də Bakıdakı Mikoyan və Orconikidzelərin nəzərində millətçiliyi aydın sezilən arzuolunmaza çevrilirdi.
Əslində, bu cizgisiylə o, “hədəf”ini bəlli etmişdi. Hədəfi bəlli olanların isə hürriyyəti öz əlində olmaz ki!!!
Qonşu respublika hələ sovetləşməyə qədəm qoymamış Azərbaycanda qələbədən 1 ay ötməmiş əksinqilabi siyasi aksiya - Gəncə qiyamı baş verdi. Bu da yeni hökumət başçılarını və mərkəzi müvafiq nəticə çıxarmağı sövq etdi. Lenin 2 iyun tarixli teleqrafla: “Qərb cəbhəsində vəziyyət pis imiş, buna görə istənilən diviziyanı ora vermək, Qafqaz cəbhəsindən isə götürmək olmaz. Çünki orda üsyanlar baş verir, vəziyyət olduqca qorxuludur” göstərişi verdi.
Qanlı proseslər başladı. Sovet mənbələrinin etiraflarına görə 24-cü ilədək geniş miqyaslı üsyanlar baş vermişdi. Gəncə, Tərtər, Şuşa, Qarabağ, Şəki, Zaqatala, Lənkəran, Quba və s. üsyanlar aylarla davam edirdi. Gəncə üsyanının elə sabahı günü Nargin adasında 79 nəfər güllələndi. Üsyanı “Müsavat provokasiyasının yekunu” kimi qiymətləndirən Nərimanov faciəni belə təsvir etmişdi: “Gəncədə qan su yerinə axır. Ayağı yalın, başıaçıq halda qadınlar, uşaqlar şəhərdən qaçır, dəhşətdir”. Gənc kommunistlər isə xüsusi canfəşanlıqla özbaşınalıq və fəallıq edirdilər.
Noyabrın 1-də Nərimanov yoldaş şəxsən özü, Mikoyan və Orconikidzenin təkidi ilə “Gəncədəki xüsusi xidmətlərə görə” Həmid Sultanov yoldaşa hökumət təltiflərini təqdim etdi. Əliməmməd Mustafayev isə canlı iştirakçı kimi, 1920-ci ildə Gəncədəki üsyandan sonra Həmid Sultanovun bolşevik şücaətini və Çaykənddəki erməni adlı türk qadınlarının söhbətini xatırlayırdı...
Üsyanı yatırmaq üçün Bakıdan Gəncəyə Daxili işlər komissarı H.Sultanov xüsusi səlahiyyətli müvəkkil təyin edilir və Qızıl Orduya rəhbərlik edir. Qanlı proseslərlə üsyan yatırılır. Qatarla Bakıya, oradan da Narginə göndərilən “Gəncə üsyançıları” - 79 nəfər müsavatçı güllələnir. Sonra meyitləri dənizə atırlar.
Həmid Sultanov Bakı Sovetinin eyvanından böyük sevinclə: “Bu, böyük qələbədir. Sovet Azərbaycanını Müsavat düşmənlərindən, pantürkistlərdən qorumaq üçün isə, çox təəssüf ki, sonuncu müharibə olmayacaq. Nə qədər qan, ya göz yaşı axacaq, fərqi yoxdur” - bəyanatını vermişdi.
Əl çalaraq onu alqışlayan kütləyə kepkasını yelləyən Həmid Sultanov belə demişdi: “Camaat, bilin və agah olun. Mən Gəncədə bir nəfər də başıpapaqlı qoymadım qalsın! Hamısını al qana boyadım. Harada baş qaldıran olsa, eyni aqibət təkrar olunacaq, söz verirəm!”
Və... Nərimanov artıq çabalayırdı.
Çaykənddə “erməni qızları” söhbət edirlər...
Haykanuş, yəni Kübra: “Bizim faciəmiz, fəlakətimizdən də böyükdür. 20-ci ilin iyulunda bizi - Gəncədə zadəgan, bəy nəslindən nə qədər qadın-qız varsa, Qızıl ordunun səlahiyyətlisi əsir götürtdü. Ata, əmi, qardaşlarımızı Qızıl ordu ilə bərabər “Müsəlman fövqəladə komissarı” güllələdi. Analarımızı bizdən ayırıb, xala və bibilərimizlə yük maşınlarında Bakıya apardılar. Bakıdan gəlmiş Komissar bizdən:
- Siz gimnaziyada oxuyan bəy qızlarısız, hə? – deyə qəzəblə soruşub, yanındakı müsəlman olmayan digər komissara:
- Verin bu mülkədar, bəy qızlarını... ermənilərə arvadlıq eləsinlər. Dərs olar bəylərə...” - dedi. Bax beləcə biz Çaykənd ermənilərinin olduq. Zülmlə erməniləşdik”.
Nə qədər acınacaqlı olsa da, bəli, o heç nə edə bilmirdi və ya etməkdən ehtiyatlanırdı.
...Sonralar vəziyyətlə əyani tanışlıq və yardım məqsədilə Nərimanov qəzalara səfərə çıxdı. Müvafiq tədbirlər, dekretlər, əhaliylə gərgin münasibətin nisbətən aradan götürülməsi üçün mərkəz yenə də kütlənin qəbul edəcəyi yeganə lider rolunda gördüyü Nərimanovu qabağa verdi.
Xalq ona – özününkünə inanırdı.
Yerli əhali ilə görüşündə kəndlilər göz yaşları içində ona: “Əziz Nərimanov! Siz harada idiniz? Heyf ki, siz burda deyildiniz. Siz burda olsaydınız, heç bir şey də baş verməzdi. Biz rəhmsizcəsinə aldanmışıq!!!” - deyirdilər.
Əslində, bu cür şikayət, bu cür ağrıdan sonra deyil, bir xeyli sonra - avqustda BK-da Mikoyan və Mirzəyan təyinatlarından sonra Nərimanov: “Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablaşmış bütöv bir plandır… Kommunizm bayrağı altında daşnaklar öz işini görür” - deyəcəkdi.
Stalinin azərbaycanlı N.Nərimanovun “müsəlman” bolşevik siyasətini yürütməsi ilə bağlı RSFSR Xarici işlər üzrə xalq komissarı Çiçerinə məktubu:
(Smolensk, 16 avqust 1919-il)
“Yuxarıda sadalanan məsələlərlə bağlı mən yoldaş Leninlə bu sualın həlli naminə MK-da gündəmdə olmasını xahiş etdim. Karaxanın (Lev Mixayloviç Karaxan (Karaxanyan) - RSFSR-in xarici işlər komissarının müavini) ortabab partiya hazırlığı olan hər hansı bir müsəlmanla əvəz edilməsi təcili həll edilməli bir məsələdir. Şəxsən Nərimanov, mənim fikrimcə, belə müsəlman kadrlardan biridir. Həm də onun uzaq perspektivli, geniş dünyagörüşlü partiyaçı olmaması bizə daha çox sərf edir. Belə ki, o yox, bütün məsələləri MK, Narkomotdel həll etdiyi halda, o, ancaq icra edər. Nərimanov bizə əlimizdə qaldırdığımız bayraq kimi gərəkdir! Bir dekorasiya kimi. Sizdə bu məsələyə maraq oyandısa, nəzərinizə çatdırım ki, yoldaş Lenin də bununla razılaşdı.
Məhz belə dəyişiklik müsəlmanlar üçün xüsusi əhəmiyyət kəsb edəcək və işlər bir az da müsbətə doğru gedər. Nərimanovun siyasətdə səriştəsizliyi, Uzaq Şərqlə tanış olmaması, artıq qocaldığından, müstəvi müəyyən etməsində çevik olmamasına görə etiraz edənlərə isə mən Nərimanovun heç bir xüsusiyyətinin bu dekorasiyada mənimçün bir əhəmiyyət daşımamasını qeyd edərək, təkar edirəm: Mən heç bir vaxt Nərimanovun Şərq siyasəti ilə məşğul olacağını güman etməmişəm. O bizə dekor tək gərəkdir! ( Nərimanov şəxsi mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Ondan başqa, iki rus millətindən olan “şərq” profilli işçilər olmalıdır (hər halda, erməni milliyyətindən qəti imtina edirəm)”.
Amma nə qədər “səriştəsiz” olsa da, Nərimanov artıq tam əmin idi ki, nəinki zəhmətkeşlər arasında
mütəşəkkillik və birlik yoxdur, Azərbaycanın taleyini həll edəcək taleyüklü məsələlərdə belə yerli kommunistlər, partiya yoldaşları arasında daha dərin, daha şəxsi ixtilaflar mövcuddur.
Azərbaycanın sovetləşməsi dövründə ilk partiya qurultayı AK(b)P-2-ci qurultayı oktyabrın 16-da
başladı. Qurultayı Nərimanov açsa da, təmkin və ahəstə nitq söyləsə də, əvvəldən qərarlaşdırılmış əks kompaniya hücuma keçməyə bilməzdi. Nərimanovun məruzəsi və fəaliyyətinin ziddinə kəskin tənqidlə bəyan etdi: “Azərbaycanın vahid siyasi xətti yoxdur. Biz ilk növbədə özümüz də inqilab etməliyik”
İstənilən başqa dəyər verə bilmək gücü ilə boy vermək, hədəfi müəyyən etmək isə hədəfə çevrilmək demək idi.
Və Nərimanov HƏDƏF idi.
O, yerli nüfuz, Şərq nüfuzu olmasını istəyirdi axı.
Nərimanov belə mövqeyinə görə artıq “millətçi” damğasını da qazanmışdı.
Burjuaziyadan və sahibkarlıqdan amansız intiqam almağa meylli QIRMIZILAR isə “Biz milyonçu Tağıyevin kostyumunu soyundurub, neft çıxaran rus fəhləsinə, onun cındırını isə Tağıyevə geyindirməliyik” tələbini edirdilər. Nərimanov varlı təbəqəyə münasibətdə Şərq adət və ənənləriylə hesablaşmağı labüd sayırdı.
“Biz sahibkarların mədən və zavodlarını, fabriklərini, banklarını, tanklarını, hər növ istehsalat vəsaitlərini, məişət binalarını da aldıq. Lakin bəzi yoldaşlar çox təəssüf ki, təklif edirlər ki, Tağıyev, Nağıyevlərin və sair burjuaziyanın nəinki kostyumlarını, hətta onların qadınlarının bəzəkləri və geyimlərini də soyundurub almalıyıq. Bunu onlar burjuaziyanın ekspropriasiyası adlandırırlar. Əgər belə etsək, nəinki o burjuaziya, hətta həmin fabrik və zavod fəhlələri də bizə qarşı düşmən mövqedə olacaqlar. Bura Şərqdir, burda namus məsələsi var”.
Nərimanov demədiyi, amma iç siyasəti və daxili əxlaqında mövcud olan “Bura ŞƏRQdir! Şərqin sahiblik haqqı – onun nüfuzlu insanında olmalıdır!” iddiasından əl çəkmirdi.
Bədbəxt millət hardan biləydi ki, bu təfəkkür sahibləri düşünərək, bu məmləkətin seçmiş, qəsdən əxlaqlı insanlarının əxlaqı ilə oynamaq, ləyaqətlilərin ləyaqətlərini sındırmaq, onları əzilmiş mövqeyə gətirib çıxarmaq istəyində KİM-KİMİ yarışına başlamışdılar.
Düşünərək, bu milləti natamamlıq kompleksinə gətirib çıxarmaq planı... İlginc planmış, deyilmi?
Həm də... Nərimanov düşündüklərini həyata keçirə bilmirdi axı.
“Bolşeviklər hakimiyyətə gəlməklə... tək Azərbaycanı yox, bütöv Şərqi xilas edəcək” - səhvindən sonra da Nərimanov Leninə “Azərbaycanın bolşeviklərə inamı itib” fikrini təlqin etmək istəyirdi. O, Leninə yazırdı: “Şərq daha bizə inanmır. Məzlum kütlə bizdən üz döndərib. Mən qəti surətdə bildirirəm ki, əgər siz bizim bir millət kimi qırılmağımıza və ərazilərimizin tam mübahisəsiz Ermənistana verilməsinə diqqət yetirməsəniz, məcbur olacağıq ki, Mərkəz qarşısında bizim geri çağırılmağımız barədə məsələ qoyaq. Onda qoy tarixən dolaşıq milli məsələləri belə asanlıqla həll edənlər bura gəlsinlər”.
Kirov isə Leninə teleqram vururdu: “Starik mne meşaet!!!”
Bu ifadə hər iki tərəfə bəlli eyham idi!
Bu, yerlərdə strateji güc sahiblərinə maneənin təhlükə olması işarəsi idi.
Bu, atılacaq addıma start komandası idi.
Nərimanova inanmaq olmaz! - fikrində təkid edirdi. “Starik”, yəni Nərimanov susdurulmalı idi.
Nərimanov “Ucqarlarımızdakı inqilabımızın tarixinə dair” kitabında yazır: “Qorxaq o kəsdir ki, vəzifəsindən ötrü alçaqcasına yalan deyir. İmam Hüseyn tabe olsun deyə, vicdanını qızıla satsın. Yezid ona bütöv bir şəhərin idarəsini də təklif edir, amma o bu təklifi qəbul etmir, həlak olur”.
Düzdür....Nərimanov vicdanını satmadı, amma imam Hüseynin qəbul etmədiyini qəbul etdi. Bu isə onun artıq hədəfini tam müəyyən etməsi kimi anlaşılacaq bir seçim idi. Sonucu bizə indi bəlli olacaq bir seçim.
Nərimanov da bütün bağışlanan torpaqların qəhrəmanı kimi təqdim edilsə də, əslində heç də belə deyildi. Sonradan ayılma prosesində konkret əməllərin, konkret sahibi adı altında bolşevik və daşnakların “özündən özünə” düşmən düzəltmək planı idi bu. Nərimanov bu alçaq oyunu saxlamaq istəsə də, güclü müqavimət göstərə bilmirdi. Bacarmayıb oyundan getmək istəyəndə, onu susdurdular. Çünki artıq tamaşa başlanmışdı. İmtina etmək, oyunu pozmaq olmazdı. Bu bir başqa məsələ ki, oyuna qədər tamaşanın fabulasını bilmək və oynayacağın rolun statusunu dərk etmək lazım idi. Dərk edərək oyuna girmək lazım idi ki, sonradan peşman olmayasan.
“Bu günlərdə Qarabağa yola düşürük”.
1920-ci il iyunun 9-da Leninə məlumat göndərilmişdi. HƏDƏF isə Azərbaycan İnqilab Komitəsi idi.
Azərbaycan ali idarə orqanının “...qəti surətdə Dağlıq Qarabağı Azərbaycana birləşdirmək”
məzmunlu ilk aktının Müsavat ultimatumunu xatırlatdığını vurğulayırdılar: “Dağlıq Qarabağı Azərbaycana ultimativ və zorakı birləşdirmək siyasəti indiyədək Türkiyənin, Antanta və Müsavatın olmuşdur”.
Bu “xatırlatma” hədəfi müəyyən etmək və zərbəni hədəfə yönəltmək taktikası idi!!!
Və bunun nə demək olduğunu kim bilməsə də, Nərimanov anlamalıydı axı. Nərimanov dəyişən müstəvini də, onun miqyasını da zamanında görməli idi ki, girdikləri oyunu məğlub tərk etməsinlər. Amma anlaşılmadı.
Rusiya hökumətinin ərazi konfliktlərinə yalnız siyasi mənafeyə uyğun prizmadan baxması Azərbaycan hökumətinin nüfuzuna sarsıdıcı zərbə idi. Günün reallığına uyğunlaşdırılan qərarlar Azərbaycana ardıcıl, qətiyyətli mövqe tutmağa imkan vermirdi. Çiçerin iyunun 2-də Orcenikidzeyə yazırdı: “Daşnak hökuməti ilə kompromisə nail olmaq bizə vacibdir. Bu arada Azərbaycan hökumətinin Qarabağ və Zəngəzur mübahisəli hesab etməyinə nail olmağı xahiş edirik”.
Orcenikidze Çiçerinə vəd edirdi: “Mənim fikrim belədir: Qarabağ və Zəngəzuru təcili Azərbaycana birləşdirmək. Mən Azərbaycanı məcbur edərəm bu vilayətlərə muxtariyyat versin. Lakin bu, Azərbaycan tərəfindən olmalıdır, amma heç bir halda müqavilədə göstərilməməlidir”.
N.Nərimanov məsələnin qoyuluşu ilə məcburən razılığını bildirsə də: “Naxçıvan, Şərur-Dərələyəz qəzası, Ordubad, Qarabağ və Zəngəzur Azərbaycanın mübahisəsiz hissələridir” cavabını verəndə belə, BU hədəfini nəzarətdə saxlamağı düşünürdü.
Təbii ki, bizə də hələ İNDİ bəllidir ki, belə məqamlarda Nərimanov yeganə ümidini Leninə bağlayırdı:
“Mən bilmək istəyirdim ki, mərkəz biz müsəlmanlara necə baxır və belə mühüm məsələləri bizsiz necə həll edə bilir...”
Nərimanov Leninə guya ki, onun xəbərsiz olduğu olayları anlatmağa səy edir: “...Mən açığını deyəcəyəm: mərkəz Qarabağ və s. haqqında qərarları ilə bizim “silah”ımızı (kursiv bizimdir - M.Ə) əlimizdən aldı, hər zaman müsəlman kommunistlərin Azərbaycanı Rusiyaya satdığını söyləyən “müsavat provokasiyasını” (kursiv bizimdir - M.Ə) gücləndirdi, əsaslandırdı: Həmin Rusiyaya ki, eyni vaxtda Ermənistanın və Gürcüstanın müstəqilliyini tanıyır və nədənsə Azərbaycanda sovet hakimiyyəti qurulanadək mübahisəsiz vilayətləri indi mübahisəli hesab edir... Mərkəz bizi şirma olmağa məcbur edir”.
Bununla da Nərimanov Leninə onun Şərqlə bağlı gərək olduğu MESAJI verdiyini güman edirdi.
Milli kommunistlər aldanmışdılar. Qızıl Ordunun gəlişinə qədər Azərbaycanın “mübahisəsiz” əraziləri artıq “mübahisəli” ərazilərə çevrilirdi.
Rusiya və Ermənistan danışıqlarının nəticəsi olan İrəvan sazişində Zəngəzur və Naxçıvanın Ermənistana keçməsi, Qarabağdan isə imtina (Ermənistan tərəfindən) nəzərdə tutulurdu. Bu məsələ noyabrın 4-də AK(b)P MK Siyasi və RK(b)P MK Qafqaz bürolarının birgə iclasında müzakirə olunarkən Ermənistanda hələ daşnak hökuməti olduğundan Naxçıvan və Zəngəzurun ona verilməsi “nə siyasi, nə də strateji cəhətdən sərfəli” sayılmamışdı. Amma baş tutacağı təqdirdə, bəhs edilən yerlərə dair fikir əsaslandırılması - nə yazıq ki - Nərimanova tapşırılmışdı. Bu məqam isə şərqli insanın inamında yanılması və ya döyüş meydanda məğlub olduğunu anlaması, son dayanacaq, “tupik” (dalan) vəziyyəti idi.
Nərimanovun siyasi bioqrafiyasına kölgə salan, aylarla etdiyi ardıcıl mübarizəsini heçə endirən noyabr iclaslarının ərazi təyinatlı qərarları Azərbaycan xalqını məşum sonluğa çatdırırdı.
“Zəngəzur və Naxçıvan Ermənistana keçir; Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilir; Sovet Azərbaycanı Sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat ittifaqı bağlayır (xüsusilə, neft haqqında göstərilsin)”.
Ermənistan əleyhinə hərbi əməliyyatların dayandırılması qərara alınaraq, Bakı Sovetinin plenumunda
Ermənistanda Sovet çevrilişi haqqında xəbər vermək və bəyanatı elan etmək Nərimanova həvalə olunurdu: “Mütləq şəkildə bu işlərin sizin tərəfinizdən həyata keçirilməsini təklif edirəm”.
Nərimanov hökumət başçısı rolunu səhəri gün, dekabrın 1-də ifa etdi və bu bəyanat tarixdə “Nərimanov bəyanatı” kimi ona bir daha təmizlənməyəcək günahkar statusunu qazandırdı.
Nərimanov: “Əgər Azərbaycanın müsəlman kommunistlərinin əksəriyyəti millətçilik əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru almazdı, Gürcüstana müftə neft verilməzdi”.
Nərimanov tam səmimi idi. Anlaşılan da bu idi. Azərbaycandakı milli kommunistlər öz əlləri ilə
yıxdıqlarını dikəldə bilmədiklərinin də fərqində idilər.
“Nərimanov Bəyanatına ” əsasən Zəngəzurun təxminən 4504,5 kv.km ərazisi Ermənistana keçirdi.
Anlaşılmazlıq içində köməksiz və tənhalığı daha aydın görünən - Nərimanovun yanıldığına əmin olurdu. Və onun baş verən hadisələrə getdikcə daha tez tabe olması isə zamanın, ya özünüdərkin diktəsi idi?
.... nə idi?
Bəhanə?
Palaza bürünüb, sürünmək?
Yoxsa bəraət axtarışı???
Düşünülmüş şəkildə bu müstəviyə keçən şəxsin məhz bu seçimi ürək əzicidir!
Bu müstəvidə Nərimanovun məhz mərkəzin tez-tez dəyişən qərarına İSTİNAD etməsi məni ağrıdır.
Əgər doğrudan da hadisələrdən bu sonuc alınırsa, onun narahatlığı anlaşılandır.
Hansı narahatlıq???
Tarixin artıq yazıldığını görərək, onunla barışmaq?
Bəlkə bu taktika ilə bir başqa mübarizə apara bilmək metodu?
Tarixin soyuq təhlili təəssüf ki, bunları təsdiq etmir.
Ancaq Nərimanovun oğluna məktubları bizi yenə də düşünməyə vadar edir.
“Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənsə, həmin adamı bir müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını büruzə verəcəkdir. Buna görə də əgər sən kütləni müvəffəqiyyətlə, aldatmadan, öz arxanca aparmağa hazır deyilsənsə, yaxşısı budur, bu işdən imtina et… Əgər kütlə (fəhlələr və kəndlilər) sənə qiymət qoyurlarsa, sənin hakimiyyət başında qalmağını labüd hesab edirlərsə, sənə inanırlarsa və bu inamla əlaqədar ümumi işə müəyyən mənfəət verəcəksənsə, onda imtina etmə. Əgər sən zərrə qədər də olsa hiss etsən ki, səni seçməyə kimsə məcbur edir, onda imtina et. Əks halda, sən nəinki kütlənin, hətta öz qarşında da ləyaqətini itirərsən. Hər dəfə dərk edəndə ki, səni hakimiyyətə qabiliyyətin üçün deyil, məcburən təyin etmişlər, onda sən daim vicdan əzabı çəkəcək, öz mənliyini təkcə kütlə qarşısında deyil, habelə öz qarşında da itirəcəksən. Sənin dünyagörüşündəki sonrakı pozulma məhz buradan başlayacaqdır. Bu, ictimai xadimin həyatında ən qorxulu andır”.
Bəli, Nərimanov bolşeviklərin siyasi oyununda “lider” olmağı qəbul etsə də, bu siyasətin böyük oyununda kiçik oyunçu olmaq istəmirdi.
Cavablanması mütləq olan bir sual yaranır.
Nərimanovu qane etməyən “kiçik oyunçu bölgüsü” idi, yoxsa “siyasətdə oyun prinsipi”?
Mən Nərimanovun siyasətdə naşı, amma həyatda Şərq Şərəfini daşıyan bir kişi olmasına inanmaq istəyirəm. Araşdırmadan sonra isə şübhədən qaçmağa cəhd etsəm də, müstəvinin dəyişməsi və müstəvi ilə mövqeyin də dəyişməsini də etiraf etməyə bilmirəm.
Nərimanov inanmasa da, əvvəldən nəzərdə tutulmuş sovet dövlətinin qeyri-ardıcıl, qeyri-prinsipial “Şərq siyasəti”nin iflasa uğraması labüdlük idi.
Nərmanov deyirdi: “Şərqdə Sovet Rusiyasındakından fərqli taktika yeritmək lazımdır. Yerli əhalinin ruhuna və mənəviyyatına uyğun taktika lazımdır. Sovetlər məkanında görülən tədbirlərə veriləcək reaksiyanı nəzərə alıb düşünülməmiş addımlar atılarsa, Şərqin Rusiyadan üz döndərəcəyi ehtimalı daha da artır”.
Təlaş da elə bu idi!!!
Nərimanovun “Şərq Siyasətinin iflası!” mesajı!!!
Nərimanovun bu sahədə də mövqeyi və baxışları fərqli olduğundan sonralar ona “millətçi liberal burjuaziya ziyalısı” adını qazandırsa da, o zaman üçün xüsusi bir qəhrəman ittihamı idi.
Nərimanov da... Nərimanov belə münasibətin məğzini AK(b)P II qurultayının tribunasında dəqiq
ifadə etmişdi: “Siz də deyirsiniz yerli şəraiti nəzərə almaq lazımdır, bunu sizə müsəlman kommunist deyəndə, ona o dəqiqə ona “millətçi pasportu” verirsiniz”.
Daxili siyasi ixtilafların kəskinləşməsi, 1920-ci ilin sonu üçün Azərbaycan hökumətinin səlahiyyətinin müəyyənləşdirməsi prosesini labüd etdi. Yenə də düşmən axtarışı başlandı.
“Partiyanı bütün mənsəbpərəst, mənfəətpərəst, hətta fitnəkar ünsürlərdən təmizləmək” müraciəti ilə təmizləmə kompaniyasının başlanğıcı qoyulurdu. N.Nərimanov və tərəfdarlarının sıxışdırılması başlanırdı. “Sol” qanad üstün mövqedə idi. Nərimanov mərkəzə müraciət etməyə məcbur idi: “Mən daha hökumət başında dayanaraq işi davam etdirə bilmərəm... Ali hakimiyyət və İcra komitəsi arasında daimi çəkişmələr olacaqdır ki, belə məsuliyyətli vaxtda arzuedilməzdir. Şirma olmağı isə mən istəmirəm”.
Nərimanovu millətçi kimi qələmə verən M.D.Hüseynov Çiçerinə yazmışdı: “Nərimanov sağ qanadda durur, mənsə sol, belə bir şəraitdə çətin ki, onunla işləmək mümkün olsun”.
Kommunistlər arasında daxili ixtilafları son dərəcə təəssüf doğuran hal hesab edən Lenin hər vəchlə məsələni yoluna qoymağa çalışırdı. Nərimanov mövqeyindən uzaqlaşdırılsa da, hakim dairələrdə mübarizə davam edirdi.
Nərimanov “Aramızda təmizləmə lazımdır” adlı məqalədə yazırdı: “....indiyədək aralarına soxulmuş keçmişi çirkli, müsavatçılara xidmət etmiş, milli inqilablarda qara camaatın fəlakətinə səbəb olmuş ziyalıların qollarından tutulub dışarı atılmalarının heç bir vəchlə qəbul edilmədiyi bildirildi. Bundan inciyən Azərbaycan gəncliyi məyus şəkildə kənara çəkildi. Bütün siyasi qüdrət müsəlman olmayanların əlində qaldı”.
Bəli!
Bu məntiq tamamən aydın şəkildə “kim-kimi” mübarizəsindən xəbər verir.
Bu cür bitməz-tükənməz, dolanbac manevrlər Nərimanovun missiyasına, şəxsiyyətinə təzadlı cizgilər gətirir.
Elə bu səbəbdən də Nərimanov birmənalı qəbul olunmur. “Nərimanov” imzalı sənədlər onun şəxsiyyətini parçalayacaq gücə malikdir!
Belə bir rakursun mövcudluğu diri ikən çətin ki, Nərimanov nə zamansa birmənalı qəbul edilsin.
Unutmayaq ki, hər bir zaman daxilində birmənalı qəbul olunmaqdan qorxulu mövqe də yoxdur!
Qalib gəlməsə də, həmişə haqlı olmasa da, biz cəsarətlə “onun insanlıq kölgəsi belə çirklənmədi!” deyə bilərik.
Çirkli zamanda, çirkli zaman şərtlərində bəmbəyaz təbib olaraq qaldı.
O, siyasətdə naşı, təbabətdə asıl, inamında güclü idi.
Amma...
P.S.
“Azərbaycan məktubları”
15 avqust 1920-ci ildə Ankara hökumətinin Azərbaycana səfir göndərdiyi Məmduh Şövkət Əsəndalı (1884-1952) 1920-ci ilin sentyabrından 1924-ci ilin martına qədər Bakıda Türkiyəni təmsil etdi. Səfir qurulmaqda olan Cümhuriyyətin liderinə, beynəlxalq ünsiyyət - əlaqə imkanlarının dairəsində Azərbaycanla bağlı müxtəlif məlumatlar verirdi. İndiyə qədər məxfi saxlanmış bu məlumatların biri, ya bir neçəsi Azərbaycanın milli kommunisti Nəriman Nərimanovdan bəhs etdiyindən, “Azərbaycan məktubları”na nəzər salaq:
“Xariciyyə vasitəsilə Mustafa Kamal Paşa həzrətlərinə” ünvanlanmış 7 yanvar 1923-cü il tarixli raport-məlumatda Azərbaycandakı siyasi firqələrin son vəziyyəti təsvir edilməklə, Ankara hökumətinin başçısında aydın təsəvvür yaradılmasına cəhd olunur. Azərbaycanda sovet hakimiyyətinin elan olunmasından sonra yalnız az nüfuzlu müxalif partiyaların deyil, hətta Müsavatın da zəiflədiyini, sovet hakimiyyətinə qarşı ancaq kiçik miqyaslı etirazlara qadir olduğunu xəbər verən səfir, Ankara hökumətinin başçısına bildirir ki, rusları qızışdırmamaq üçün müxalifətlə ehtiyatla davranmaq məsləhətdir.
Məğlub olmuş müxalifət, xüsusilə müsavatçılar “Türkiyənin özünü qurtarmaq üçün Azərbaycanı fəda etdiyi” düşüncəsindədirlər.
Daha sonra, Məmduh Şövkət Azərbaycanda milli vətənpərvərlik hissinin yüksəldiyini, vətənpərvərlərin əsasən, Müsavatla bağlı olduqlarını da qeyd edir. Lakin Rusiya tərəfindən müdafiə olunan kommunistlərin (bolşeviklərin) kifayət qədər möhkəmləndiklərini göstərir. Kommunist-bolşevik liderlərinin Türkiyədə gedən milli mücadilə, Cümhuriyyət quruculuğu hərəkatına münasibətinə gəldikdə “Azərbaycan kommunistləri içində Nərimanovdan başqa, bizim daxili idarəmiz ilə əlaqədar olan bir digərini görmədim. İçlərində bu qəbil şeyləri düşünən, məşğul olan adam yoxdur” - deyə məlumat verən səfir onu da əlavə edir ki, Azərbaycan kommunistlərinin əksəriyyəti “komitəçi”lik edirlər.
“Nərimanova gəlincə... Onun fikri bizim üsuli-intibahımız əleyhinədir. O, tüccara və tüccar kimi xalqın əməyini alıb-satanlara haqq-rəy verdiyimizə müntəzirdir. Fikrini dəfələrlə söyləmiş və yazmışdır. Və bizi gördükcə kommunistliyi deyil, Şura üsuli- idarəsini qəbulda nə məhzur görməkdə olduğumuzu sorar durar. Bu babda şu yaxın günlərdə yazdığı bir məqaləni göndərirəm”.
Məmduh Şövkətin Ankara hökumətinin lideri Mustafa Kamal Paşaya verdiyi ən maraqlı məlumat isə bundan ibarətdir: “Nərimanın başlıca həqiqət nöqtəsi Şərq dahiliyi məsələsidir. Nərimana burada “Şərqin dahisi, Qərbin dahisi” deyə bir isim qoydular. O, bundan məmnundur. Şərqin ən böyük adamı olmaq istər. Və kəndisinə indiki halda İranda, Əfqanıstanda, Türküstanda rəqib yoxdur”.
Nəriman Nərimanovla, görünür, bir neçə dəfə görüşmüş səfir, məktubuna əlavə edir: “Ancaq Türkiyədə vardır. Suallarında daima bu həqiqi rəqabət qoxusu istişmam olunur”.
Nəriman Nərimanovun Ankara hökumətinin (Mustafa Kamal paşanın) yürütdüyü siyasəti bəyənməməsi barədə deyilənlər tamamilə anlaşılandır, Mustafa Kamal paşanı özünə yeganə rəqib sayması barədəki məlumat isə, doğrudan-doğruya, düşündürücüdür...
“Azərbaycan türk bolşevikləri içində ən gözə çarpan şəxsiyyət Nəriman olduğuna şübhə yoxdur. Sair türk bolşeviklərindən heç birinin ruslar nəzdində Nəriman qədər mövqeyi yoxdur. Nərimandan sonra sırasilə Mirzə Davud, Behbud Şahtaxtinski, Qarayev gəlir” - deyən səfir onu da nəzərə çatdırır ki, “Nərimanovla Mirzə Davud arasında uzun müddət davam edən müazara nəhayət, Nərimanın qələbəsiylə nəticələndi. Mirzə Davud və kəndi arkadaşlarını ruslar Moskvaya aldırdılar”.
İndi gəlin bir də sonuc tapaq:
Nəriman Nərimanovla bağlı Atatürkü məlumatlandıran şəxsə inanmaq lazımmı?
Milli Azərbaycan “kommunistinin” yüksələn şöhrəti Atatürkə nə dərəcədə gərək idi?
Nərimanov şəxsiyyətinə sovetlərdən tam fərqli siyasi görüşə malik olan Mustafa Kamal paşa nədə
mane ola bilərdi?
Nəriman Nərimanov 1920-ci il “Azərbaycan təcrübəsindən” sonra, bütün Şərqi “sovetləşdirmək” məqsədini güdə bilərdimi?
Son tədqiqatlar - Nərimanovun Leninə olan son ümidində də yanılması faktından sonra, mübarizə mümkünsüzlüyü nədənindən hasil olan fəaliyyətsizliyi bunu təsdiq etmirmi??? Onun Böyük Sovet Rusiyasına qarşı getmək fikrində olmadığı, həmçinin sadəcə göz yaşlarıyla kifayətlənib, “siz mənə söz vermişdiniz” deyə Leninə şikayətlənməsi də, artıq faktdır axı...
“Şərqin xilaskarı” adlanan Nərimanov, vətəninin tamamən viran olmasına və soydaşlarının qanlı soyqırımlarına baxmayaraq, Şərqdəki namus məsələsinə tüpürən “milli və digər kommunistlər”lə birgə fəaliyyət göstərməkdən imtina etmədi.
Dövlətçilik mövzusu kontekstdə, yerində olmadığından, dövlətçiliyə bərabər olacaq digər faktor - milli kimlik davasında Nərimanov Atatürklə müqayisəyə belə gələ bilməzdi.
Məhz Ağamalıoğlunun, Qarayevin, yaxud Mirzəyanın, Kirovun əlindən zəncir çeynəyən Nərimanov nədən “şərq siyasətində Mustafa Kamal paşa ilə toqquşacağını” düşünə biərdi, görəsən?
Qət edəcəyi yolda məqsədinin, məramının kimliyinə, şərəf məsələsinə aid olacağına dair bir İZ qoymağına olan ehtiyacımla nigaranam.
Əlbəttə, gizli qalmış, indi üzə çıxmış sənədlərin səbəbindəndir ki, ideologiyasında güclü, siyasi stratejisində o qədər də peşəkar olmayan bizim doktorun çarəsiz vəziyyətindəki çaşqınlığı kimi görünən “dözüm göstərmək mövqeyini” anlaya bilərik.
Cavabsız suallar, yaxud cavabı lüzumsuz həqiqətlər meydana çıxdıqca həqiqət və yalanlar da su üzünə çıxır.
Hansısa mifin sınması qorxulu deyil (əgər belə bir mif varsa). Qazanacağımız əsas həqiqi tarixdir ki, buna ehtiyac həmişə duyuruq. Sonda həqiqətdən uzaq olan, ideallaşdırılmış qəhrəman obrazı yaranır. Onların qəhrəmanlıqdan çox, müəyyən xəyanətlərdə suçlanması, belə şəxsiyyətləri tarix kitabının son və boz səhifəsinə ata bilər.
Və... tarixdə biz bunu dəfələrlə görmüşük.

1529