13 kilometrin o tayında - ANALİZ
29 oktyabr 2012 17:07 (UTC +04:00)

13 kilometrin o tayında - ANALİZ

Heydər Əliyev: “İqdır Naxçıvan üçün, Azərbaycan üçün dayaqdır. Naxçıvan Azərbaycanı Türkiyəyə bağlayan ərazidir. Bu tərəfdən Naxçıvan, o biri tərəfdən də İqdır - hər ikisinin böyük əhəmiyyəti var. Naxçıvanın qorunması, Ermənistanın təcavüzündən müdafiə edilməsi üçün İqdırın çox böyük əhəmiyyəti var. İqdırla Naxçıvan arasında bilavasitə əlaqələr çox sıx olmalıdır. Mən Naxçıvanda olanda da bunu etməyə çalışmışam, indi də Naxçıvan rəhbərliyinə daim tövsiyə edirəm ki, bunu etmək lazımdır”. (21 iyun 1996)

Bu sətirlər ölkəmizlə cəmi 13 kilometrlik sərhəd bağına malik Türkiyənin İqdır vilayətinin Azərbaycanın milli təhlükəsizliyi müstəvisində oynadığı rolu son dərəcə lakonik, lakin dərin şəkildə ifadə edir. Cənubi Azərbaycanda, Borçalıda, Dağıstanda cərəyan edən proseslərə nə qədər narahat oluruqsa, İqdır da bizi bir o qədər maraqlandırır. Bu yazıda son illər İqdırın siyasi-demoqrafik mənzərəsində baş verən dəyişikliklər, bunların mümkün səbəbləri və nəticələri nəzərdən keçirilir.

İqdırda yerli özünü idarə etmə orqanlarına 2009-cu ildə keçirilən seçkilərdə təxminən 40 faizlik səslə Demokratik Toplum Partiyası (DTP) qalib gəldi. Lakin həmin ilin dekabr ayında Türkiyə Konstitusiya Məhkəməsinin qərarına əsasən partiyanın fəaliyyətinə son verildi. Məhkəmənin müvafiq qərarından sonra partiyanın parlamentdə təmsil olunan millət vəkilləri və bələdiyyə sədrləri Barış və Demokratiya Partiyasına (BDP) keçdiklərini bəyan etdilər. Beləliklə, BDP Türkiyənin siyasi səhnəsində DTP-nin varisi kimi fəaliyyətə başladı. 2008-ci ildən formalaşdırılan BDP məhz DTP-nin mümkün bağlanması ehtimalı üzərində yaradılmışdı. Bu mənada, kürdlərin öz müqəddəratını müəyyən etməsi mövqeyindən çıxış edən yeni siyasi qüvvəyə keçid müvafiq ideologiyanın daşıyıcıları olan siyasətçilər üçün mürəkkəb bir prosesi ehtiva etdirmədi. Nəticə etibarı ilə BDP yalnız DTP-nin ad dəyişikliyi və sonrakı dövrlərdə daha radikal və aşkar PKK dəstəyi mövqeyindən çıxış edən forma müxtəlifliyi oldu.

İqdır vilayəti üzrə bələdiyyə seçkilərinin nəticələri əsasında müqayisəli təhlil zamanı maraq kəsb edən fakt - 2004-cü il seçkiləri zamanı qalib gələn partiyanın Milliyyətçi Hərəkat Partiyası (MHP) olmasıdır. MHP Türkiyənin ümumi siyasi səhnəsində Azərbaycanla əlaqələrə ən çox əhəmiyyət verən, regional proseslərdə Azərbaycanın milli maraqlarının müstəsnalığından çıxış edən və konkret olaraq İqdır vilayətində azərbaycanlıların ən çox təmsil olunduğu və dəstək gördüyü siyasi qüvvə kimi çıxış edir.

MHP-nin daha bir özünəxaslığı türk millətçiliyi mövqeyindən çıxış etməsindədir. Bu amil 2004 və 2009-cu ilə seçkilərinin nəticələrinin müqayisəsi xüsusunda daha çox diqqəti cəlb edir. Çünki eyni vilayət üzrə keçirilən iki seçkidə siyasi baxışları və elektoratı bir-birindən kəskin surətdə fərqlənən iki ayrı partiyanın qalib gəlməsi özlüyündə labüd sualların meydana gəlməsinə əsas yaradır.

Türkiyənin kürdlərin demoqrafik üstünlüyə malik olmadığı bir vilayətində radikal baxışları ilə fərqlənən kürd millətçilərinin cəmləşdiyi bir partiyanın qısa zaman kəsimində seçkilərdə qalib gəlmə potensialını formalaşdıran səbəblər nədən ibarətdir?

Öncə onu qeyd edək ki, milli, dini və hər hansı digər mənsubiyyətindən asılı olmayaraq Türkiyə kimi bir demokratik cəmiyyətdə sosial dəstəyi təmin etdiyi halda istənilən şəxsin seçkili orqanda təmsil olunması onun ən təbii haqqıdır. Bu mənada, məsələ kürd milli mənsubiyyətini daşıyan bir şəxsin kürdlərin say üstünlüyünə malik olduğu və ya olmadığı bir ortamda seçkiləri qazanmasında deyil. Məsələ radikal separatçı baxışlara xidmət edən subyektlərin seçkilər vasitəsilə hakimiyyət təmsilçiliyini doğuran səbəblərin kökündə hansı amillərin dayanmasındadır. Türkiyədə separatçı-terrorçu subyektlərin son 30-40 illik fəaliyyət tarixçəsinə nəzər saldıqda İqdır vilayətinin heç bir zaman bu kimi baxışlara xidmət edən fəaliyyətlərin episentri olmadığını görürük. Bu kimi tendensiyalar ölkənin əsasən İraqla həmsərhəd olun Cənub-Şərq regionlarında üstünlüyə malik olub.

İqdır bələdiyyəsinin sədri, hazırda istintaq təcridxanasında saxlanılan BDP üzvü Mehmet Nuri Güneşin PKK tərəfdarı olması ilə bağlı iddialar Türkiyənin ölkəmizlə həmsərhəd olan bu vilayətində separatçı-terrorçu tendensiyanın hansı bürokratik səviyyədə dəstəyə malik olduğunu göstərir. Çox maraqlıdır ki, Güneş məhz PKK-nın siyasi qanadı və ya şəhər strukturu kimi tanınan KCK (Kürdüstan Cəmiyyətlər Birliyi) adlı təşkilata qarşı həyata keçirilən əməliyyatlar əsnasında həbs edilib. Məlumat üçün qeyd edək ki, Abdulla Öcalanın məlum aqibəti səbəbindən hazırda PKK-nın bütün əməliyyat və təbliğat fəaliyyətinə nəzarət edən Murat Karayılan həm də KCK-nın idarə heyətinin sədridir!

PKK terror təşkilatı nüfuz əldə etmək istədiyi bölgələrdə siyasi və bürokratik təmsilçilik məsələsinə çox həssas yanaşır. Bu istiqamətdə PKK-nın fəaliyyəti labüd olaraq birbaşa deyil, loyal təşkilatlar və qüvvələr hesabına yürüdülür. Türkiyədə bu səpkidə cərəyan etməkdə olan hadisə və proseslərin monitorinqi hazırda məhz BDP-nin PKK-nın loyal təşkilatı qismində çıxış etdiyini göstərir.

Türkiyə demokratik və formalaşmış azad seçki təcrübəsinə malik olan bir ölkədir. Başlıca meyarı seçim azadlığı olan demokratiyanın fəlsəfəsi “demos”un, yəni xalqın seçdiyini qəbul etməyi diktə edir. Bu mənada, BDP namizədinin də zəruri səs çoxluğunu əldə edərək İqdır bələdiyyəsinin sədri vəzifəsinə yiyələnməsi şübhə obyekti deyil. Məsələnin qəribə tərəfi - 5 il ərzində elektoratın mövqeyinin bu səviyyədə radikal transformasiyasını zəruri edən səbəblərin mahiyyətindədir. Nəinki ümum-Türkiyə, hətta bu vilayət səviyyəsində belə təsirli inzibati rıçaqlara malik olmayan BDP və ya onun sələfi olan əvvəlki siyasi qüvvələr hansı əməli fəaliyyəti, parlaq təşəbbüsləri ilə İqdır elektoratının etimadını qazanmağa müvəffəq oldu? 2009-cu ildən ötən 3 il ərzində vilayət bələdiyyə strukturlarında nəzarət mexanizmlərinə yiyələnən BDP-lilər bu dövrdə hər hansı yadda qalan layihənin icrasını təmin etməyiblərsə, əvvəlki dövrlərdə hansı xidmətlərə malik olublar ki, insanlar onları 40 faizlik səs dəstəyi ilə hakimiyyətə gətirir? Bu xüsus bir daha PKK terror təşkilatının BDP lehinə yürütdüyü sosial təzyiq kampaniyasının hansı həddə Türkiyənin milli təhlükəsizliyi üçün təhdid mənbəyini təşkil etməsindən xəbər verir.

İqdırda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərə də PKK-nın bilavasitə müdaxilə etməsi, seçiciləri bu və ya digər formada digər partiyalara deyil, məhz BDP-yə səs vermələri yolunda təhdid və şantaj etməsi ilə bağlı məlumatlar vilayətdə yaxın keçmişimizdə kifayət qədər qüvvətli olan MHP təsirinin azaldılmasının izah ssenarilərindən birini təşkil edir. Bu mənzərə regionda “təhlükəsizik lokomotivi” roluna iddialı olan rəsmi Ankaranın ilk növbədə ölkə daxili təhlükəsizliyin prioritet istiqamətləri üzrə təsirli nəzarət mexanizmlərinin formalaşdırılması məsuliyyətini gündəmə gətirir. Əgər demoqrafik tərkibi nəzərə alınarsa, bir “kürd vilayəti” hesab olunmayan (Diyarbakır, Şanlıurfa, Hakkari kimi vilayətlərlə müqayisədə) İqdırda PKK seçkilərə bu səviyyədə yön vermək üçün zəruri potensialı təmin edə bilirsə, bu ölkənin həmin regionunda mərkəzdənqaçma təzahürünün və rəsmi Ankaranın siyasi iqtidarsızlığının səviyyəsini göstərmirmi?

PKK ilə əlaqələri xüsusunda əvvəllər çox ehtiyatlı davranan və bu səpkidə ritorikasına ciddi nəzarət edən BDP funksionerləri hazırda terror təşkilatına, onun məqsədlərinə olan rəğbət və dəstəklərini əsla gizlətmirlər. Ümumiyyətlə, PKK-nın terror təşkilatı kimi deyil, kürdlərin hüquqları uğrunda mübarizə aparan hərəkat kimi nəzərdən keçirirlər. Partiyanın bu yaxınlarda baş tutan növbəti fövqəladə konqresinin keçirildiyi məkanın terror təşkilatının lideri Abdulla Öcalanın portretləri, “Dirənərək müstəqilliyə doğru irəliləyirik”, “Demokratik muxtariyyət statusumuzdur, rədd edilə bilməz” kimi şüarlarla dizayn edilməsi BDP-nin bu məqsədlər uğrunda açıq mübarizə müstəvisinə keçməsindən xəbər verir.

İqdırda bələdiyyə strukturlarında BDP funksionerlərinin söz sahibi olması regionda digər milli-etnik qrupların sıxışdırılması tendensiyası ilə müşayiət olunur. Məlumatlara əsasən, hazırda İqdırda demoqrafik status-kvonun dəyişdirilməsi üçün məqsədyönlü fəaliyyət yürüdülür. Vilayət bələdiyyəsi tərəfindən bölgədə kürd mənşəli “BDP ideologiyası”na xidmət edən şəxslərin məskunlaşması və məşğuliyyəti üçün əlverişli şərait təmin olunur. Bu kontekstdə “BDP ideologiyası”nı xatırlatmamız əbəs deyil. Belə ki, Türkiyənin heç də bütün kürd mənşəli əhali qrupları özündə radikalizm və separatçılıq təzahürlərini ehtiva etdirən bu ideologiyaya şərik deyil. Bu mənada, İqdırın hazırkı bələdiyyə administrasiyasının yürütdüyü “demoqrafik siyasət”in hədəf kontingentini məhz “BDP ideologiyası”na xidmət edən kürd əhali qrupları təşkil edir. Türkiyə Respublikasının dövlətçilik dəyərlərinə loyal mövqedən yanaşan və BDP-nin sosial bazasını təşkil etməyən kürdlər nə İqdırda, nə də bu partiyanın rəhbərlikdə təmsil olunduğu hər hansı digər vilayətdə heç bir halda dəstək görmürlər.

Milliyyətçi Hərəkat Partiyası və bu siyasi qüvvənin timsalında İqdır vilayətinin siyasi həyatında fəal iştirak edən azərbaycanlıların mövqelərinin bu səviyyədə zəifləməsi nə ilə izah edilə bilər?

İqdır azərbaycanlılarının üz tutduğu əsas siyasi qüvvə Milliyyətçi Hərəkat Partiyasıdır. MHP-nin təsirinin yetərsizliyi və inzibati resurslarının məhdud səviyyədə olması vilayətdə formalaşmaqda olan siyasi-demoqrafik vəziyyətə qarşı əks tədbirləri yetərsiz edən mühüm amillərindən birini təşkil edir. Siyasi partiyaların mühüm özəlliklərindən biri də vətəndaşların səylərinin konsolidasiyası və vahid mövqedən çıxışın təmin olunmasındadır. MHP-nin təsir yetərsizliyi dolayısı ilə bu təşkilatda təmsil olunan soydaşlarımızın vilayətin taleyi ilə bağlı qərarların qəbulu mexanizmlərində iştirakını son dərəcə məhdudlaşdırır. Bu da BDP funksionerlərinə öz fəaliyyətlərini yürütmək üçün əlavə imkan yaradır. Doğrudur, 2011-ci ildəki son parlament seçkilərində vilayət üzrə 2 millət vəkili mandatından birinə MHP namizədi yiyələnib. Lakin MHP-nin mərkəzi hakimiyyət səviyyəsində rıçaqlarının zəif olması partiyanın millət vəkilinin yerli özünü idarəetmə orqanlarına da təsirini çox məhdud edir.

Yaranmış siyasi mənzərə müstəvisində AKP siyasətinin mahiyyəti necə izah oluna bilər?

Nə qədər qəribə səslənsə də, İqdır AKP-nin (Adalet ve Kalkınma Partisi – Ədalət və İnkişaf Partiyası) siyasi coğrafiyasında prioritet vilayət deyil. Türkiyənin siyasi sisteminin reallıqları istənilən partiyanın gücünü onun parlamentdəki təmsilçilik səviyyəsi ilə qiymətləndirməyi diktə edir. Qonşu ölkədə millət vəkili kürsüləri vilayətlər arasında onların malik olduğu əhali sayına müvafiq bölünüb. Məhdud demoqrafik say ilə İqdır parlamentdə yalnız 2 millət vəkili ilə təmsil olunur. Seçki zamanı və seçkilərarası dövrlərdə AKP öz potensialını əsasən daha çox millət vəkili kürsüsü əldə edə biləcəyi regionlara yönəldir. Bu heç şübhəsiz ki, siyasi balansın BDP-nin lehinə dəyişməsinə təsirsiz ötüşmür. Çünki AKP və MHP kimi partiyalardan fərqli olaraq BDP siyasi təbliğatını etnik amil üzərində qurur. Belə olan halda vilayətin kürd əhalisinin səsləri bu milli mənsubiyyətə malik namizədlərin ətrafında konsolidasiya olunur ki, elektoratın digər hissəsi qeyri-kürd namizədlər arasında parçalanır.

AKP hökumətinin bundan öncəki iqtidarı müddətində (2007-2011-ci illər) müstəsna prioritetini təşkil edən “kürd açılımı” siyasəti gözlənilən nəticəni vermədi. Məqsəd kürdlərin milli-mədəni hüquqlarının təmini və sosial rifahının gücləndirilməsi ilə onları “öz müqəddəratını müəyyənetmə” prinsipindən yayındırmaq idi. Lakin görünən mənzərə odur ki, yaranmış imkanlar, xüsusən özünüifadə sərbəstliyi radikal kürdləri nəinki mübarizədən yayındırmayıb, əksinə onların öz müqəddəratını müəyyənetmə tələbi ətrafında daha aşkar surətdə fəaliyyətinə şərait yaradıb. AKP-nin bir sıra hallarda Türkiyə Respublikasının əvvəlki hökumətlərinə münasibətdə “kürd faktoru” müstəvisində apardığı “hesablaşma siyasəti” də “kürdlərin Türkiyədə tarixən əzilən və hüquqları pozulan təbəqə imici”nin formalaşmasına zəmin yaradıb. Bu da öz növbəsində BDP-yə kürd seçiciləri arasında çox güclü təbliğat rıçaqı verir.

Bu gün İqdırda türklərin mövqeləri zəifləyir, kürdlərin sayı və müvafiq olaraq da təsir imkanları genişlənir. Bu kimi problemlərin qarşısı alınmasa nələr olacaq… Demoqrafik transformasiya çox həssas bir prosesdir. Və heç bir halda nəzarətdən çıxmamalıdır. Demoqrafik transformasiya mütləq hansısa bir mərhələdə öz siyasi nəticələrini büruzə verir. Demoqrafik transformasiya həm də mümkün milli-etnik ziddiyyət ocağı qismində çıxış edir. Qonşu ölkələrin bu kimi təcrübələri Azərbaycan üçün də bir president, nümunə təşkil etməlidir. Ölkəmizin demoqrafik və geosiyasi müstəvidə həssas təhlükəsizlik mühitinə malik olması hər zaman diqqətdə saxlanılmalıdır. Milli-etnik və ümumiyyətlə demoqrafik müstəvidə vəziyyətə daimi nəzarət, bu səpkili ictimai reaksiyaların gözardı edilməməsi gələcəkdə mümkün təhlükəli fəsadların qarşısının öncədən alınması baxımından müstəsna əhəmiyyət daşıyır.

Rahib Alıyev
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1642

Oxşar yazılar