Bizim sevgimiz - DEPUTAT YAZIR
09 oktyabr 2012 16:16 (UTC +04:00)

Bizim sevgimiz - DEPUTAT YAZIR

Rusları Avropada sevmirlər və bu səbəbdən də illərdi ki,viza rejimini götürmək barədə aparılan rəsmi danışıqlar iflasa uğrayır. Bizlər şimal qonşumuza etnomədəni və siyasi cəhətdən bələd olsaq da, qərblilərin ruslara mühasibətinin dərin köklərini araşdırmaq heç də pis olmazdı. Avropada inanmırlar ki, SSRİ dağılandan sonra bu ölkədə nəsə dəyişib. Hesab olunur ki,həbsxanalar yenə əqidə dustaqları ilə doludur, dtk-çılar yenə hakimiyyətdədir və çar Nikolay, Stalin, Andropov və Putin eyni üsulla hakimiyyəti idarə edirlər.

Onlara belə gəlir ki, sərhədlər tam açılsa bütün rus alkoqolikləri, banditləri və mütəşəkkil cinayətkarları Avropanın dincliyini pozacaqlar və öz bədbəxtliklərini qərblilərin həyatına yükləyəcəklər. Xarici analitiklərin rəyinə görə, əgər bircə gün ruslara kütləvi keçid üçün icazə versələr, onlar xoşbəxtlik axtarışı ilə hamılıqla potensial miqrantlara çevriləcəklər. Sonra isə onları geri qaytarmaq mümkün olmayacaq. Bu rusofobiyanın tarixi səbəblərini heç də əsassız saymaq olmaz, çünki həmişə köməyi və xilaskarı kənarda axtaran, ağa və kölə münasibətlərinin yetirməsi olan bir millətin psixologiyasında əqli gerilik, tənbəllik və qəddarlıq kök salmış olur. Təhkimçilik hüququndan çıxmış bir cəmiyyət üçün həmişə totalitar hakimi-mütləqə kor-koranə bir tabeçılik psixologiyası formalaşır. İstər çarın idarəetmə stili, qiyamçı Leninin, Qulaq məhbus düşərgəsinin sahibi Stalinin, intriqaçı Brejnevin, parlamenti gülləbaran edən sərxoş Yeltsinin və sonuncu kəşfiyatçı Putinin xalqla ünsiyyət dili, hakimiyyət fəlsəfəsi arasında çoxlu oxşarlıqlar tapmaq mümkündür.

Avropalıılar çox böyük ambisiyaları olan, sərt üslubda nitqi ilə Qərbi hədələyən və daim tənqid edən Putinin timsalında rusdan qorxur və onu sevmir. Bütün bu yanaşmaların zirvə nöqtəsi isə budur ki, Qərbdə düşünürlər ki, Rusiyada kim öz vətənini həqiqi məhəbbətlə sevirsə, o, ya qərb kökənlidir, ya da ki, qərbbaxışlıdır. Rusun liberal intelegensiyasına sona qədər inam heç vaxt olmayıb. Onlar öz mədəni identifikasiyasını hara ilə bağlamaq üzərində bu gün də savaşırlar. Duqinin tirajlandırdığı Avrasiya nəzəriyyəsi təkcə geosiyasi layihə deyil, həm də bu xalqa uyğun mədəni məkan tapmaq üçündür. Millət olmaqdan öncə vətəndaş kimi formalaşa bilməmək həmişə Qərblə münaqişə və uyuşmazlıq doğuracaq. Öz düşüncəsinə deyil, “barin necə desə, elə də olacaq. Barin haqlıdır” yüzillik tabeçilik pilləkəninin ayağında dayanmış İvan obrazı dünya ilə ayrıseçkliyin stereotipi olaraq qalmaqdadır.

Bir gürcü qəzeti Rusiyadakı çox da mötəbər olmayan statistikaya istinad edərək yazır ki, ildə 50 mindən artıq qətl və ağır cinayətlər baş verirsə, bu təkcə o ölkənin kriminal durumunu deyil, həm də mental dəyərlərindəki problemləri əks etdirir. Rusun Avropa simasını nə ilk kosmonavtika, nə faşizmdən xilaskarlıq, nə də ki, dünya ədəbi-mədəni irsinə böyük Rusiyanın təqdim etdikləri ilə dəyişmək hələ ki, mümkün olmur. Hamıda şübhə doğuran, hamısı potensial “kqb”şnik olan bu obrazlar hələ uzun müddət şimal qonşumuza münasibəti müəyyən edəcəkdir.

Bəs rusun obrazı bizdə necədir? Vətənimizi ikiyə bölmüş, imperiyaya respublikamızı qataraq müstəqilliyimizə son qoymuş,”20 yanvar və 26 fevralı” təqvimizdə qara rəngləmiş Rusiya siyasi elitasına baxmadan sadə azərbaycanlı qəlbində rusa ehtiram və hörmət var. Onlar birgə iş qurur, gələcək həyatlarını bağlayır və keçmişi nostalgiya ilə xatırlayırlar. Elə bilirsiz bizi rusla evlənməyə sovet hokuməti vadar edirdi? Bəs indi bu sevginin səbəbi nədir? Məncə avropalılar böyük rus qəlbini bizimkilər qədər bilə bilməzlər...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1461
avatar

Zahid Oruc

Oxşar yazılar