Leyla Əliyeva : «İctimai diplomatiya müasir dünyada daşıyıcı konstruksiyalardan biridir»
25 sentyabr 2012 01:29 (UTC +04:00)

Leyla Əliyeva : «İctimai diplomatiya müasir dünyada daşıyıcı konstruksiyalardan biridir»

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” beynəlxalq jurnalının baş redaktoru, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri və IDEA kampaniyasının banisi Leyla Əliyevanın sentyabrın 25-də “Rossiyskaya qazeta”da dərc olunmuş məqaləsində ölkəmizin xaricdə səmərəli mədəni siyasətindən və Azərbaycanın Rusiyada apardığı ictimai diplomatiyanın müsbət nəticələrindən söz açılır.

AzərTAc-ın xüsusi müxbiri Moskva Asya Hacızadə yazı haqda şəhr yazıb.
“Azərbaycan-Rusiya: müvəffəqiyyətin effektiv formulu. İctimai diplomatiya ikitərəfli münasibətlərə təkan verir” sərlövhəli məqalədə Rusiya-Azərbaycan əməkdaşlığının inkişafının əsas mərhələləri, Azərbaycanın və ictimai qeyri-kommersiya təşkilatı olan Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar siyasət təhlil edilir.
Müəllifin fikrincə, SSRİ XX əsrin 80-90-cı illərinin qovuşuğunda irimiqyaslı hadisələrin və proseslərin mərkəzinə çevrilmişdi. Sosialist sisteminin çökməsindən və Sovet İttifaqının dağılmasından sonra 15 yeni dövlətin əldə etdiyi müstəqillik və suverenlik kifayət qədər uzun müddət siyasi, iqtisadi və mədəni problemlərlə sınağa çəkilmişdir.
Leyla Əliyeva yazır: “Lakin o xaosda iki dövlət – Azərbaycan və Rusiya tarixən təşəkkül tapmış əlaqələri hifz edərək genişləndirmiş, xalqlarımızın başlıca maraqları əsasında qarşılıqlı faydalı strateji əməkdaşlığın və humanitar mübadilənin yeni formulunu yaratmışlar”.
Bizim nəsil çoxillik ənənələrin kökündən dağıdıldığı, idealların şüurlu şəkildə məhv edildiyi onillik bir dövr yaşamışdır. Dağıdılan, qədim zamanlardan həm Rusiya, həm də Azərbaycan tərəfindən dəstəklənən mədəniyyət, humanizm və dözümlülük kimi əbədi mənəvi ümumbəşəri dəyərlər idi. Müəllif yazır: “Müasir dövrün çağırışlarına vahid yanaşmaları və cavabları da elə məhz həmin platformada formalaşdırmaq lazımdır. Nümunə kimi qarşılıqlı fəaliyyətin yeni perspektivli formatını – Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu qeyd etmək lazımdır”.

Daha sonra diqqəti qədim zamanlardan yüksək tolerantlığı ilə məşhur olan Azərbaycandakı əlverişli vəziyyətə cəlb edən Leyla Əliyeva yazır: “Bakıda müsəlman məscidinin, pravoslav kilsəsinin, katolik kostyolunun, yəhudi sinaqoqunun eyni küçədə yerləşməsi tolerantlıq ab-havasının həm sübutu, həm də nəticəsidir”.
Azərbaycanda siyasi proseslərin nəticələrini təhlil edən Leyla Əliyeva vurğulayır ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir və regiondakı bütün irimiqyaslı layihələr ölkəmizin iştirakı ilə gerçəkləşdirilir. Regionda enerji daşıyıcılarının ixracı üzrə aparıcı dövlət olan Azərbaycan fəal surətdə Böyük İpək Yolunun dirçəldilməsi ideyasını irəli sürür. Müəllif yazır: “Azərbaycanda müstəqil dövlət quruculuğu, müstəqilliyin möhkəmləndirilməsi, təhlükəsizliyin və iqtisadi maraqların təmin edilməsi çoxşaxəli xarici siyasət yürüdülməsini tələb edirdi. Ötən əsrin 90-cı illərinin başlanğıcında Qafqazın təhlükəsizliyi və strateji dövlət maraqları problemlərinin ümumiliyi müstəsna xarici siyasət yürüdülməsini və hərtərəfli əlaqələri tənzimləyən münasibətlərin qurulmasını tələb edirdi. Özünün yaxşı ənənələrini həmişə qoruyub saxlamış Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri məhz o vaxt köməyə gəldi. Sirr deyildir ki, həmin amilə bir-biri ilə ümumi dildə ünsiyyətdə olmaq və bir-birini tanımaq imkanı da kömək edir. Biz ölkələrimiz arasında əlaqələndirici vəsilə olan rus dilini qoruyub saxlaya və inkişaf etdirməyə nail olduq. Bu gün bu, yeni suveren dövlətlər çərçivəsində mədəni əlaqələrin, millətlərarası ünsiyyət dilinin bütün dərinliyini dərk etməyə imkan verən çox əhəmiyyətli amildir. Azərbaycanda rus dilində çoxtirajlı qəzet və jurnallar buraxılır, bədii kitablar çap olunur, teatr və kino müəssisələri fəaliyyət göstərir. Uşaq bağçalarından və məktəblərdən tutmuş öz profilinə görə nadir olan Bakı Slavyan Universitetinədək hər yerdə rus dilində təhsil almaq olar, dövlət universitetlərində və Milli Elmlər Akademiyasında güclü rus dili kafedraları fəaliyyət göstərir”.
Leyla Əliyeva məqaləsində onu da vurğulayır ki, Rusiya cəmiyyətində xalqların müxtəlifliyi mozaikası ümumbəşəri mədəni meyllər çərçivəsində və mədəni prosesin başlıca dayaqları olan müxtəliflik, universallıq, həssaslıq, dözümlülük, humanizm əsasında baş verən dinamik mədəniyyətlərarası dialoq sayəsində qorunub saxlanılır. Sonra müəllif təsviri sənət, arxitektura, ədəbiyyat sahələrində və mədəni qarşılıqlı fəaliyyətin digər sahələrində əməkdaşlığa dair nümunələr gətirir.
Heydər Əliyev Fondunun humanitar siyasətindən söz açan Leyla Əliyeva yazır ki, 2004-cü ildə Fondun yaradıldığı ilk günlərdən qarşıya xeyriyyəçiliyə dəstək göstərmək məqsədi qoyulmuşdur. O vaxtdan etibarən Fondun anaların və uşaqların müdafiəsinə, talassemiya, uşaq diabeti və digər xəstəliklərə qarşı mübarizəyə yönəlmiş çoxsaylı proqramları, uşaq və veteran evlərində müxtəlif aksiyalar humanizmin dəstəklənməsi, müasirlərimizin və sonrakı nəsillərimizin işıqlı gələcəyinin təmin olunması sahəsində həyata keçirilmiş aksiyaların çox kiçik bir hissəsidir. Heydər Əliyev Fondunun xətti ilə Parisdə Versal sarayı parkında abidələr bərpa edilir, Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin yenidən qurulmasına yardım göstərilir. Pakistanda zəlzələ nəticəsində zərər çəkmiş qızlar məktəbinin binası yenidən tikilmişdir. Hollandiya, Rumıniya, Misir və digər ölkələrdə, o cümlədən Rusiyada tədris müəssisələri modernləşdirilir. Məsələn, Rusiya Federasiyasının Həştərxan vilayətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 11 nömrəli məktəbin binası əsaslı təmir edilmişdir. Ölkələrimizin gənclərinin böyük rolunu, onların öz yaşına görə ünsiyyətə, əlaqələrə və innovasiyalara açıq olduqlarını da vurğulamaq lazımdır. Azərbaycan və Rusiya vətəndaşlarının yeni nəslinə – işə yenicə başlayanlara və hələ oxuyanlara bəslənilən ümid olduqca yüksəkdir. Bu faktı nəzərə alaraq, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı – RAGT gənclərin həyatının bütün aspektlərini əhatə etməyə çalışır. RAGT Azərbaycanın hüdudlarından kənarda ən fəal azərbaycanlı gənclər təşkilatıdır. Təşkilatın məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tariximizi tanıtmaq, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına dəstək göstərmək, yaxşı təhsil almaq, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etməkdir. Humanitar və sosial sahələrdə çoxsaylı layihələr həyata keçirən azərbaycanlı gənclər uşaq evlərində, xəstəxanalarda uşaqlara yardım edirlər. RAGT-ın üzvlərinin sayı bir il ərzində bir neçə dəfə artmışdır ki, bu da məsləkdaşların sayının xeyli çoxalmasına dəlalət edir. Müəllif yazır: “Biz sağlam həyat tərzinə böyük diqqət yetiririk. Məsələn, “Əmin ol ki, sağlamsan. Xəstəliyə yox de” layihəsi çərçivəsində həkimlərimiz xəstələri pulsuz müayinə edirlər. Bundan əlavə, uzun illərdir “Qanın milliyyəti yoxdur” aksiyası keçirilir. Fəallarımız həmin aksiya çərçivəsində universitetlərdə və məktəblərdə alkoqolun, narkotiklərin, tütünün ziyanı, habelə QİÇS təhlükəsi haqqında mühazirələr oxuyurlar.
Məqalədə deyilir: “Regionda qonşu olan Azərbaycan və Rusiya Qafqazın nadir biomüxtəlifliyinin hifz edilməsinə görə məsuliyyəti də bölüşürlər ki, bu da həmin istiqamətdə konkret tədbirlər görülməsi zərurətini nəzərdə tutur. İqamətgahı Azərbaycanın paytaxtında yerləşən Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü (IDEA) qısa müddət ərzində gənclərin maarifləndirilməsi və ətraf mühitin, o cümlədən transsərhəd ətraf mühitin mühafizəsi sahəsində layihələrin gerçəkləşdirilməsi işində uğurlar qazana bilmişdir. Məsələn, lap bu yaxınlarda IDEA Rusiya Federasiyasının Həştərxan vilayətində bir neçə sosial layihə təşəbbüsü ilə çıxış etmişdir ki, bu layihələrdən ən başlıcası nadir xırda qu quşlarının xilas edilməsi olacaqdır. IDEA-nın yaxın planlarına Dünya Vəhşi Təbiət Fondunun (WWF) Rusiya nümayəndəliyi ilə əməkdaşlıq sahəsinin genişləndirilməsi daxildir. Bu tərəfdaşlıq ümumi təbiətimizin qorunub saxlanılması işinə əhəmiyyətli töhfə verəcəkdir”.
Sonra internetin və sosial şəbəkələrin müasir həyatımızda əhəmiyyətini dərk etməyə çağıran Leyla Əliyeva qarşılıqlı etimadın və anlaşmanın möhkəmlənməsinə xidmət edəcək, ölkələrimizin elmi elitası və gəncləri arasında intellektual və elmi mübadiləyə dəstək göstərəcək dövlətlərarası təşəbbüslərin yaradılması və dəstəklənməsi zərurətini qeyd edir. L.Əliyeva əmindir ki, əgər əvvəllər ictimai diplomatiya xarici siyasətə əlavə kimi qəbul edilirdisə, indi biz xarici siyasətin hər birimizin işinə çevrildiyi qlobal dünyada yaşayırıq. O yazır ki, məhz ictimai diplomatiya müasir dünyada daşıyıcı konstruksiyalardan biridir.
İctimai xadim Leyla Əliyeva sonda yazır: “Azərbaycanın və Rusiyanın gənclər qurumları arasında sıx əlaqələri, son vaxtlar müşahidə etdiyimiz meylləri nəzərə alaraq əminliklə demək olar ki, bu münasibətlər iki çox yaxın və dost xalqın münasibətləri kimi qorunub saxlanılacaqdır. Ümid etmək olar ki, bir neçə ildən sonra biz iqtisadi, investisiya sahəsində qarşılıqlı fəaliyyətin, bütün sahələrdə əməkdaşlığın daha dərin səviyyəsini görəcəyik ki, bu da bizə Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin gözlənilən gələcək təkamülündən danışmağa imkan verir”.
# 1401

Oxşar yazılar