Azad sahibkarlıq və liberal iqtisadiyyat müasir inkişaf modelinin əsas sütunlarından biri hesab olunur. Bu yanaşma biznes mühitinin genişlənməsinə, rəqabətin artmasına və innovasiyaların təşviqinə şərait yaradır. Dövlətin iqtisadiyyatda rolunun optimallaşdırılması və sahibkarlara dəstəyin gücləndirilməsi isə dayanıqlı iqtisadi artım üçün vacib amillərdəndir.
Bəs görəsən, Azərbaycanda sahibkarlığa dəstək hansı səviyyədədir? Liberal iqtisadiyyatın təşviqi üçün hansı konkret addımlara ehtiyac var?
İqtisadçı Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, ölkəmizdə liberal iqtisadi xətdən daha çox, iqtisadiyyatda dövlət tənzimlənməsinin rolunun artırılması müşahidə edilir:

“Bu gün Azərbaycanda iqtisadiyyat tam liberal olmasa da, Azad sahibkarlığın inkişaf etməsi üçün kifayət qədər mühit var. Bu mühitin təkmilləşdirilməsi üçün dövlət tərəfindən müxtəlif addımlar atılır.
Ölkəmizdə liberal iqtisadi xətdən daha çox, iqtisadiyyatda dövlət tənzimləməsinin rolunun artırılması müşahidə edilir. Buna görə də dövlət ən müxtəlif dəstək mexanizmləri və alətlərlə sahibkarlığın inkişafını formalaşdırır. Bura ən bariz nümunə işğaldan azad olunan ərazilərdir. Həmin bölgələr “güzəştlər vadisi”nə çevrilib. “Böyük Qayıdış” baş verdikcə orada iqtisadi reinteqrasiyanın təmin olunması məqsədilə belə bir addım atılır. Təbii ki, bu işlərdə də sahibkarlığın rolu çöx önəmlidir. Hər şeyi dövlət etdikdə dayanıqlığı təmin etmək mümkün olmur. Sahibkarlıq dəstəkləndiyi zaman isə proses dayanıqlı olur”.
İqtisadçı qeyd edib ki, müxtəlif dövlət qurumları tərəfindən sahibkarlığa bir çox dəstək alətləri mövcuddur:
“Sahibkarlığa dəstək olan qurumlar arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) adını çəkə bilərik. Bu agentlik tərəfindən kiçik və orta biznes subyektlərinə müxtəlif alətlər vasitəsilə dəstək göstərilir. Bu istiqamətdə biz agentliyin keçirdiyi qrant müsabiqələrini, startap şəhadətnamələrini, bazarlara çıxış üçün dəstəkləri, bazar araşdırması üçün KOB subyektlərinə təklif olunan subyektləri sadalaya bilərik. Bununla yanaşı regionlarda və paytaxtda yaradılan 5 KOB evindən danışa bilərik. “ASAN Xidmət” vətəndaş üçün nədirsə, KOB evi də sahibkar üçün eynidir. Bütün bu istiqamətlər dövlətin sahibkarlığı dəstəkləməsi istiqamətində formalaşdırdığı siyasətin nəticəsidir”.
İqtisadçı Günay Hüseynova Lent.az-a açıqlamasında qeyd edib ki, qeyri-neft sektorunun inkişafı dövlətimiz üçün prioritet məsələdir:

“Ticarət tərəfdaşların sayının artması, həmçinin xarici investorların ölkəyə cəlb edilməsi də məhz bu işlərin bir parçasıdır.
Azad sahibkarlığın inkişafı, sahibkarların qarşılaşıdığı müəyyən maneələrin aradan qaldırılması baxımından bir çox işlər artıq elektronlaşıb və bu yöndən işlər də davam etməkdəkdədir. Ümumiyyətlə, süni zəka və son texnologiyaların bu sahəyə tətbiqi azad sahibkarlığın inkişafına öz töhfəsini verəcəkdir.
Azad sahibkarlıqda daxili bazarla bağlı məsələlər 5-10 il geridə qalıb.Əsas hədəf regional və beynəlxalq bazarlara çıxışdır .Əvvəlki illərdə pul bir çox məsələləri həll edirdisə artıq situasiya fərqlidir . Pul əsas vasitədir lakin həmin məhsul ancaq daxili bazarda qalsa və ya ölkəyə valyuta gətirmə ,rəqabət qabiliyyətli olmasa elə bu sistemin özü faydasızdır.
Azad sahibkarlıq biraz daha inkişaf etsə, ciddi nəzarət olsa əksəriyyət bu sahəyə yönələr, nəinki digər sahə və sektorlarda istismar olunmaq”.
Ölkədə özəl sektorun rolu nə qədərdir?
İqtisadçı Xalid Kərimli Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanda mülkiyyətin strukturunun 80%-ə yaxını özəl sektordur:

“Özəl mülkiyyət mülkiyyətin strukturunda əsas rola malik olduğuna görə həm məşğulluqda, həm də iqtisadi artımda daha ciddi rol oynamalıdır. Statistikalara görə, indi məşğulluğun 51,5 faizi özəl, 48,5%-i isə dövlət sektorundadır. Əlbəttə, bu rəqəmin 70/30 nisbətində olması daha məqsədəuyğun olar. Dövlət əsas iş yeri verəndir.
Liberal iqtisadiyyat, azad sahibkarlıq təşviq olunmalıdır. Bunun üçün kapitalın azad hərəkatına ciddi fikir verilməli, “Rəqabət məcəlləsi”nə uyğun olaraq rəqabət mühiti qurulmalı, məhkəmə islahatları biznes yönümlü olmalıdır. Sahibkarlıq inkişaf etməsə, ölkədə nə qeyri- neft biznesinin pespektivi, nə də yüksək əmək haqqı mümkün ola bilər. İqtisadiyyatda əsas aparıcı qüvvə bundan sonra azad sahibkarlıq və liberal iqtisadiyyat olmalıdır”.
Liberal iqtisadiyyatın əsas sütunu nədir və bu necə qurulmalıdır?
İqtisadçı Pərviz Heydərov Lent.az-a açıqlamasında bildirib ki, liberal iqtisadiyyatın təşviqi üçün ilk növbədə rəqabət mühiti qurulmalıdır:

“Dünya iqtisadiyyatının aparıcı ölkələrinin təcrübəsi göstərir ki, ən mükəmməl iqtisadiyyat özü-özünü idarə edən (tənzimləyən) iqtisadiyyatdır. Buna liberal iqtisadiyyat deyilir. Yüksək iqtisadi artım və sürətli inkişaf tələb olunan yerdə dövlət iqtisadiyyata ya məhdud səviyyədə müdaxilə edir, ya da mümkün qədər heç etmir.
Liberal iqtisadiyyatın təşəkkülü və təşviqi üçün rəqabət şəraiti lazımdır. Çünki onun kökündə dayanan əsas amil rəqabət şəraitinin olmasıdır. Əgər heç bir rəqabət şəraiti amili yoxdursa, o halda iqtisadiyyatın öz-özünü tənzimləməsi çətin məsələdir.
Onu da qeyd edim ki, ölkədə iqtisadiyyatın bir çox sahələri üzrə qanunlar mövcuddur. Hətta rəqabət məcəlləsi də uzun fasilədən sonra qəbul edildi. Lakin məsələ təkcə qanunlarla yekunlaşmır, mütləq rəqabət şəraiti yaradılmalıdır”.
Digər ölkələrdə vəziyyətdə necədir?
Azad İstehlakçılar Birliyinin sədri, iqtisadçı Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, liberal iqtisadiyyatda istehlakçı həmişə haqlı olur:

Liberal iqtisadiyyatın, liberal bazar strukturunun çağırışı bütün dünyada belədir – “istehlakçı haqlıdır”. Aldığım məlumatlara görə, hətta Özbəkistanda istehlakçı evi istifadəyə verilir. Bir çox ölkələrdə istehlakçı hüquqlarını qoruyan təşkilatların böyük ofislərini də dövlət maliyyələşdirir (Polşada 25 ofis)”.
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.
