Mikayıl Cabbarov onu tənqid edən yazara məktub yazdı- TAM MƏTN
14 avqust 2012 23:40 (UTC +04:00)

Mikayıl Cabbarov onu tənqid edən yazara məktub yazdı- TAM MƏTN

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Türkiyənin “Hürriyyet” qəzetinin yazarı Fatih Çekirgeyə açıq məktub yazıb. Lent.az-ın xəbərinə görə, M. Cabbarov məktubunda F. Çekirgenin onunla bağlı iddialarına cavab verib.

Qeyd edək ki, F. Çekirge “Hürriyyet” qezetində Azərbaycandan bir məmurun təyyarədə stüardessanı hədələdiyini, onu işdən qovduracağını bildirdiyini, davranış qaydalarına əməl etmədiyini yazıb. İkinci gün isə bu məmurun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov olduğunu qeyd edib.

Məktubda bildirilib:

“Hörmətli Fatih Çekirge,

Mənim adım Mikayıl Cabbarovdur və mən bu məktubu “Hürriyyet” qəzetində 13 avqust 2012-ci il və 14 avqust 2012-ci il tarixlərdə dərc olunmuş, müvafiq olaraq, “Sen menim kim olduğumu bilir misen?” və “İşte o mühim gişi” sərlövhəli yazılarınıza cavab olaraq yazıram.

Adıçəkilən yazılar iftira və həqarət xarakterli ifadələrlə doludur və mən bunlara aşağıdakı cavabları verməyə məcburam:

1. Həqiqətən, mən ailə üzvlərimlə birlikdə 11 avqust 2012-ci il tarixdə Türk Hava Yolları reysi ilə İstanbuldan Barselonaya uçurdum.

2. Məqalənizdə qeyd etdiyiniz kimi, mənim bu reysə guya 19 “biznes klass” bileti almağım sadəcə böhtandır. Mənimlə birgə uçan ailə üzvlərimin sayı 5 nəfər idi. Əslində, həmin təyyarənin “biznes klass” salonunda ümumilikdə 20 yer var. Səhv etmirəmsə, siz 1-ci sırada tennis akademiyasına yollanan 13-15 yaşlı bir yeniyetmə oğlanla oturmuşdunuz (C və D yerləri). Orada həm də Rusiyadan bir ailə (5-ci sırada 3 nəfər), bir fransız (məndən sonrakı 4A yeri) və başqa ailələr də (məsələn, arxanızda, 2-ci sırada oturmuş cütlük) var idi. Mən 4B yerində oturmuşdum ki, övladlarım həyat yoldaşımın yanında otura bilsinlər (onlar 2A və B, eləcə də 3A və B yerlərini tutmuşdu). Sadə hesablamalar göstərir ki, mənim əldə etdiyim biletlərin sayına dair dedikləriniz açıq-aşkar iftiradır.

3. Mənim stüardessaya müxtəlif istək və tələblər ünvanlamağım da böhtandır - o cümlədən, guya kiminsə “ekonom klass”dan “biznes klass”a köçürülməsi tələbi. Mən belə bir istək ifadə etməmişəm. Yazınızda qeyd etdiklərinizin tam əksi olaraq, mən heç vaxt hədə və təhdid xarakterli ifadələr işlətməmişəm.


4. Doğrudan da, 4C yerində əyləşmiş sərnişin (keçidin o tayında) müəyyən narazılıqlar ifadə edirdi, ancaq mən bu narazılıqların haqlı və ya haqsız olduğuna dair fikir yürüdə bilmərəm. Mən söhbəti əvvəldən axıradək eşitmişəm. Sərnişin onun yuxuya getmiş və dayəsi ilə bir yerdə oturmuş balaca oğlunu oyatmamağı xahiş edirdi. O, həm də dayənin elə həmin yerdə, sərnişinin yanında qalmasına icazə verilməsini istəyirdi. Stüardessa bu xahişləri rədd etdi və dayə öz yerinə qayıtmalı oldu. Sərnişin isə dedi ki, o, bununla bağlı şikayət edəcək. Mən bu mübahisələrə bir dəfə də olsun müdaxilə etməmişəm. Mən bu sərnişinin kim olduğunu bilirəm. Elə THY da həmçinin, 4C yerini tutmuş bu sərnişinin kimliyi haqda müvafiq qeydiyyat sənədləri sayəsində tam məlumata malikdir. Bu insan nə hökumət üzvüdür, nə də hər hansı bir siyasi partiyanın üzvü. Onun mənim ailəmə də heç bir aidiyyəti yoxdur.

5. Bilavasitə bu mübahisə bitdikdən sonra stüardessa sərnişinlərə yemək gətirdi və mən onunla kifayət qədər müsbət tərzdə söhbət etdim. Narazı sərnişin ona göstərilən xidmətlərdən imtina etdikdə, stüardessa hətta vasitəçilik etməyim üçün mənə müraciət etdi. O xahiş etdi ki, mən həmin sərnişindən ona qəzəblənməməsini rica edim. Mən isə cavabında bildirdim ki, mən başqalarına necə davranmalı olduqlarına dair göstəriş verə bilmərəm. Bu, stüardessa ilə dialoq apardığım YEGANƏ hal idi. Çox guman ki, mənim stüardessa ilə danışdığımı məhz onun yemək gətirdiyi vaxt görmüsünüz.

Mənim kimliyim və fəaliyyətim haqqında məlumat asanlıqla İnternetdən əldə oluna bilər. Mən, hökumətimiz və dövlət başçımız kimi, demokratik dəyərləri tam qəbul edirəm. Mən mətbuat azadlığına hörmətlə yanaşıram. Mən insan azadlıqlarına hörmət edirəm. Mən öz peşəkar borcuma da ləyaqətlə yanaşıram. Eyni zamanda özümə də hörmət edirəm. Ümud edirəm ki, siz də özünüzə hörmət qoya bilirsiniz. “Hürriyyet” Türkiyə mediasında tanınmış addır. Heç bir əsası olmadan siz mənə layiq olmadığım epitetlər qoşursunuz. Haqqımda təhqiramiz ifadələr işlətməyiniz bəs deyilmiş kimi, məqalənizdən çox da sevmədiyinizi anladığım Azərbaycan hökumətinə də qara yaxırsınız. Yazınızı oxuduqda təəssüratım bu oldu ki, siz həddinizi aşaraq təmsil etdiyim millətə, hökumətə qarşı təhqiramiz bənzətmələr aparırsız. Akademik türk dilini o qədər də yaxşı bilmədiyim üçün (qrammatik baxımından o, Azərbaycan dilindən fərqlənir), bəzi detallarda yanlışlığa yol vermiş ola bilərəm. Lakin, mən ölkəm və millətimlə fəxr edirəm. Və bir Azərbaycanlı kimi, bir ailə başçısı kimi ya da siyasi xadim kimi nə özümdən, nə də hərəkətlərimdən utanmıram.

Tələb edirəm ki, bu açıq məktub “Hürriyyet” qəzetinin növbəti sayında, eynilə təhqiramiz məqalənizin dərc edildiyi tərzdə və formatda, heç bir düzəliş edilmədən dərc olunsun. Əks təqdirdə şərəf və ləyaqətimi qorumaq üçün Türkiyə qanunları və ya istənilən digər qanunlarla təsbit edilmiş bütün vasitələrdən istifadə etmək hüququnu özümdə saxlayıram.

Türk Hava Yollarından 11 avqust tarixli TK 1855 reysinin səsyazma materiallarını tam olaraq Hürriyyet qəzetinə və mənə ötürülməsini xahiş edirəm. Bu çox vacibdir və aşağıdakı səbəblərə bağlıdır. Birincisi, mənim davranışım sizin məkrli yazınızda göstərildiyi kimi olubsa, o zaman ekipaj üzvünün təhqir edilməsinə görə THY “qara siyahısına” daxil edilməyimin faktiki olaraq bir addımlığında olmalıyam. İkincisi, hal-hazırda mən böhtan və iftiraya məruz qaldığım üçün maraqlarımın müdafiəsini təmin etmək məqsədilə Türkiyə məhkəməsinə müraciət etmək üçün vəkil tutmağı düşünürəm. Sorğumun THY tərəfindən təmin olunması ədalətin bərpa edilməsinə bir dəstək olardı. Üçüncüsü, iki türk əsilli yetkin şəxs bu və ya digər faktlara dair razılığa gələ bilmirlərsə, bu o deməkdir ki, onlardan hansı birisə yalan danışır. Bu, mən deyiləm.

Eyni zamanda diqqətinizə çatdırıram ki, öyrənməyi, dərs almağı özümə heç vaxt ayıb bilməmişəm. Yazırsınız ki, stüardessa mənə dərs verdi. Yanılırsınız. Əslində yazılarınızı oxuduqdan sonra gəldiyim nəticə bu oldu ki, bəzi insanlar uydurduqları hadisələrdən ümumiyyətlə səhv nəticələr çıxara bilərmiş.

Yazılarınız Azərbaycan mediasında geniş əks-səda doğurduğuna və onlara xeyli istinad edildiyinə görə, düşünürəm ki, bu açıq məktubun bir nüsxəsinin yerli mətbuata da ötürülməsi düzgün olardı. Bütün bu hadisələrin mənim məzuniyyətim dövründə baş verməsinə baxmayaraq Azərbaycan ictimaiyyəti qarşısında bir məmur kimi informasiya vermək borcumu yerinə yetirməyimi vacib sayıram. Məsələ ilə bağlı bu gün mənə xeyli sayda zəng gəlmişdir. Gizlətməli heç bir şey yoxdur. Sadəcə olaraq ümid etmək istərdim ki, bütün bu səhvlərə qərəzli niyyətiniz olmadan yol vermisiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2249

Oxşar yazılar