Tabutunu açmağa qoymadılar, bu günə qədər də elə bilirəm sağdır - ŞƏHİD ƏMANƏTİ
13 avqust 2021 20:15 (UTC +04:00)

Tabutunu açmağa qoymadılar, bu günə qədər də elə bilirəm sağdır - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid Rüfət Mürvət oğlu Əsgərov oğluna həsr olunub.

Rüfət Əsgərov 1981-ci il avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1988-1996-cı illərdə Xətai rayonunda Ə. Əliyev adına 204 nömrəli tam orta məкtəbdə, 1996-1999-cu illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində başa vurub. 2014-cü ildə mayor hərbi rütbəsi ala Rüfət Əsgərov, həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbinin Kəşfiyyat kafedrasının baş müəllimi idi.

Azərbaycan Ordusunun mayoru olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib. Rüfət Əsgərov oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Müharibə...

Birinci Qarabağ müharibəsi bizlərin, yəni o dövrdə on, on üç, on altı yaşı olanların gözləri önündə cərəyan edirdi. Qanlı cəbhələrdə, səngərlərdə olmasaq belə müharibənin ağrı-acısı qonşularımızın, qohumlarımızın evində əks-səda verirdi. Hər gün gözü yolda qalan evlərin qapıları astaca açılır, mafələr mənzillərə daxil olur, anaların, bacıların fəryadı ətrafa yayılır, şəhid atalarının, qardaşlarının beli bükülürdü. O, adamlardan sağ qalanlar indi getdikcə azalmağa başlayır. Aradan keçən otuz il bu insanların yaralı qəlbinə, dərdli talelərinə məlhəm ola bilmədi. Həmin on, on üç, on altı yaşlı uşaqlar yəni bizlər böyüdük, ata, ana olduq və ikinci Qarabağ müharibəsinin də şahidləri olduq. Qubadlıda doğulan sonra isə vətənindən ayrı düşən Rüfət Əsgərov isə müharibənin iştirakçısına çevrilənlərdən, bu yolda şəhid olanlardan biri oldu.

Rüfətin evinə daxil olanda, bütün şəhid ailələrində qarşılaşdığım mənzərə ilə rastlaşdım. Onun evinin divarlarındakı portretlər, ordan baxan gülümsər, qayğılı simalar, ailə xoşbəxtliyi bir zamanlar səadətlə davam edən insan ömründən xəbər verirdi. İndi həmin insan ömrü yarıda qırılmış, ömür bitmiş, səadət hara isə yoxa çıxmışdı.

Rüfətin xanımı Arzu çay süzmək üçün mətbəxə keçəndə mən onun qızı ilə söhbət etməyə başlayıram.

- Qızım, adın nədir, neçə yaşın var.

- Adım Zəhradır, 9 yaşım oldu. Əlaçıyam.

- Qardaşın səndən böyükdür?

- Bəli. İndi o, düşərgəyə gedib. Məni də aparmaq istəyirdilər

- Niyə getmədin?

- Yaşım çatmırdı, həm də anama görə...

Anama görə sözlərini deyəndən sonra Zəhra başını aşağı salıb susur.

Otağa girən Arzu xanım divara vurulmuş şəkillərə baxaraq, oradakı itmiş səadətinin xatirələrini soraqlayır:

- Biz Rüfətlə qonşu olmuşuq, eyni baxçaya, eyni məktəbə getmişik. Yəni bir həyətdə böyüdüyümüz üçün qiyabi tanışlığımız olub, amma heç bir ünsiyyətimiz olmayıb. Hətta biz ailə quranda sinif yoldaşlarım dedilər ki, sizin yəqin elə məktəb illərindən münasibətiniz olub, bizdən gizlətmisiniz. Amma doğurdan da Rüfətlə paralel siniflərdə oxuyurduq və bir-birimizlə tanışlığımız yox idi. Doqquzuncu sinifdən Rüfət Cəmşid Naxçıvanski adın liseyə oxumağa getdi, amma mən orta məktəbi davam etdirdim. Biz onunla bir də 2005-ci ildə rastlaşmışıq. Bu da rəhmətlik qayınanamın sayəsində olub. Qonşu qızı kimi məni görüb, bəyənib Rüfətə məsləhət görüb. Onda Rüfət deyib ki, mən Arzunu tanıyıram... İlk dəfə görüşməzdən əvvəl o, mənə zəng vurdu, görüşmək istədi. Amma mən razı olmadım. Bir ay onunla görüşmədim. Biz eyni ildə, eyni ayda anadan olmuşduq. Ad günlərimiz də həmişə bir həftəyə düşürdü. Nişanlanandan altı ay sonra 2016-cı ilin yanvar ayında ailə qurduq. Biz ailə qurandan o, artıq leytenant idi.


Sevgi...

- Ailə qurandan sonra aranızda sevgi yarandı?

- Bəli. Amma bizim aramızda sevgidən də əlavə hörmət vardı. On beş il idi ki, bir-birimizə hörmətlə yanaşırdıq. Heç vaxt xətrə dəyən hərəkətlər etməzdik. Mən onun hərbçi olmasından həmişə ehtiyat etmişdim. Bütün hallarda çətin dövrlər idi. O, isə ilk görüşdə mənə dedi ki, Arzu, mən hərbiçiyəm, həm də kəşfiyyatçıyam. Biz də özün bilirsən ki, müharibə şəraitində yaşayırıq. Hər an, hər şey ola bilər. Müharibə başlasa, mən gedəcəm. Sənin üçün çətin olacaq, indidən hazır ol. Biz ailə qurandan sonra çətinliklərimiz çox olurdu. Bəzən aylarla ayrı qalırdıq. Mən burda, o, xidmət etdiyi rayonun hərbi hissəsində. Mən elə bilirdim ki, Rüfət məişət çətinliklərini nəzərdə tutur, ağlıma da gəlməzdi ki, o, ölümü barədə, birgə həyatımızın yarıda qalması haqqında da mənə nələrsə çatdırmaq istəyirmiş. Aprel döyüşləri olanda, mən şəhid xəbərlərinə baxa bilmirdim, o, isə mənə deyirdi ki, bu sabah mənim də başıma gələ bilər? Necə yəni baxa bilmirəm. Evimizdə daim uşaqlara vətənpərvərliyi təbliğ edirdi. Deyirdi, soyuqqanlı və möhkəm ol. Sonuncu dəfə onunla danışanda da mənə demişdi ki, Arzu elə bir yerdəyəm ki, burdan sağ çıxa bilərəm də, bilmərəm də. Onda o, gördü ki, mən pis oluram, əsəbiləşdi. Dedi, uşaqsan sən. Otuz doqquz yaşın var, hər şeyə hazırlıqlı olmalısan, qəbul etməlisən.  

Raquf

Hərb, müharibə, səngər ən yaxşı və möhkəm dostluqların qurulduğu yerdir. Bu baxımda Rüfət də özü üçün xeyli dost qazana bilmişdi. Onun ən yaxın çiyindaşlarından biri isə aprel döyüşlərində qəhrəmancasına həlak olan Komandir ləqəbli Raquf Orucov idi. Arzu xanım deyir ki, onların bir-birinə qarşı dərin hörmət və ehtiramı olmuşdur:

- Onlar Ağcabədidəki N saylı hərbi hissədə 3, 4 il bir yerdə qulluq etmişdilər. Rüfət Raqufu çox istəyirdi. Raquf şəhid olandan sonra Rüfət hər dəfə Sumqayıta gedəndə onun qəbrini ziyarət etməmiş gəlməzdi. Hətta dəfələrlə ziyarətə gedəndə məni də özü ilə birgə aparmışdı. Onun şəhid olmasına çox məyus olurdu. Deyirdi o cür oğul şəhid oldusa, biz onun qisasını almalıyıq. Sonra Polad Həşimov şəhid oldu. Bu xəbər ona dəhşətli dərəcədə pis təsir etdi. Nə bilim, hərdən deyirəm ki, ay Rüfət, kaş bir az pis xasiyyətli olardın. Mən də onu yadıma salım, bir az ürəyim sakitləşsin.

- Nələri sevirdi, nələri bəyənməzdi?

- Ciddi, əsl kişi xasiyyətli adam idi. Şit hərəkətləri, sözləri xoşlamazdı. Mən onun sifət mimikasından bilirdim ki, nə xoşuna gəlir, nə yox. 

Yuxu...

Bayaqdan susqun oturan, dalğın, kədərli gözlərlə anasını izləyən Zəhradan atasının ona qarşı münasibətini xəbər alıram. Əvvəlcə utanır. Ancaq sonra doqquz illik ömrünə sığdıra biləcəyi xatirələri yadına salır:

- Atam qardaşımı da, məni də çox istəyirdi. Qardaşım mənim xətrimə dəyəndə mənim tərəfimi saxlayırdı. Mən də atam işdən gələndə, onun qucağına hoppanırdım. Məndən çay istəyəndə gətirirdim. İndi atamı hərdən yuxuda görürəm. Gəlir, sakitcə mənə baxıb gedir. Yuxudan ayılanda pis oluram, deyirəm, kaş bir az gec ayılardım. Onda atamı daha çox görmüş olardım. Sonra yuxudan oyanıb məktəbə gedirəm. Orda da hamı mənə hörmətlə yanaşır. Bilirlər ki, mən şəhid qızıyam, atam mayor olub. Mən də bununla fəxr edirəm.

Arzu xanım diqqətlə qızının sözlərini dinləyərək əlavələr edir:

- İndi-indi Zəhraya deyirdi ki, get ataya çay gətir. Bu da əsə-əsə ona çay süzüb gətirirdi. Oğlum anadan olanda, Rüfət yanımda deyildi, amma Zəhra olanda burda idi. Çox sevinmişdi. Uşaqları çox istəyirdi. Axırıncı günlər deyirdi ki, uşaqlar elə bil birdən böyüyürlər. Onların böyüməsinə elə bil sevinirdi. Nə bilim çox yaxşı ata, ər idi. Bizi həmişə yayda bölgələrə aparar, özü samovar dəmləyər, kabab çəkərdi. Həmişə də deyirdi ki, yaşlanandan sonra kəndə gedib orda yaşayarıq. O, Qubadlıda anadan olmuşdu, uşaqlıq xatirələrini həmişə danışardı. Və torpaqların azad olunacağına güclü inamı vardı. Oralarda yaşamağa həvəsli idi. Həmişə deyirdi, mənimlə orada gedib qalarsan? Deyirdim, sən harda, mən də ordayam.

İnsan ümidlə yaşamağa məhkumdur. Bu onun istək və arzularının xaricində olan alın yazısıdır. Həyatda hər şeyə ayrılığa, aclığa, kasıblığa, böyük və kiçik dostluqların, məhəbbətlərin bitməsinə, doğmalarla uzun illik küsülülüklərə bir sözlə yer üzündə insan yaşadığı müddətcə onunla mövcud olmağa davam edən hər şeyin yanında olmamasına dözmək olar. Düzələcək, alınacaq, davam edəcək kimi xəyalların, ümidlərin arxasınca qaçaraq getmək, astaca yerimək də olar. İnsanın barışa bilməyəcəyi yeganə ağrılı həqiqət ölümdür. Ölüm bütün ümidsizliklərin sonudur. Ölüm faktı baş verirsə, deməli artıq hər şey bitib, yoxdur, qayıtmayacaq! Rüfətin ölümü də ümidlərin sonu idi. Onun yaxınları, ailəsi, övladları üçün...

27 saniyə...

Arzu xanım deyir ki, Rüfət ikinci Qarabağ müharibəsi başlanan kimi cəbhəyə yollanır:  

- On dörd gün ərzində onunla yaxşı danışa, əlaqə qura bilmədik. 16-cı günündə, oktyabrın 14-də isə şəhid oldu. Suqovuşanı alıb Ağdərə istiqamətində hərəkət edəndə şəhid olmuşdu. Oktyabrın on ikisində mənimlə danışanda dedi, mənə bir neçə gün zəng çatmasa, narahat olmayın. Elə ertəsi gün zəng vuranda, ona zəng çatmadı, narahat olmağa başladım. Ayın 13-də zəng vurdu, çox qısa danışdı, cəmi 27 saniyə. Dedi, çox sual vermə, salamatlıqdır, narahat olma. 14-də yenə ona zəng çatmadı. Günorta dördün yarısı idi. Çıxdım eyvana, gördüm həyətdə xeyli adam var. Mən pəncərəni açıb baxanda, hamı mənə tərəf baxdı, şübhələndim. Sonra çıxdım üst qonşuya ki, görüm nə olub. Qonşum dedi, Arzu qorxma, Rüfət yaralanıb. Deyəsən evə gətirirlər. Elə bildim ki, ayağımın altından yer qaçdı. O hissi yaşamadan ifadə etmək olmaz (kövrəlir). Mən qışqırmağa başlayanda, qonşular bizə yığışdı. Bir o yadımdadır ki, qızım Zəhra stulda oturub diqqətlə mənə baxır. Sonra onu anamgil gəlib apardı. Mən bildim ki, artıq Rüfət şəhid olub, yaralanmaq söhbəti məni qorxutmaq üçün qoşulub. Mənə deyəndə ki, onu gətirirlər. İnanmadım, elə bildim ki, özü gələcək. Mən hətta bu evdə tabut görəndə də inanmadım ki, onun içərisindəki Rüfətdir. İndi də gözüm yolda, qulağım səsdədir. Onun üzünü də görməyə qoymadılar. Dedilər ki, baxmamağınız məsləhətdir. Mən onun ancaq ayaqlarını, kürəyini şəkillərdə gördüm. Əvvəlcədən çəkib atmışdılar ki, yoldaşına göstərin, görün tanıyacaq. Orda tabutu açmaq mümkün olmayacaq.

- Tanıdınız?

- Hə, ayaqlarını görən kimi tanıdım. İnsan doğmasını şəkildən belə olsa, görən kimi tanıyır (ağlayır). İnsan üçün doğma adamın birdən birə yox olması dəhşətlidir. İnanın mətbəxdə iş görürəm, elə bilirəm ki, Rüfət indi qapını açıb içəri girəcək. Və yaxud da otaqda otururam, elə bilirəm, mənim yanımdadı. Hələ də onun ölümünü qəbul edə bilməmişəm. Bəlkə də gözümlə görməmişəm son dəfə ondandır. Mən Rüfəti ölü kimi qəbul edə bilmərəm.

Qoymurdular evdə qalmağa, yalvardım, yaxardım ki, bir gecə evdə qalsın, icazə verdilər. Oğlum da idmandan gələndə bildi, hər şeyi. Tabut gələndə qohumlarıma dedim ki, uşaqlarımı gətirin görsünlər. Elə bil uşaqlarımı da hazırlamışdı. Nə oğlum, nə qızım bir dəfə də ağlamadı. Doqquz aydır, qızım bir dəfə də olsun ağlamayıb. Elə bil atasını ölümünü, şəhidliyi dərk edir. Rüfətin ən böyük arzusu ondan ibarət idi ki, övladları yaxşı təhsil alsınlar. Mən də çalışacam bu yolda onun arzuları gerçəkləşsin. Çünki Rüfətin uşaqları onun mənə qoyub getdiyi ən böyük əmanətlərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20493
avatar

Samirə Əşrəf

Oxşar yazılar