Sinəyə dəyən güllə... Dostlarını atəş altından çıxarıb özü şəhid olan Əli – ŞƏHİD ƏMANƏTİ
21 yanvar 2022 16:59 (UTC +04:00)

Sinəyə dəyən güllə... Dostlarını atəş altından çıxarıb özü şəhid olan Əli – ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə işi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Əli Aydın oğlu Tağıyev haqqındadır.

Əli Aydın oğlu Tağıyev 7 avqust 1997-ci ildə İmişli rayonunda anadan olub. Bakıda 162 saylı orta məktəbdə oxuyub. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Xidmətdə olan zaman başlanan aprel döyüşlərində qəhrəmanlıqla iştirak edib. Xidməti başa vurub evə qayıtdıqdan sonra sevdiyi qızla nişanlanıb. Binaların havalandırılması üzrə mütəxəssis kimi fəaliyyət göstərib.

Əli Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Əli Tağıyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

6 şəhid

Telefonun o başından narahat, hər şeydən qayğılanan qadın səsi gəlir. Səs ciddi cəhdlə mənə görüşəcəyimiz ünvanı izah edir:

- Bax, gəldin Əlinin şəklinin yanına, orda dayan, heç hara getmə. Gəlib özüm götürəcəm səni.

Narahatlığını aradan qaldırmaq üçün onu əmin edirəm:

- Narahat olmayın, siz deyən yerdə dayanacam.

20-ci dairəyə çatıram. Altı şəhidin şəkli vurulmuş divarın yanında dayanıram. Şəhidlərin şəkillərinin altından yazılmış təvəllüdlərinə və gülümsər simalarına baxıram. Hər birinin ürəyində arzuları, istəkləri olan bir gənclər indi həyatda yoxdular. Onlar arzularını özləri ilə götürüb harasa çox uzaqlara gediblər.

Telefonuma zəng gəlir. Məlum olur ki, mən səhv yerdə dayanmışam. Tərslikdən də hava bərk soyuyur, şaxta iliklərimə qədər işləyir. Təranə xanımı görkəmindən tanıyıram. Bütün şəhid anaları kimi saçları ağarıb, saç boyası qoymasının üstündən artıq bir ildən çox vaxt keçib. Əynində qara paltar, başında da qara örpək... O, nigaran baxışlarla ora-bura boylanıb məni axtarana qədər, mən onu tapıb, yaxınlaşıram.

Mənzilbaşına çatanda qapının qarşısındakı qara mərmər lövhənin üzərindən Əlinin gülümsər siması boylanır. Onun şəklini çəkmək istəyəndə, Təranə xanım əlindəki dəsmalla mərmərin kənarlarındakı toz, yağışdan qalma palçıq ləkələrini silir. Mənzilə keçirik, bizi Əli yox, onun şəkilləri qarşılayır. Sürfə başında Əlinin nənəsi Şamama xala, atası Aydın bəy də əyləşir. Söhbətə Elə Aydın bəy özü başlayır.

- Çox yaxşı, səmimi uşaq idi Əli. Boş vaxtlarında da mənə kömək edirdi. Mənim avtobusum vardı. Tez-tez onun təmirinə kömək edib, əl atırdı. Üç oğlum olub. Əli digər iki oğlumdan şən idi, fərqliydi. Onunla bağlı ən çox yadımda qalan bir xatirəm var. Mən evə gələndə, o, əllərini cibinə qoyurdu, əynində də Qalatasaray komandasının forması olurdu. Evdə o baş, bu başa gedib deyirdi, ata, sənə nə kömək lazımdı, nə eləyim.

Ürəyədamma...

Birinci Qarabağ müharibəsi iştirakçısı olan Aydın bəy deyir ki, İkinci Qarabağ müharibəsi başlananda, oğlanlarının hər üçü cəbhəyə könüllü getməyi arzulayırlar, ancaq çağırış Əliyə gəlir. Əli də çoxdan arzuladığı günün çatmasına, düşməndən qisas alacağı anın yaxınlaşmasına sevinir:

- Müharibə başlamışdı, mən müharibə görmüş adamam. Bilirdim ki, gedib qayıtmaya da bilər. Onu özüm hərbi komissarlığa apardım. Qucaqlaşanda, elə bil hiss etdim ki, onu bir də görməyəcəm. Amma özümü o yerə qoymadım, qoya da bilməzdim. Əli sentyabrın 29-da yola düşdü. Onunla vidalaşıb evə gəldik. Ümumiyyətlə, Əli müharibənin başlamasından qətiyyən narahat deyildi. Bu yaxınlarda qardaşım mənə deyir ki, Əli ilə nə vaxt oturub söhbət edirdiksə, mütləq Qarabağ mövzundan danışardı. Nə qədər istəyirdim ki, onu bu mövzudan çəkindirim, amma mümkün olmurdu. Amma bununla yanaşı ailəcanlı uşaq idi. Heç vaxt nə mənim, nə anasının sözündən çıxmazdı. Nə siqaret çəkərdi, nə içki içərdi. Axşam hava qaralan kimi Əli də, elə o biri qardaşları da evdə olardı.

Bizim bu yaxınlıqda mağazamız var. Cəbhəyə gedəndə, Əli gəldi evə, mənimlə birgə dükana getdik. İnandırım səni gedəndə o qədər şən əhval-ruhiyyədə idi ki, elə bil toya gedirdi. Amma getməmişdən əvvəl mağazada dedi ki, mən şəhid olacam.

- Sizə dedi?

- Hə. Mən də dedim, Əli bəsdir, elə demə. Yanımda Nərgiz adlı rəfiqəm vardı, o, əlini dizinə çırpdı, dedi ki, Əli niyə elə deyirsən? Dedi Nərgiz xala, bir sözdür də, mən deyirəm. Amma yadımdadır ki, mənə sonuncu sözü bu oldu. Atamdan muğayat ol. O, şəhid olanda, cəbhə yoldaşı Bilal Əli şəhid olandan sonra mənə zəng vurdu. Onda o, mənə demədi, Əlinin şəhid olduğunu. Amma sonralara dedi, Təranə xala, sağ-salamat qayıdım gəlim, görün, Əlidən sizə nələr danışacam. Amma təəssüf ki, Bilal da Şuşada şəhid oldu.

Sevgi...

Ancaq müharibəyə yollanmazdan əvvəl sevib seçdiyi qızla nişanlanır. Tez-tez onun görüşünə yollanmaq üçün Gəncəyə, nişanlısının yaşadığı şəhərə gedir. Təranə xanım həmin günləri xatırlayır:

- Əli nişanlısı ilə Bayraq meydanında təsadüfən görüb tanış olmuşdu. Əsgər getməzdən əvvəl qızın anası mənə zəng vurub dedi ki, biz sizin oğlunuzun fikrinin ciddiliyinə əmin olmaq istəyirik. Dedim, mənim oğlum istəyirsə, ona xoşdursa, mənə də xoşdur. Əli əsgərdən gələndən sonra ad günü ərəfəsi idi. Ona dedim ki, Əli, sənə nə hədiyyə edim, nə alım? Dedi, heç nə istəmirəm, qızgilə elçi gedin. Qayda-qanunla elçi getdik, nişan qoyduq. Sonralar da Əli gedirdi, görüşürdü. Düz üç il yarım nişanlı oldular. Qız universitetdə təhsil alırdı. İndi deyirəm ki, kaş, ailə qurardılar, balamın bir yadigarı qalardı. Əli şəhid olanda onlar da çox ağladı, sızladı. Amma qismət, tale belə gətirdi.

Biz söhbət etdikcə, söhbətimizə astadan müdaxilə edən, aram-aram qoşulan Şamama xanım, Əlinin ata nənəsinin həsrəti məni mütəəssir edir. Əli necə yadınızda qalmışdı sualını verəndə, nənənin gözlərinin bulağı açılır:

- Bu üç uşaq mənimlə birgə böyüyüb. Gecə düşdü, onlar gəlmədilərsə, mənim gözümə yuxu getməzdi, İllah da Əli. Bu özünü istədən uşaq idi (ağlayır). Xəstələnəndə, Əli gəlirdi, corablarımı geyindirirdi, kürəyimi ovxalayırdı. Bir dəfə zəhərlənmişdim, bayırda halım pis oldu. Girdi qoluma gətirdi məni evə, həkim gələnə qədər yanımdan çəkilmədi. Dedi, nənə səni tək qoymaram, yanındayam qorxma (ağlayır). Onun yanımcıllığı heç yadımdan çıxmır. İndi şəkillərinə baxıram, elə bil hamısı canlıdı, dil açıb danışacaq.

Əsgərə gedəndən sonra hər gün gecə dururdum, çıxırdım bayıra, yata bilmirdim. Əlimi qaldırıb allahın dərgahına yalvarırdım ki, balama, bütün balalara kömək etsin. Bir gün Əli zəng vurdu, hamı ilə danışdı, dedi, ver nənəmə. Danışdım, dedi, nənə yaxşı ol. Sonra səs kəsildi, sözüm yarımçıq qaldı. Bir az keçdi yenə zəng vurdu. Nənə özündən muğayat ol deyə-deyə sağollaşdı.

Əlinin şəhid olma xəbəri ailədə birinci Aydın bəyə çatır. Qardaşı Firavan bəy ona zəng vurub deyir ki, Əli yaralanıb. Amma nədənsə, ailədən heç kim bu xəbərə inanmır. Xüsusilə də Şamama xala:

- Həyətdə oturub Firavanla söhbət edirdim, gördüm ki, sözlü adama oxşayır. Dedim, Əliyə nəsə olub? Dedi, hə, yaralanıb, gətirirlər. İnanmadım. Dedim, məni aldadırsan, Əli şəhid olub. Dedi, yox, vallah, yaralıdı, get, anasına xəbər ver. Sən demə hamı bilirmiş, bir bizdən başqa. Mən də bu xəbəri hamıdan qabaq bilmişdim.

Dua...

- Necə bilmişdiniz?

- Əlinin xəbəri hələ çıxmamışdı, qonşularla həyətdə oturub söhbət edirdik. Birdən elə bil ürəyimdən güllə ilə vurdular. Çığırdım, ağladım. Dedilər, niyə belə edirsən? Dedim, mənim balama nəsə olub. Məni gətirdilər evə, iki-üç dərman verdilər. Axşama qədər ağladım. Öz-özümə təskinlik verdim, dedim, ay Allah ağlayaram, birdən Allaha ağır gedər. İki gündən sonra Əlinin xəbəri çıxdı. Əli dəfn olunandan sonra bir gün özümü saxlaya bilmədim, ağlaya-ağlaya getdim onun çarpayısına tərəf. Ürəyim də artıq neçə gün idi ki, çox pis ağrıyırdı. Əlinin yatağını qoxladım, inan Allaha elə bil gül qoxusu gəlirdi yataqdan. Sonralar hər gecə gedib onun boş çarpayısının yanında oturub ağlayırdım. Elə bil onun yerindən behişt qoxusu gəlirdi. Onunla da ürəyimin ağrısı keçdi. Elə bil gəlib, əlini kürəyimə çəkib getdi (ağlayır).

Təxminən eyni hal elə Tahirə xanımın da başına gəlir. Müharibənin ən dəhşətli, ən səksəkəli günlərində cəbhədə övladları olan analar nə hislər keçirirlərsə, o, da onun eynisini yaşayır:

- Mənə xəbəri oğlum gətirdi, dedi, Əli yaralanıb, otur maşına, mən də gəlirəm. Dedim, məni aldatma, Əli bu dünyada yoxdur. Ona görə ki, üç-dörd gün idi ki, məni sanki qara basırdı, gözümün qabağından cənazə, insanlar gəlib keçirdi. Qonşuluqda Cavidan adlı oğlan şəhid oldu, onu gətirəndə, mən bir hallara qaldım ki, Allah heç kimə göstərməsin. Uşaqlara dedim ki, Aydına deyin, bu tərəflərə gəlməsin. İstəmirdim, Aydın gəlib görsün. Allaha yalvarırdım ki, bizim günahlarımızı bağışla, balama heç nə olmasın. Əlini gətirəndə, məni görən adamlar sonradan deyirdilər ki, sən elə bil ayaq üstə ölmüşdün. Çünki ona qədər də mən çox ağlamışdım. Hər gün işdən gələndə, xörək bişirib uşaqlarının qarşısına qoyurdum, amma özüm yeyə bilmirdim. Yalandan yeyirdim ki, uşaqlar narahat olmasınlar. Hiss edirdim ki, Əli mənim deyil artıq.

Təsəlli

Əli doğmalarının da ürəyinə damdığı kimi Hadrut döyüşləri zamanı sinəsinə dəyən güllə qəlpəsindən şəhid olur. Bir az keçəndən sonra isə Əlinin komandiri də şəhid olur. Ancaq şəhidlik məqamına qədər Əli yaralıların daşınmasında, şəhidlərin neytral bölgədən çıxarılmasında ciddi köməklik göstərib. Təranə xanım söhbətimizin sonunda oğlunun ölümünün təsəllisini az da olsa, torpaqlarımızın işğaldan azad olunmasında tapdığını deyir:

- Bir ana balasını canı ağzından çıxan son ana qədər unuda bilməz. Mən hər gün, hər an Əliyləyəm, onu düşünürəm, onunla bağlı xatirələrimi yada salıram. Tez-tez yadıma düşür ki, evə gələndə çənəmdən tutub başımı qaldırır, ya alnımın ortasından, ya da başımdan öpüb deyirdi ki, bir az gül. Təsəllini bizə Allah verir. Təsəllim odur ki, indi balam Allahın yanındadır. Bir də torpaqların işğaldan azad olunması ağrımıza su səpir. Torpaqlar alınmasaydı, balalarımız hədər yerə şəhid olardı. Şükür ki, balam alnımızı açıq edən oğlanların arasında, sırasında oldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6825
avatar

Samirə Əşrəf

Oxşar yazılar