"Onun şəhid xəbərini eşidəndə eyvandan tullanmaq istədim" - ŞƏHİD ƏMANƏTİ
28 may 2022 20:15 (UTC +04:00)

"Onun şəhid xəbərini eşidəndə eyvandan tullanmaq istədim" - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı 44 günlük Vətən müharibəsi şəhidi Fəzail Cahan oğlu Əliyev haqqındadır.

Fəzail Cahan oğlu Əliyev 1990-cı il noyabrın 5-də Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. 1996-2004-cü illərdə Ə. Cavadov adına Bəhmətli kənd tam orta məktəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 

Azərbaycan Ordusunun kapitanı olan Fəzail Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fəzail Əliyev sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Bəhmətli kəndində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fəzail Əliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib. 

Kədər...

Şəhid İsmayıl Qəsəbovun həyat yoldaşı Lalə əllərini gözlərinin üstündə daraq edib diqqətlə bayraq asılan pəncərəyə baxıb deyir: Bax, o bayraq asılan eyvan onların evidir. Az qalıb çatarıq. Qapını üzümüzə bəstəboy, ağbəniz bir xanım açır. Üzündən mülayimlik yağan bu qadın, həm də dalğın, kədərlidir. Qapıdan içəri girməyimizlə, iki, üç yaşlı oğlan uşağının əlindəki oyuncaq tapanca ilə ətrafımızda dövrə vurması, ta-ta-ta deməsi bir olur. Fəzailin üç yaşlı oğlu Cahid ancaq anası Əsmərin sözündən sonra nisbətən sakitləşib bir kənara çəkilir. Fəzailin qızı səkkiz yaşlı qızı Xuşi isə divara söykənib sakitcə anasına və bizə baxır. 

Bu baxışlar mənə tanışdır. Onlardakı həyəcanı artıq neçənci dəfədir ki, görürəm. Atasını itirmiş uşaqların ən böyük qorxusu analarını ağlayaraq görməkdir. Bu səbəbdən də onlar bəlkə də bir ömür boyu ataları haqqında analarından heç nə soruşmur, analarının göz yaşını görməmək üçün daim susurlar. Əsmər xanım, sanki qızının susqunluğuna hörmət əlaməti olaraq mənimlə başqa otağa keçib qapını örtür. Onunla bir az keçmişə qayıdırıq:

- Biz bir məktəbdə, paralel siniflərdə oxumuşuq. Dörd il sevgili, üç il nişanlı, doqquz il də ailəli olmuşuq. Yeddinci sinifdən tanıyırdıq bir-birimizi. İlk dəfə onunla dialoqu yeddinci sinifdə oldu. Yadıma gəlir, o, dərsə girməmişdi, müəllim məni yolladı ki, get, ona de, dərsə girsin. O zaman Fəzaillə söhbət etdik. Elə həmin gündən hiss edirdim ki, mənə baxır, məni izləyir. Sonra bir gün mənə məktub yazıb yolladı.

- Saxlayırsınız?

- Onun məktubunda yazılan sözlərin hamısı bugünkü kimi mənim yadımdadır. Məktubunda belə yazmışdı

“Salam, mənim həyatımın ilk və son məhəbbəti. İnan, yaradan, şahidimdir ki, mənim hər günüm, hər saatım səni düşünməklə keçir. Yenə dünyaya gəlsəm, yenə səni sevərəm. Həm də hər şeydən çox”.  

Həmin məktubu hər gün oxuyur, sonra valideynlərim görməsin deyə gizlədirdim. 

Sevgi...

Səkkizinci sinfi bitirəndən sonra bir gün dərsdən çıxanda, Fəzail məni saxladı, növbəti məktubunu mənə verib dedi ki, mən Bakıya oxumağa gedirəm, məni gözlə. Amma mən həmin məktubu götürmədim, atdım. 

Beləliklə Fəzail məni gözlə sözlərini deyib Bakıya gəlir. Şəhər mühitinə, hərbi təhsilə adaptasiya olmaq xeyli zaman alır. Bu zaman ərzində isə Əsmər günlərlə ondan bir xəbər, bir soraq gözləyir. Hətta iş o yerə çatır ki, Əsmər fikirdən günlərlə məktəbə getmir, xəstələnib yatağa düşür. Hər kəs əlaçı şagirdin birdən-birə belə vəziyyətə düşməsindən narahat olur, bunun səbəbini öyrənməyə çalışır:

- Hər kəs elə bilirdi ki, mən ağır xəstəliyə tutulmuşam. Evdən məni həkimlərə aparırdılar, amma heç kim səbəbi tapa bilmirdi.  Mən isə özümdə baş verən prosesləri bilsəm də, dərdimi açıb deyə bilmirdim. Beləcə doqquzuncu sinif bitdi, tətillər başladı, sonra onuncu sinfə keçdik. Amma o, gəlmədi. Ətrafımdakı rəfiqələrim mənə deyirdilər ki, o, artıq səni unudub. Unutmasa, bir dəfə də olsa, qarşına çıxardı. Mən də əslində elə düşünürdüm. Amma özüm onu unutmamışdım. Onuncu sinfi bitirib yay tətilinə çıxandan sonra onunla xalamın oğlunun toyunda yenidən rastlaşdıq (ağlayır).

Toy

Toyda görəndən sonra gəlib mənə zəng vurdu. O, kənddən gedəndən, ilk dəfə idi ki, gəlirdi. Elə kəndə gələn kimi rəfiqələrimə deyib ki, elə edin, mən Əsmərlə görüşə bilim. Toya da mənə görə gəlibmiş ki, görə bilsin... Ondan sonra biz iki il ancaq telefonla əlaqə saxladıq, danışdıq. Sonra ailələrimiz bizim evlənməyimizə qarşı çıxdılar. 

- Niyə?

- Bizimkilər hərbçi olduğuna görə istəmirdilər. Deyirdilər, hərbçi həyatı çətin olur, əziyyət çəkəcəksən. Onların ailəsi isə deyirdi ki, hələ yaşımız çox azdır. Fəzail oxumalı, təhsil almalıdır. Amma Fəzail sözünün üstündə möhkəm dayandı. Valideynlərinə demişdi ki, ya biz ailə qururuq, ya da həmişəlik ölkəni tərk edəcək. Ondan sonra elçiləri gəldi. 2008-ci ildə nişanlandıq, 2011-ci ildə isə ailə qurduq. O, sonucu kursda oxuduğu üçün məni valideynlərinin yanında qoyub, Bakıya akademiyaya qayıtdı. Bir il orda qaldım. O, da bir, iki aydan bir gəlib gedirdi. Akademiyanı bitirən kimi məni də özü ilə götürüb Bakıya gətirdi. Bir il mənim övladım olmadı. Onda hamı narahat idi, amma Fəzail mənə deyirdi ki, narahat olma, heç vaxt ağlıma da gəlmir ki, bizim övladımız niyə olmur. Olsa da, olmasa da bu allahın qismətidir. Övladımız olmasa da, biz bir-birimizə bəs edərik. İndi hərdən deyirəm ki, o, ürəyindən şəhid oldu. O qədər gözəl qəlbi, hissləri vardı ki... Ailə həyatımız başlanandan sonra da hər şey çox gözəl oldu.

- Deyirlər hərbçilər ailədə soyuq və zəhmli olurlar...

- Ola bilər, hardasa belə olsun. Amma bizim ailəmiz sevgi üstündə qurulmuşdu. Sevgisiz mümkün deyildi. O, evə gələndə, o qədər sevinclə, həsrətlə gəlirdi ki, bunu təsvir edə bilmirəm. İndinin özündə də deyirəm kaş, qapı açıla, o, bircə dəfə qapıdan içəri girə, mən o sevinci, sevgini yenidən yaşayam (kövrəlir).

Övlad

Evliliklərinin üzərindən iki il keçəndən sonra onların qızı dünyaya gəlir. Aradan beş il keçəndən sonra isə Cahid doğulur. Əsmər həmin günləri belə xatırlayır:

- Həmişə mənə deyirdi ki, Əsmər, Xuşi dünyaya gələndə, bizim də yaşımız az idi. Biz onunla birgə böyüdük. Xuşi elə bil bizim balaca bacımız idi. Amma Cahiddə artıq atalığın nə olduğunu hiss etdim. Biz doqquz il bir yaşadıq. Amma bu doqquz ildə bir dəfə də olsun, mən ondan incimədim. Onun yasında mən tez-tez düşünürdüm ki, bəlkə onunla bağlı nəsə pis bir şey xatırlayım ki, bəlkə beynimdən fikri ata bilim. Amma onunla bağlı heç nə yadıma düşmürdü. Çünki heç vaxt xətrimə dəyməmişdi. Gecənin bir aləmində ondan nə isə istəsəydim, ürəklə gedib alıb gətirərdi. Mən rayon qızı olmuşam. Amma o, məni Bakıda hər yerə aparıb, hər şeyi izah edib. Məni işə də qoydu, dedi ki, mənim işim çətindir, bu gün varam, sabah yox. İstəyirəm, ayaqların üstə durasan. Türkiyəyə kursa getdi, dörd aylıq. Mən də onunla getmək istədim. Qoymadı. Dedi, gedim, xəbər edəcəm. Sonra məni də yanına çağırdı, Türkiyənin bir çox şəhərlərini gəzdirdi. O, məni kəşf etdi. Amma mən də onu dəlicəsinə sevmişəm. Bir də görürdün gecənin bir aləmi onu yuxudan oyadıb soruşurdum ki, Fəzail məni sevirsən? O, da yuxulu-yuxulu cavab verirdi ki, hə, yat. Səhər durub deyirdi, gecə yuxulu idim, o, nə sual idi verirdin gecənin bir yarısı (gülür). Qapıdan girən kimi birinci məni qucaqlayırdı. Valideynlərinin yanında da deyirdi ki, mən Əsmərlə nəfəs alıram. Hamı bir yana, o, bir yana. 

Müharibə

Müharibə başlayanda Fəzail könüllü iştirak etmək üçün cəbhəyə yollanır. Ön cəbhədə döyüşür. Ancaq evdə hər kəsə Beyləqanda, arxa cəbhədə olduğunu deyir. Əsmər deyir ki, həmin ərəfədə bir dəfə evlə əlaqə saxlayanda o, Fəzailin tamamilə dəyişdiyinin fərqinə varır:

- Onunla son dəfə 2020-ci ilin sentyabrın 23-də bir yerdə olduq. Çox dəyişmişdi. Tovuz hadisələri ona ciddi təsir etmişdi. 23-də son dəfə evdə gecələdi. Mən gecə yuxudan ayıldım ki, o, yataqda dirsəklənib, diqqətlə mənə, yuxuda olan uşaqlarımıza baxır. Dedim, niyə elə baxırsan? Yat. Cavab verdi ki, sizə doyunca baxmaq istəyirəm. Səhəri gün bizimlə sağollaşıb qapıdan çıxanda, mənə bütün sənədlərini, maaş kartını verdi. Dedi, mənə halallıq ver. Pis oldum. Dedim, nə üçün, hara gedirsən? Dedi, uzaq yola çıxıram, hər şey ola bilər. Möhkəm məni qucaqladı, qoxladı, getdi. O, evdən çıxandan sonra zəng vurdum, dedim, qayıt. İstəmirəm gedəsən. Dedi, qorxma, qayıdacam. Amma qayıtmadı. 

- Son dəfə nə vaxt danışdınız?

- Ayın 27-də zəng vurdu. Dedi, qorxma, Tovuz hadisələri kimi atışmadır. Mən poliqona gedirəm. Sizi allaha əmanət edirəm. 28-də ondan zəng gəlmədi. Amma mən yuxuda gördüm ki, rəhmətə gedən əmisi onun əlindən tutub aparır. Qayınanama zəng vurdum, dedi, qorxma qızım, yaxşı olacaq. Sən demə onlar Fəzailin ön cəbhədə olduğunu biliblər, mənə deməyiblər. Sentyabrın 29-u səhər açılandan ağlamağa başladım. Özüm də bilmirdim niyə ağlayıram. Sən demə elə səhər vaxtı o, şəhid olub. 

- Xəbəri necə bildiniz?

- Oğlumu dərsdən gətirdim. Evə girəndə, hiss elədim ki, evdən bədbinlik yağır. Elə öz-özümə düşünürdüm ki, ilahi, bu evdə Fəzailin əllərinin zəhməti var, bu ev onun evidir və s. Bir az yır-yığış edib, uşağı yatırtdım, mən də onunla uzandım. Qaynımın yoldaşı zəng vurdu. Gördüm ağlayır, qışqırır. Dedim, Fəzailə nəsə olub. Dedi, hə, Fəzail şəhid olub. İnanırsan, heç kimi hələ də bağışlaya bilmirəm. Telefonu qoyandan sonra başladım gülməyə. Həmin gülüşüm hələ də yadımdadır. Şok vəziyyətinə düşmüşəm. Gah qaytarıram, gah gülürəm, gah ağlayıram. Belə dəhşətli bir vəziyyətdəyəm. Evdə də balaca oğlumdur, o, da yatır. Müharibənin başladığını bilmədiyim üçün öz-özümə deyirəm ki, axı Fəzail nəyin şəhididir? Nə olub? Sonra qayınatama zəng vurdum, dedim, düzdür. Dedi, hə.

On dördüncü mərtəbə...

- Sonra nə baş verdi?

- Biz on dördüncü mərtəbədə qalırdıq. Bütün blokda yerləşən mənzillərin qapısını döydüm, heç kim çıxmadı. Mən on dörd mərtəbəni yarım metr kimi görürdüm. Pəncərədən aşağı baxıram, düşünürəm ki, liftlə getmək gec olar, ən yaxşısı burdan düşüm, gedim, Fəzaili axtarım. Eyvandakı şkafın üstünə çıxıb pəncərədən tullanmaq istəyəndə, oğlum yuxudan oyanıb ağladı. Onun qışqırığı elə bil məni ayıltdı. Sonra düşündüm ki, uşağı geyindirim, elə onunla birlikdə pəncərədən düşüm gedim. Elə oğlumu da qucağıma alıb eyvana keçəndə, zəng gəldi. Gördüm qızımın hazırlıq müəlliməsidi zəng vuran. Mənə dedi ki, bəs Xuşi qalıb hazırlıqda, niyə gəlib aparmırsınız? Əvvəlcə gülməyə başladım, sonra ağladım, dedim, Xuşinin atası şəhid olub. Ondan sonra nə olub yadımda deyil. Bir o, yadımdadı ki, qızımla müəlliməsi evə girib məni döşəmənin üstündən götürdülər. Sən demə o qədər ağlayıb özümü döşəməyə çırpmışam ki, huşum gedib, üz-gözüm şişib. Onda tor da olsa, Xuşi gözümə sataşdı. İlk dəfə onun ağlamağını onda gördüm. Sonra müəllimə mənim üzümü yudu, yatağa uzatdı. Baldızıma zəng vurdu. Baldızım dedi ki, yaralıdı, qorxma. Amma məni aldadırdılar. Müəllimə mənə kömək elədi, uşaqların paltarlarını yığdı. Mən özümdə deyildim. İçimdə bircə ümid var ki, gedim rayona, bəlkə o, deyil. Mən kəndə çatanda, gördüm millət yığılıb. Biz kəndə girəndə, Fəzaili morqa aparıblar. Səhəri onu evə gətirdilər. Mən dedim, üzünü açın. İnanın onun üzünü açanda, elə bil evə işıq yayıldı. Məni sonralar da ayağa qaldıran həmin işıq oldu. Bir də o yadımda idi ki, mənə elə gəlirdi ki, onu tez dəfn etsələr, canı, ruhu rahatlaşar. Sonra məzarlıqda mənim ürəyim getdi. Ordan gələndə, bir neçə qohumum dedi ki, Fəzailin üzünü açanda, otağa yayılan işığı gördün? Onda mən bildim ki, həmin işığı tək mən yox, başqaları da görüb. 

Arzu

Bu məqamda sanki Xuşi anasının ağlamağını, bizim danışığımızın həssaslığını hiss edib, otağa girir. Anasından ona nə isə lazım olub olmadığını soruşur. Əsmər deyir ki, qızı çox nadir hallarda atası haqqında nə isə soruşar. Xuşidən atasını necə xatırladığını soruşuram.

- Atam məni balam, qızım, nənə deyə çağırırdı. Ancaq ən çox Xuşi xanım deyirdi. Mənim də belə deyəndə xoşuma gəlirdi. Evə gələndə bizimlə oturub cizgi filmlərinə, uşaq verilişlərinə baxırdı. Mənə də, qardaşıma da çoxlu oyuncaqlar alırdı. Atam şəhid olandan sonra məktəbdə, dostlarım arasında bizə münasibət çox yaxşıdır. Dostlarım, sinif yoldaşlarım bizə çox hörmət edirlər. Mən atamla fəxr edirəm. Ancaq istəmirəm anam ağlasın. Atam da istəməzdi. Çünki atam anamı çox sevirdi. Mən onları heç zaman mübahisə edən, dalaşan görməmişdi. O, həmişə anama ürəyim, canım deyirdi. Atam anamın adını telefonuna gülüm yazmışdı. Atamın ən böyük arzusu böyüyəndə mənim polis olmağımı istəməsidir. Mən onun arzusunu yerinə yetirəcəm.

ə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13788
avatar

Samirə Əşrəf

Oxşar yazılar