Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid Elşən İsmayılova həsr edilib.
Şəhid Elşən İsmayılov
İsmayılov Elşən Firazəddin oğlu 1965-ci il iyunun 15-də Qəbələ rayonunun Quşçular kəndində doğulub. Orada orta məktəbi başa vurub. Çexoslovakiyada hərbi xidmətdə olan zaman tankçı kimi ixtisaslaşıb. Hərbi xidmətdən qayıdandan sonra 14 nömrəli texniki-peşə məktəbində elektrik qaynaqçı peşəsinə yiyələnir. 1986-cı ildən “Bibiheybətneft” NQÇİ-dəki 4 nömrəli mədəndə qaynaqçı kimi işləyir. 1993-cü ilin oktyabr ayında könüllü olaraq cəbhəyə yollanır. 1994-cü il yanvarın 15-də Füzuli rayonunda gedən döyüşlərin birində yaralanıb. Yanvarın 18-də isə 29 yaşında dünyasını dəyişir. İki əkiz qızı və bir oğlu qalır.
28 il, tər qərənfillər...
Bayılın dar, dolanbac küçələrinə gün batana yaxın çatdım. Daş səkilləri irəlilədikcə təngnəfəsliyim artır, yavaş-yavaş təbiəti canlandıran iyun istisi axşam küləyinə qarışıb yoxa çıxırdı. Bayılda sayca dördüncü şəhid mənzilinin qapısını döyürdüm. Bundan əvvəlki daha üç şəhidimiz də birinci Qarabağ müharibəsində ailələrini Bakının bu yığcam təpəsindəki həyət evlərində qoyub getmiş, bir daha geri qayıtmamışdılar.
Elçin İsmayılov da Birinci Qarabağ müharibəsində həlak olmuş, özündən sonra bir oğlan, bir qız övladı, bir də cavan gəlin qoyub getmişdi. İndi döydüyüm qapını üzümə Elşənin həyat yoldaşı Səidə xanım açırdı. Telefonda vədələşdiyimiz kimi evdə bir özü, bir də oğlu idi. Doğrusu, söhbət edəcəyimiz otağa daxil olanda, divar boyu açılan mənzərəni görüb gözlərimə inanmadım. Elşənin şəhid olmasından 28 ildən çox vaxt keçsə də, qarşımda onun cürbəcür çərçivələrə salınmış şəkilləri, məktubları, bir də güldandakı təzə-tər qərənfillər məni əməlli-başlı təsirləndirmişdi. Ailə öz başçısını, sevən qadın yarını, övlad üzünü görmədiyi atasını unutmamışdı. Aradan keçən bu qədər illərə rəğmən...
Elşən bəy müharibəyə yollanan zaman iki əkiz qız övladı olur. Həyat yoldaşı Səidə xanım isə oğluna hamilə olur. Qızları ailəli olduğundan söhbətimizə qoşula bilmədiyindən Səidə xanım və oğlu Elşad mənimlə həmsöhbət olur:
- Biz onunla bir kənddən idik. Mən onu toyda görmüşdüm. Görən kimi də xoşuma gəlmişdi. Sonra bulağa su gətirməyə gedəndə, onu anası ilə yolda gördüm. Onda o, anasına məni göstərib demişdi ki, bu qızdan xoşum gəlir. Bir müddət keçdi, biz nişanlandıq. Bir il nişanlı qaldıq. Onda Elşən Bakıda oxuyurdu. 1990-cı ilin may ayında biz ailə həyatı qurduq. Bir-birimizi sevib ailə qurmuşduq. 1991-ci ildə əkiz qızlarımız dünyaya gəldi. Elşən müharibəyə yollananda qızlarımın üç yaşı tamam olmamışdı, oğluma isə üç aylıq hamilə idim. O, şəhid olandan beş ay sonra iyunun 9-da oğlum dünyaya gəldi. Elşən çox yaxşı, ailəcanlı insan idi. Bizi çox istəyirdi. Ailəsinə, ata anasına çox bağlı insan idi. Hər dəfə işdən evə gələndə eşidəndə ki, harasa işğal olunub, çox əsəbiləşirdi. Deyirdi, belə olmaz, getmək, döyüşmək lazımdır. Elə oldu ki, ona kimsə xəbər verdi ki, cəbhəyə tankçı və topçular lazımdır. Onda dedi gedəcəm. Mən ona çox dedim ki, körpə uşaqlarımız var, getmə. Dedi, yox, mən getməyim, o biri getməsin bəs kim getsin. Narahat olma, hər şey yaxşı olacaq.
- Gedəndən sonra evə gəlmişdi?
- Bir dəfə gəldi. Gedəndən təxminən bir ay sonra gəlib bir gecə qalıb getdi. Bir dəfə də dekabrda mən kənddə olanda, ora gəldi. Deyirdi ki, yeni ilə gələcəm.
Ata
Elşad bəy atasının üzünü görməyib. Atası şəhid olandan beş ay sonra dünyaya gəlir. Onun üçün ata obrazı şəkillərdən, anasının, yaxın qohumlarının danışdığı xatirələrdən formalaşıb. Əslində atası barəsində danışmaq bu baxımdan onun üçün çox çətin olur:
- Mən atamı görməmişəm, hərdən onun şəkillərinə baxanda, düşünürəm ki, atam bu cür olub. Amma sonra onun danışığını, səsini, hərəkətlərini təsvir etməyə çalışıram. Hərdən alınır, hərdən yox. Qohumlarımın, anamın dediyindən belə məlum olur ki, xarakterli adam olub. Müharibəyə könüllü getməsi də əslində onun xarakterinin göstəricisi idi. Tez-tez fikirləşirəm ki, sağ olsaydı, mənim yanımda olardı, mənim üçün əlindən gələni edə bilərdi. Onun bir döyüş dostu var. O, mənə danışırdı ki, sənin anadan olacağını bildiyi üçün çox sevinirdi.
Səidə xanım söhbətə qoşulur:
- O, qızlarını da çox sevirdi. Bir qızım Aygün indi ona həm sifətdən, həm də xarakter etibarı ilə çox oxşayır.
- Səidə xanım, oğlunuzun anadan olması sonralar sizə təsəlli oldu?
- Oldu. Böyüyəndən sonra hiss edirdim ki, evimdə onun yadigarı, kişi xeylağı böyüyür. Şəhid qadını olmaq, ümumiyyətlə ailə başçısını itirmək çox ağırdı. İnsan həmişə kəsik, boynubükük qalır.
Səidə xanım deyir ki, zaman keçdikcə uşaqları ondan atalarının harda olduğunu xəbər alanda “gələcək, gələcək” deyirmiş. Amma bir müddət sonra gələcək sözü təsir gücünü itirir:
- Hər dəfə deyirdim gələcək. Amma onlar ki, həyatı başa düşməyə başladılar, artıq həqiqəti dedim. Dedim, atanız şəhid olub. Şəkillərə baxıb soruşanda ki, ana, o, kimdir? Deyirdim, atanızdır. Uşaqlar yaxamdan yapışanda, tək-tənha qalanda onu çox qınayırdım. Özümdən asılı olmurdu bəzən. Amma bilirəm ki, bu gün də olsaydı, o, mənim sözümə baxmayacaqdı. Baxmayaraq ki, məni çox istəyirdi, gözündən kənara qoymazdı. İndi mən sizə bunları danışıram, həm də elə bil onları yaşayıram, Deyirlər ki, zaman keçir, yaralar qaysaq bağlayır və sağalır. Amma elə deyil. Heç nə sağalmır (Ağlayır).
Axtarış...
Elşad anasının ağlamasına dözə bilmir, sakitcə, ayağının ucunda bayıra çıxır. Səidə xanım isə danışır, danışdıqca da gözündən süzülən yaş damcıları yanağından boynuna süzülür. Aradan uzun illər keçsə də, onun həyat yoldaşına olan sevgisinin, onun itkisinə qarşı dərin ağrının azalmaması məni təəccübləndirir. Hər şey sanki 27 il əvvəl yox, dünən baş verib. O, hıçqırıqlarını boğa-boğa danışmağa çalışır:
- Elşən Füzulidə yaralanmışdı. Evimizdə telefon yox idi axı. Qonşularımıza zəng vurub demişdilər. Əvvəl demişdilər Beyləqandakı hospitala aparıblar. Qaynımgil gedib amma tapa bilməmişdilər. Sonra deyiblər Bakıya gətiriblər. O vaxtlar ölüm-itim çox olurdu. Meyitləri basdırmağa çatdıra bilmədikləri üçün onları kimsəsizlər qəbiristanlığında dəfn edirdilər. Onda qayınlarım onu çox axtardılar, Kimsəsizlər məzarlığında dəfn olunmağına az qalmış onun nəşini tapmışdılar. Elşənin cənazəsini yanvarın 24-də evə gətirdilər, 25-də isə dəfn etdilər. Təsəvvür edin ki, biz onu on gün axtardıq.
İkinci Qarabağ müharibəsindən sonra şəhidlərimizin dəfnini, insan izdihamını, onların məzarını görəndə dözə bilmirəm. O, dəqiqə öz dərdim yadıma düşür.
Qəlpə yarası
Ailəsindən nigaran qalsa belə vətənin ən ağır günlərində könüllü olaraq döyüşə atılan Elşən isə sonuncu dəfə cəbhəyə gedəndə dostlarına deyir ki, hər şey yaxşı olacaq. Amma bir az keçəndən sonra əlavə edir: “Başıma bir iş gəlsə, məni kəndimizdə dəfn edərsiniz”.
Səidə xanım söhbətinə qaldığı yerdən davam edir, həmin məşum günü xırdalıqlarına qədər xatırlamağa çalışır:
- O, vaxtlar qarışıq dövr idi. Qalmışdım uşaqların hayına. Məni rayona apardılar ki, burda tək qalmayım. Qayınlarım məndən gizlətmişdilər hər şeyi. Onlar Bakıya gedəndə dedim, hara gedirsiniz? Dedilər, Elşən hospitalda yatır, onu görüb qayıdacağıq. Heç nədən şübhələnmədim. Mənə onun xəbərini atam verdi. Anam tez rəhmətə getmişdi deyə bilirdilər ki, atamın sözündən çıxıb çox qara-qışqırıq salmaram. Bir gün oturub televizora baxırdım. Atam gəldi. O, evə girib televizoru söndürdü. Qohumlarımız atama demişdilər ki, onu bircə sən saxlaya bilərsən, səndən çəkinər. Onun gəlişindən hiss etmişdim ki, nə isə olub. Rəngi qapqara qaralmışdı. Televizoru söndürəndə, soruşdular ki, ay qardaş, nə isə olub? Onda atam ağladı. Sonra mənə yaxınlaşıb saçımı sığalladı. Dedi, səbirli ol, ağlasan da, səbirli ağla. Dedim, nə olub? Cavab verdi ki, bayıra çıxanda, görəcəksən. Bayıra çıxdım. Mənə dedilər, əgər sakit olsan, Elşəni sənə göstərəcəyik, olmasan yox. Söz verdim. Sonra tabutunu gətirdilər, adamlar da yığıldılar. Qəlpə onun başının arxasından dəymişdi. Tabutunu gətirəndə, özüm istədim ki, açsınlar üzünə baxım. Çünki, onun ölümünə inanmırdım. Elşən rəhmətə gedəndə onun cibində uşaqlarımızın şəkilləri olub. Onun nəşini evə gətirəndə əynindən çıxan paltarları da gətirmişdilər. Şəkillər onun cibindən çıxan əşyaların içərisində idi. Çox çətin idi. Allah heç kimə göstərməsin (kövrəlir).
Dinməyən ağrı
Həyat yoldaşını itirəndən sonra çox ağır sınaqlar, çətinliklər yaşayan Səidə xanım haqqında yaxınları və doğmaları onun haqqında ancaq bir şey düşünür. Bu qız, bu dərdə dözməyəcək, çox yaşamayacaq. Amma o, dözür, hətta övladlarını da böyüdür.
- Uzun zaman özümə qapandım. İllərlə televizoru açmadım. Hamı gəlirdi, təsəlli, öyüd verirdi. Sonra yenə atam gəldi. Dedi, özünü ələ al, sənə nə isə olsa, uşaqların ortalıqda qalacaq.
- Bu hal nə qədər davam etdi?
- Üç il belə davam etdi. Bakıya qayıdandan sonra tək qala bilmirdim, bacım gəlib mənimlə birgə qaldı. Beş, altı ilə qədər atam sağ idi. Həmişə mənə dəstək oldu. Heç vaxt o, mənim üzümə baxa bilmirdi. Qohumlarıma da deyirdi ki, mən onun gözlərinə baxa bilmirəm.
- Həyat yoldaşınızla bağlı sizi ən çox nə təsirləndirir. Tək qalmağınız, onun gənc yaşda şəhid olması, yoxsa taleyiniz?
- 21 yaşım vardı, o, şəhid oldu. Mən adi kənd qızı olmuşam. Evdən heç hara çıxmamışam. Elşən də nə deyib yerinə yetirmişəm. Elşən ata-anasını çox sevirdi. Mənə də gəldiyim gündən demişdi ki, onların hörmətini saxlasan, mənim üçün də hörmətli olacaqsan. Mən də elə etdim. Elə hamısı (Kövrəlir). Ən çox onun gənc yaşda getməsi məni heyfsləndirir. Arzuları çox idi, həyat dolu oğlan idi. Onun, özümün taleyinə həmişə ağlamışam. Hətta bəzən elə yer olub ki, orda ağlamamaq lazım gəlib, amma özümdən asılı olmayaraq ağlamışam. Yoldaşımdan sonra işləməyə başladım, balalarımı böyütdüm. Qızlarımı ərə verdim. İndi oğlum universiteti bitirib, bircə onun işə düzəlməsini, işləməsini istəyirəm.
Sevgi
- Əvvəllər məni harasa çağıranda, Elşəndən sual verəndə ağlamışam. Elşən indi daha tez-tez yuxuda görürəm. Axırıncı dəfə görmüşdüm ki, kənddəki bulağımızın başında dayanıb mənə gözləyir. Amma yuxularım da illər kimi getdikcə solğunlaşır. Son dəfə onu yuxuda görəndə mənə çörək verdi. Bu illər ərzində onu həmişə yanımda hiss etmişəm. Qızlarımın toyunda, ən çətin məqamlarımda demişəm kaş yanımda olardı, qızlarına xeyir dua verərdi, oğluna lazım olan şeyləri ata kimi başa salardı. Bütün bunlarla yanaşı mən onu heç vaxt unutmadım. Aradan nə qədər illər keçsə də, həmişə onun xatirəsi, sevgisi ürəyimdə yaşadı.
Samirə Əşrəf