Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid, Milli Qəhrəman Rüstəmov Məzahir İzzət oğlu haqqındadır.
Rüstəmov Məzahir İzzət oğlu 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. O, 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirib Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildən Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəzifəsində işləməyə başlayır. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində "Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi"nin müdiri vəzifəsində çalışıb. Birinci Qarabağ müharibəsi başlanandan bir müddət sonra o, 1992-ci il 23 mart könüllü olaraq Milli Orduya yazılır. Məzahir Şınıx cəbhəsinə gəlir və komandir müavini vəzifəsinə təyin edilir. Mutudərə istiqamətində başlanan döyüşlərdə onun kəşfiyyatçılığı nəticəsində düşmənin bir çox döyüş nöqtələri məhv edilir. Məzahir son nəfəsinə qədər döyüşür, düşmən əlinə diri düşməsin deyə, axırıncı qumbarası ilə özünü partladaraq şəhid olur. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilir.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür.
Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmov
“Professor oğlu”
Köhnə, yorğun, divarları həsrətdən daşlaşmış evin kandarından içəri girirəm. Bu o evdir ki, 32 yaşında şəhid olan Məzahir 29 ildir ki, bu evin qapısından içəri ayaq atmır. Qaraqaş, qaragöz, azərbaycanlı cizgilərini baxışlarında qoruyan, müharibəyə könüllü yollanan, gedərkən hələ ayaq tutub yeriyə bilməyən qucaqdakı qızını, gəlinlik utancaqlığını, həyasını üzündən silməyən həyat yoldaşını anasına tapşıran Məzahiri xatırlamaq üçün onların evinə girirəm. Görəsən son dəfə Məzahir bu evdən çıxanda nə düşünüb, nə deyib? Bu evə, bu divarlara, daşlara onun son sözü nə olub?
Məzahirin anası Rəfiqə xala elə bil düşüncələrimi oxuyur, pıçıltıya bənzər səslə sanki məni yuxudan ayılıdır:
- O qapının ağzında, bax, sən dayanan yerdə əlini çiynimə qoydu, dedi, mama, Təhminə ilə Rəsmiyyəni sənə tapşırıram. Elə et ki, Rəsmiyyə darıxmasın. Dedi, getdi. Dalınca getdim, çox yalvardım. Gəlmədi... Torpağı, eli bizdən əziz bildi. Mən elə bilirdim ki, Məzahir məndən çox heç kimi istəmir. Amma o vaxtı gördüm ki, o, torpağı, vətəni anadan, atadan, övladdan da əziz bilir.
Mutudərədə olanda getdim ardınca, dedim, Məzahiri çağırın görmək istəyirəm. Kombat getdi, yanıboş qayıtdı. Məzahir özü gəlmək əvəzinə xəbər yollamışdı ki, bilirəm, mamam mənim ardımca gəlib, məni bu döyüşdən aralamaq istəyir, amma narahat olmasın, qələbə çalaq, özüm gələcəm.
Nazirlikdə xarici ölkələrlə əlaqələr şöbəsinin sədri işləyən Məzahir müharibə başlanandan bir müddət sonra könüllü cəbhəyə yollanır. Həmin ərəfədə Məzahiri tanıyan xarici qonaqlar Bakıya gələndə onun cəbhədə olduğunu bilib təəssüf və qınaqla Məzahirin valideynlərini tənbeh edirlər. Siz elə bilikli və peşəkar oğulun cəbhəyə getməyinə necə razı olmusunuz. O, burada daha çox xeyir verə bilərdi xalqına. Amma həmin çətin günlərdə bütün bunlar Məzahirin eyninə deyildi. Onun bir məqsədi olur, cəbhəyə getmək, düşməni məhv etmək. Rəfiqə xanım xatırlayır:
- Üç, dörd gün idi ki, fikirli gəzib dolanırdı. Sən demə getməsi üçün artıq ərizə yazıbmış. Mənə dedi ki, mama, icazə ver, on günlük kəndə gedim, görüm orda nə baş verir. Həm də sonra deməsinlər ki, professor oğludur, amma cəbhədə baş verənlərdən xəbəri yoxdur. On gün qalıb qayıdacam. Gəlinin qardaşı ilə vağzala, qatar ayağına getdilər. İstədim mən də onunla gedim yola salmağa məni qoymadı geri qaytardı. Atası da həyətdə idi. Onunla sağollaşanda İzzət kövrəldi, onda əlini atasının çiyninə vurub dedi, “nu yaxşı da papaşa, qayıdacam”. On gün keçdi qayıtmadı, qardaşıma zəng vurdum. Qardaşım dedi, ay bacı sən nə danışırsan, Məzahir iki illik müqavilə bağlayıb gəlib. Məzahiri on günlük Bakıya gətirtdim. Gah “buşlatını” yuyub, islatdım, gah çəkmələrini gizlətdim.
- Niyə gizlədirdiniz?
- İstəyirdim ki, heç olmasa, bir neçə gün qalsın burda... Mənə dedi ki, bilirəm niyə belə edirsən, amma mən geri qayıdacam. Dediyini elədi, kəndə getdi. Mən də onun arxasınca yollandım. Düz bir ay Məzahirin arxasınca gəzdim. Yenə nə qədər çalışdım, xahiş, minnət elədim, gəlmədi...
Ağaclar...
Qızım balamın başına o vaxtı ermənilər 500 manat pul qoymuşdular. Məzahirin ləqəbi də “Professor oğlu” idi. Demişdilər. Professor oğlunun başını gətirənə bu qədər, hələ bir az da artıq pul verəcəyik. Bir gecə gördüm ki, qohumlarım yığışıb gəlib bizə, kənddəki evimizə ki, Məzahir yoxdu. Əvvəl elə bildik, itkin düşüb. Sən demə, vurulub qalıb səngərdə balam.
Məzahirin atası professor İzzət Rüstəmov bizim danışdıqlarımızı diqqətlə dinləyir, yaşlı xanımının dolub boşalan gözlərinə hərdən bir nəzər salır. Danışacağı məqam üçün fikirləri, xatirələri düşüncələrində çək-çevir edir.
- Məzahirin uşaqlıq illəri yadınızda necə qalıb?
İzzət müəllim söhbətə ağaclardan, daha doğrusu Məzahirin adı yazılan ağacından başlayır:
- Mənim həyətdə çoxlu ağaclarım var. Birinin üstünə Məzahir gənc ikən Məzahir İzzət oğlu Rüstəmov sözlərini yazmışdı. İndi hər dəfə bağa düşəndə, onun yazdığı sözlərin üstündən öpürəm. Sizə onun uşaqlığından danışmağa başlasam, gərək çox keçmişə gedəm. Ta 60-cı illərə... Bayıldakı doğum evində anadan oldu Məzahir. Evimin böyük oğlu idi. Yoldaşım imkanlı ailədə doğulsa da, biz şəhərin mərkəzindəki binalardan birinin zirzəmisində yaşayırdıq. Döşəmənin altı həmişə su ilə dolu olardı. İndi hərdən şəkillərə baxıram, görürəm bütün şəkillərdə əllərim yaralıdı. O qədər nasosla su vururdum ki, əllərim yara bağlayırdı. Binada yaşayanlar bəlkə də bilmirdilər ki, elm adamıyam. Yəqin onlar hər dəfə məni o vəziyyətdə görəndə düşünürmüşlər ki, mən elə binadakı təsərrüfat işlərinə baxan adam, ya da fəhləyəm.
Hər gün axşamlar Məzahiri qucağıma alıb dəniz kənarına aparırdım. Çünki bütün günü rütubətli hava ilə nəfəs alırdı. Amma elə həmin il bizə ev verdilər. Məzahir orta məktəbi çox yaxşı oxudu. Məktəbi bitirəndən sonra hüquq fakültəsinə girə bilmədi. Bir il lampa zavodunda fəhlə işlədi. Sonra Universitetin tarix fakültəsinə qəbul olundu. Fəlsəfədən ona özüm dərs deyirdim. Yadıma gəlir Məzahirin qızı 1992-ci ilin yanvar ayında anadan oldu. Bir gün mənə dedi ki, ata bir siyahı tut, ən gözəl qız adlarını ora yaz, oradan bir ad seçəcəm qızıma. Mən də onun dediyi kimi elədim. Bir gün işdən gəldi, dedi, ata, qızıma ad tapmışam. Onun adını Təhminə qoyacam. Təhminə isə Rüstəm Zalın həyat yoldaşının, həm də Zöhrabın anasının adı idi.
Kadrlarda donan xoşbəxtlik...
Məzahir ailə qurandan sonra onun həyatı daha da maraqlı olur. Övladına olan məhəbbəti hər gün onu işdən evə tələsməyə vadar edir. Ancaq Qarabağ müharibəsinin başlanması, ölkədəki vəziyyətin gərginləşməsi bir çox vətənpərvər insan kimi Məzahirin də daxili aləminə, məişətinə təsirsiz ötüşmür. İzzət müəllim oğlunun həmin günlərini belə xatırlayır:
- Mən görürdüm ki, Məzahir daha əvvəlki Məzahir deyil. Ermənilərin torpaq iddialarını çox pis qarşılayırdı. O, Azadlıq hərəkatından meydanlarda qalanan tonqalların yanında ilk dayananlardan idi. Ona görə də onun cəbhəyə getməsi mənim üçün gözlənilməz olmadı. Avqustun 6-da mən bu otaqda yox, o biri otaqda oturub ağlayırdım. Onun bir fotosu var, maykada oturub makinanın arxasında əyləşib, anası da onun çiyinin arxadan qucaqlayıb. Bax, həmin şəkli götürüb ağladım. Elə həmin gün cəbhə bölgəsinə gedən ziyalılara qoşulub mən də getdim. Həm oğlumu görmək, həm də müharibə şəraitində olan insanlara dəstək olmaq istəyirdim. Yolüstü mənə dedilər ki, Tovuza da gedin. Tovuzda mənə dedilər ki, Məzahir yaralanıb, qardaşın Rüfət müəllimin maşını ilə Bakıya getdi. Düşündüm ki Məzahir yaralansa da, yarası yüngüldür ki, maşına əyləşə bilib. İstədim Tovuzda əmimgildə bir az dincəlim, əmim qızının yoldaşı mənə dedi ki, Məzahir müəllim getsəniz yaxşıdır, hər halda Məzahir yaralıdır, sizə ehtiyacı olar. Binamızın qarşısına gəlib çatanda gördüm adamlar yığışıb, mağar qurulub. Qonşu blokda bir rus oğlan çıxdı qarşıma. Ondan soruşdum ki, bu nə qarışıqlıqdır. Mənə dedi ki, Qarabağda kimsə həlak olub, onu gətiriblər. Evə çatanda bildim ki, həlak olan Məzahirdi.
İndi yadıma onun yeniyetməlik, gənclik illəri düşür. Bir dəfə bax elə bu otaqda o, mənə bir fənd işlətdi, mən yerə yıxıldım. Onda bilmişdim ki, o, karateyə gedir. O, gözəl idmançı, gözəl ağıllı alim idi. O, son dərəcədə təmiz ürəyə malik insan idi.
Ailə
Rəsmiyyə xanım Məzahir Rüstəmovla bir il yarım ömür sürüb. Qızı Təhminə anadan olandan beş ay sonra Məzahir şəhid olur. Tək qalan Rəsmiyyə xanım bütün ömrünü qızına həsr edir. O, həmin günləri yadına salır:
- Mənə tez-tez deyirlər ki, keçmiş günlərdən danış. Biz Məzahirlə il yarım bir yerdə olmuşuq. Onunla bibimin oğlunun vasitəsi ilə tanış olmuşdum. Məzahir bibimin oğlu ilə bizə gəldilər ki, bir tikə yemək yesinlər. Onda mənim on səkkiz yaşım vardı. Onlar bizə gəlib gedəndən sonra Məzahirin anasıgil xəbər yolladılar ki, məni Məzahirə almaq istəyirlər. Məzahir məndən on iki yaş böyük idi. Amma atam mənim razılığımı vermişdi. Toyumuz oldu, ailə qurduq. 1992-ci ilin yanvarında qızımız anadan oldu, mart ayında o, cəbhəyə yollandı. O, gedəndə Təhminənin qırxı təzə çıxmışdı. Cəbhədən Məzahir iki dəfə gəldi evə. Qızının üzünü görmüşdü. Təhminəni çox istəyirdi, mən inanmazdım ki, o, qızını qoyub cəbhəyə gedər. Ancaq cəbhəyə gedəndən sonra tamam dəyişdi. Mən onu evə gələndə gördüm, inanmırdım ki, evdən gedən adamdır. Müharibə, ölkədə baş verənlər onu dəyişmişdi.
Məzahir cəbhədə komandir olur. Amma o, ən çətin işlərdən, sadəsinə qədər məşğul olur. Yeri gələndə komandir, yeri gələndə kəşfiyyatçı, müəllim, əsgərə işinə qədər məşğul olur. O, həm də Milli Qəhrəman İsgəndər Aznaurovla elə cəbhədə tanış olub dostlaşır. Məzahir şəhid olandan sonra İsgəndər onun haqqında deyir, Məzahir bizə döyüşməyi, döyüşün texnikasını öyrətdi. Belə ağır, çətin, çiyin-çiyinə günlərin birində Məzahir şəhid olur. Rəsmiyyə xanım xəbəri qarşıladığı o, məşum günü nəql edir:
- Rəfiqə xanım onun ardınca getdi. Qayıdandan sonra anama dedi ki, Məzahir rəhmətə gedib. Mutudərədə şəhid olmuşdu. Biz o şəhid olandan sonra onun şəhid olduğu yerə getdik. Orda bizə dedilər ki, Məzahir hamıya demişdi ki, görsəniz ki, əsir düşünürsünüz, özünüzü öldürün. Ələ düşməyin. Onun haqqında da dedilər ki, qumbara ilə özünü partladıb. Onda mənim 20 yaşım vardı.
Onsuz mənə çox çətin olub. Düzdür, qayınanamgillə bir yaşamışıq, mənə kömək olublar. Amma qapını bağlayırdım, otaqda tək qalırdım. Ən dəhşətli anlar, saatlar, yuxusuz gecələr də onda başlayırdı. Ona görə də çalışırdım ki, evdə tək qalmayım. Qızımı məktəbə, gəzməyə aparırdım ki, evdən çıxım. Qızım ailə qurana kimi mən şənbə və bazar günləri də evdə oturmurdum. Onu götürüb gəzməyə aparırdım. Hər şey elə bil ki, dünən olub. İndi Rəfiqə xanım harada 60 yaşında kişi görürsə, deyir görən Məzahir də belə olardı.
Övlad...
Rəsmiyyə xanımla söhbətləşdiyimiz zaman zəruri səbəblərdən söhbətimizə qoşula bilməyən Təhminə zəng vurur. Hal-əhval tutandan sonra ona üzünü görmədiyi atası haqqında sual verirəm:
- Təsəvvüründəki ata obrazı necədir?
- Atamı körpə yaşımda itirdiyim üçün onun haqqında təsəvvürüm ətrafdakı insanların dediklərindən və xatirələrindən ibarətdir. Bu obraz ata kimi olmaqla bərabər, həm də bir insan obrazıdır. Ətrafımdakı insanlar atamın çox sakit, təmkinli, elmə, mütailəyə çox maraqlı olduğunu deyirlər. Yaşına baxmayaraq müdrik insan olub. Hətta onun yaxınlığındakı yaşlı adamlar belə bir iş görməzdən belə atamla məsləhətləşərmişlər. Mən özüm də indi atamın əşyalarına baxanda hiss edirəm ki, o, doğurdan da universal düşüncəli adam olub. Bəzən atamın iş yoldaşları onun haqqında yazırlar, danışırlar ki, Məzahir sakit adam idi, necə oldu ki, o, müharibəyə yollandı. Amma cəsarət və igidliyindən də əlavə döyüş, kəşfiyyat sahəsi ilə bağlı çoxlu kitablar oxumuşdu. Bu fakt da çox güman ki, atamı döyüşə aparan amil rolunu oynayıb.
- Ananız bayaq dedi ki, vaxtın böyük hissəsini sizinlə keçirib. Necə xatirənizdədir ananızın sizə həm ana, həm də ana olmağa çalışdığı günlər?
- Anam mənə həm ata, həm ana, həm də bacı qardaş olub. O. Bütün rollara girməyə çalışırdı ki, mən sıxılmayım, özümü yalnız hiss etməyim. O, bütün həyatını mənə həsr etdi ki, mən xoşbəxt olum. O, qadının borcunu qaytara bilmərəm. Atasızlıq isə nə olur olsun, yenə də övladın qəlbində hiss olunur. Mən Milli Qəhrəman qızı olduğum üçün atamla fəxr edirdim. Amma onun boşluğu həmişə hiss olunurdu. Ən çox ona ehtiyacım təhsil, ixtisas seçimi olanda olub. Çox istəmişəm ki, o, yanımda olsun, mənə seçəcəyim ixtisasla bağlı məsləhət versin, kömək etsin. Toyum olanda, övladlarımdan olanda da ona ehtiyac hiss etmişəm. İndi iki övladım var. Yenə də ona ehtiyac duyuram. Düşünürəm ki, görəsən o, necə baba olardı, nəvələri ilə necə əylənib, gəzərdi, onlara nə öyrədərdi...
Onu uşaq olanda yuxularımda da görürdüm. Amma sonralar görmədim. İndi onu tanıyanların əhatəsində olanda həmişə onun haqqında gözəl danışırlar. Yaxınlaşıb deyirlər, atan çox böyük qəhrəmanlıq göstərib. Onun qoyub getdiyi ad, qəhrəmanlıq mənim üçün bu həyatda həmişə yaşıl işıqdır. Amma sizə bir söz deyim, mən hər zaman atamın yanımda olduğunu, onun ruhunun məni tək qoymadığını hiss etmişəm. Onun ruhu hər zaman mənim üzərimdədir. Heç vaxt özümü tək hiss etməmişəm. Heç vaxt!