Şəhid Sənan Axundov və həyat yoldaşı Nəcibə Axundova
02 aprel 2021 16:43 (UTC +04:00)

Şəhid Sənan Axundov və həyat yoldaşı Nəcibə Axundova

Atası şəhid olan an qızının yazdığı SON SÖZ: “Ata, əlvida!” - Aprel şəhidinin həyat yoldaşı DANIŞIR

Müsahibimiz 2016-cı il aprelin 19-da Cəbrayıl rayonunda minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundovadır.

- Nəcibə xanım, şəhid polkovnik-leytenant, necə həyat yoldaşı, necə ata idi?

- Sənan sakit adam idi. O, konflikt yaratmağı, səs-küyü sevmirdi. Uşaqlar nə qədər sərt səhvlər etsələr belə hirslənməzdi. Evdə hamı bilirdi ki, Sənanın sözü qanundur. Onunla bağlı xatirələrimiz çoxdur. Bizi gəzintiyə çox aparırdı. Özü gedəndə isə oğluma deyirdi ki, evin kişisi sənsən.

- Bunu onu qürurlandırmaq üçün deyirdi, ya həqiqətən də elə düşünürdü?

- Bilmirəm. Yəqin ki, sevindirmək üçün. Çünki onda oğlum uşaq idi. Sənanın ən gözəl tərbiyə üsulu məsləhətləşmək idi. Uşaqlarla oturub böyük kimi söhbət edərək məsləhətlərini verirdi.

- Ən çox nələri sevirdi, nələrdən zövq alırdı?

- Sənangil ailədə iki uşaq olublar. Bir bacı, bir qardaş. Ailəsinə, ata-anasına və bizə çox bağlı insan idi. Bizi həddindən artıq çox sevirdi. O, ümumiyyətlə, bizim hər birimizə mütləq “can” deyib müraciət edirdi. Mənə “canım”, uşaqlarına “canlarım” deyirdi. Hətta mesaj yazanda belə adımızla müraciət etmirdi, yazırdı, "canlarım necəsiniz?" Qızımız Nəzrin uşaq olanda onunla oynamağı çox sevirdi. Ona çoxlu çay dəsti almışdı. Tez-tez yerdə oturub onunla oynayırdı. Qızım oyuncaq fincanlarında atasına çay süzürdü. O, evdən çıxıb uzun müddətə harasa səhər erkən gedirdi. O vaxtı uşaqlar yatırdı. Sənan uşaqları yatdıqları yerdə öpüb, qoxulayırdı. Qoxuluyurdu, sanki evin qoxusunu içinə çəkirdi.

- Sənan Axundov əslən Füzuli rayonundan olub. Sonradan bildiyim qədəri ilə qaçqın düşüblər. Hərbçi olmağında bu amil rol oynayıb?

- Yəqin ki, Sənan torpağının xiffətini çox çəkirdi. Qaçqınlıq yaşamamışam deyə mənə elə gəlir ki, bəlkə də biz onu axıra qədər başa düşmürdük. O, torpağının qoxusunu, bulaqların suyunun dadını belə unutmamışdı. Biz hansısa rayona gedəndə, orada bulaqdan su içəndə belə müqayisə edirdi. Deyirdi, elə bil Füzulinin, mənim kəndimin suyudur. Onların ailəsi Füzulidə olanda tez-tez yay tətillərində Şuşaya gedirmişlər. Sənan da o yerləri görmüşdü, o bulaqların suyundan içmişdi, ona görə oraların fikrini bir başqa cür çəkirdi. O, bizi də hər yay Horadizə aparırdı. Orada bir yüksəklik vardı, Füzulinin digər kəndləri çox yaxşı görünürdü. Sənan hər dəfə bizi o yüksəkliyə qaldırırdı ki, Füzulini görə bilək. Uşaqlarına da deyirdi ki, baxın, bura sizin torpaqlarınızdır. Uşaqlarımız onda çox balaca idilər. Bəlkə də onlar heç atalarının nə demək istədiyini başa düşmürdülər. Amma o, böyük həvəslə izah edirdi. Oğluna deyirdi ki, biz torpaqlarımızı alacağıq, sənin toyunu orda edəcəyik.

- Buna inanırdı?

- Bəli, sidq ürəkdən inanırdı. Sonralar kimsə deyəndə ki, bizim torpaqlarımız qayıtmayacaq, mən məyus olurdum. Sənan inanaraq, iradə ilə deyirdi ki, biz torpaqlarımızı geri alacağıq, öz evlərimizi gedib bərpa edəcəyik. Xəritədə tez-tez ermənilərin dağıtdığı evlərinin yerini tapıb bizə göstərirdi. “Biz torpaqlarımızı alacağıq” deyəndə səsi bir dəfə də olsun titrəmirdi. O qədər əmin idi.

- Sənan bəy, bildiyimə görə, ixtisasca hüquqşünas olub...

- Orta məktəbi bitirəndən sonra Bakı Ali Hərbi Akademiyaya daxil olub. Oranı ixtisaslı hərbçi kimi başa vurub. Biz tələbəlik vaxtı tanış olmuşuq.Ailə qurandan bir ay sonra Sənan rayondakı hərbi hissələrin birinə ezam olundu. Üç ildən sonra kəşfiyyatçı kimi fəaliyyət göstərdi. Sonra rayondan Bakıya göndərildi, burda işləyə-işləyə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil oldu. Hərbi akademik təhsilini Almaniyada aldı. Sənan savadlı hərbçi idi. O, hansı xarici ölkəyə gedirdisə, mütləq oradan hərbi kitablar alıb gətirərdi. Sənanın hərbi texnikaya çox böyük marağı vardı. Yeniliklərin hamısından xəbərdar idu. Bütün bunları oğluna aşılayırdı. Ona görə də onun xahişinə üç dəfə “yox” cavabı verilmişdi. Ona demişdilər ki, sizin kimi savadlı, peşəkar mütəxəssisi cəbhəyə buraxa bilmərik.

- Bəs onu cəbhəyə nə apardı?

- Vətən, vətən, vətən! O, vətənə çox bağlı idi, vətənini sevirdi. O, torpaqlarından qaçqın düşməsini heç cür unuda bilmirdi. O, könüllü, öz xahişi ilə cəbhəyə getdi. Necə sevinirdi, bunu mən sizə təsvir edə bilmərəm. Cəbhəyə gedəndən sonra bizimlə hər gün, günün sonunda da olsa, mesajlaşırdı, bir-iki kəlmə də olsa, yazırdı ki, narahat olmayın, yaxşıyam. Aprelin 18-də Sənan gündüz saat 4-də minaya düşür, xəstəxanaya çatdırılana qədər xeyli qan itirir və şəhid olur. Çox qəribədir, məhz həmin saatda Nəzrin atasına yazıb ki, ata, əlvida! Bu günə qədər bu bizim üçün sirdir: “Nəzrin atasının ölümünü həmin anda necə hiss edib?” Sənan şəhid olanda hamıdan gec mən bildim, demişdilər ki, ayağından yaralanıb, xəstəxanadadır. Mən də uşaqları götürüb getdim. Ağlıma ölümü gəlməmişdi, amma mən intuitiv olaraq onun medallarını götürüb özümlə aparmışam. Sonra bunu dəfndən çəkilən şəkillərdə gördüm. 

- Bildiyimə görə Sənan Axundovla bağlı məlumatlar 8-ci siniflər üçün “Ana dili” dərsliyinə də salınıb. Bu təşəbbüs necə baş verdi?

- Artıq üç ildir ki, Sənanın adı, onun həyatı və keçdiyi hərb yolu barədə məlumat bütün “Ana dili” dərsliklərində gedir. Bu kitablar respublikanın bütün məktəblərinə, eləcə də mənim direktor olduğum N. Nərimanov adına 45 nömrəli tam orta məktəbə də verilir. Bu təşəbbüs Təhsil Nazirliyindən verilib. Bu, prezidentin tapşırığına əsasən edilib. Çünki prezident tapşırıq vermişdi ki, dərsliklərə öz qəhrəmanlarımızı salın. Uşaqlarımıza başqa ölkələrin qəhrəmanları üzərindən yox, öz qəhrəmanlarımızın həyatı, vətən sevgisi, şəhidliyi üzərindən tanıtmalıyıq. Çox gözəl təşəbbüsdür, Təhsil Nazirliyi bunu dəstəklədi və tək Sənan yox, bir çox qəhrəmanlarımız dərsliklərə salınıb. Bildiyim qədər çağırışa qədər dərsliklər yenidən hazırlanacaq və ora Vətən müharibəsində olan hərbi əməliyyatlar və hərbi əməliyyat rəhbərləri ad və soyadları ilə hansı formada hərbi əməliyyatlar keçirib, bu hərbi əməliyyatların nəticəsi bizə nə qazandırıb kimi məlumatlar daxil olunacaq. Hazırda bu sahədə iş gedir. 

- Nəcibə xanım, hazırda şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğı və diqqət barədə şəhid xanımı olaraq nə deyə bilərsiniz?

- Birmənalı olaraq bütün şəhid ailələri dövlət rəhbərliyi, Ali Baş komandan və Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunub. Bu, bütün şəhid ailələrinə qarşı belədir. Burada heç bir ayrıseçkilikdən söhbət gedə bilməz. Şəhid adı, şəhid statusu hamıya eyni cür aid olur və dövlət başçısı tərəfindən diqqət yetirilir. Və bu diqqəti biz bütün sahələrdə hiss edirik. Biz bunu təkcə maddi tərəfdən yox, eyni zamanda mənəvi tərəfdən də görürük.

- Oğlunuz da hazırda dövlət xətti ilə Sankt-Peterburqda təhsil almaq üçün göndərilib...

- Bəli. Oğlum atası şəhid olandan sonra fikrini dəyişərək həyatını hərb sahəsi ilə bağlamağa qərar verdi. O, İlyas Əfəndiyev adına gimnaziyanı başa vurandan sonra Azərbaycan Dövlət Tibb Universitetinin hərbi-tibb fakültəsinə qəbul oldu. Qəbul olunandan iki ay sonra Müdafiə Nazirliyi onu Sankt-Peterburqda Ali Hərbi Tibb Akademiyasına ezam elədi. Oğlum hazırda orada Müalicə işi fakültəsinin ikinci kursunda təhsil alır. Təhsil aldığı müddətdə akademiyanın rəhbərliyinin təltifləri, təşəkkürnamələri, fəxri diplomuna layiq görülüb. Üç dəfə təltif olunandan sonra Rusiyadakı səfirliyimizin hərbi attaşesi Müdafiə Nazirliyinin qarşısında vəsatət qaldırıb ki, Tahir Axundov kiçik çavuş rütbəsinə layiq görülsün. Bunun üçün də Müdafiə Naziri Zakir Həsənova təşəkkür edirəm. Mən bu yaxınlarda ona ilk paqonunu aldım. İndi rəfiqəm vasitəsi ilə ona yollayacağam. O, atasına görə hərbi sahəyə yönəldi. Tahir Azərbaycanın başını ucaltmaq vətənə vətəndaşlıq borcunu verməyə hazırlaşır.

- Nəcibə xanım, yoldaşınız şəhid olandan sonra yəqin ki, çətinlikləriniz olub. Necə öhdəsindən gəlmisiniz?

- Təbii ki, çətinliklər olub. Amma qeyd etdiyim kimi, dövlət başçısının, Mehriban xanımın dəstəyini hərtərəfli hiss etmişik. Şəhid ailəsi kimi əgər bizim hər hansı bir problemimiz yaranarsa və zərurət biləriksə ki, dövlətə müraciət edək. Bu problem dərhal öz müsbət həllini tapır. Bu övladlarımızın təhsilindən tutmuş, bizim maddi durumuza qədər ola bilər. Heç bir istəyimiz cavabsız qalmır. Hətta sizə bir nümunə də gətirə bilərəm. Nəriman Nərimanov adına 45 nömrəli məktəbin direktoruyam. Bu ilin yanvar ayında təhsil naziri Emin Əmrullayev bütün məktəblərə və təhsil müəssisələrinə dair əmr imzaladı. Əmrlə işçilərin işə qəbul proseduru dayandırılıb. Bu əmrə əsasən təhsil müəssisələrində vakant yer olduğu halda bu haqda Təhsil Nazirliyinə məlumat verilməlidir. Həmin vakant yer üçün vətən müharibəsində şəhid olan şəhidlərin ailə üzvləri, müharibədə iştirak edən qazilərin özləri və ya ailə üzvləri təmin olunmalıdır. Bu şəraitin yaradılması artıq dövlətin hansı addımlar atmasından xəbər verir. Mən hələ təhsil sahəsində olanlardan danışıram. Düşünürəm ki, bu səhiyyədə və digər orqanlarda da belədir. Bütün bunları kim yaradır? Təbii ki, dövlət başçısı.

- Vətən müharibəsindəki qələbə günlərində hansı hisləri yaşadınız?

- Novruz bayramında qızımla Hadruta getdim, oradan Sənanın görmək istədiyi vətən torpağından gətirib onun məzarına tökdüm.  Prezidentimizə xüsusi təşəkkür etmək istəyirəm. O, bizim kimi əzizlərini, doğmalarını, həyat yoldaşlarını itirən şəhid ailələrinin qisasını aldı. Onların qisası bu günə qədər alınmamışdı. Düşünürəm ki, yoldaşımın qanı yerdə qalmadı, bu gün Füzuli bizdədir. Yoldaşım da inanırdı ki, o torpaqlar alınacaq, o, bu inam uğrunda şəhid oldu və onun qanı yerdə qalmadı.

- Həyat yoldaşınızın oğluna Füzulidəki təpənin başında toy etmək arzusunu yerinə yetirəcəksiniz?

- İndi oğlumun 19 yaşı var. Artıq düşünürük, planlaşdırırıq ki, Sənanın arzusunu gerçəkləşdirək, oğlumun toyunu Füzulidə, Sənanın bizi çıxardığı təpədə edək. Əgər bu baş tutsa, atasının arzusu çin olacaq. Özünə qismət olmasa da, övladları bunu görəcək...

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31821
avatar

Samirə Əşrəf

Oxşar yazılar