Pəhrizdə işlənmiş qidaların nisbətinin azaldılması balıq, qoz-fındıq, meyvə və tərəvəzlərin nisbətinin artırılması qadınlarda qan yağının səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.
Lent.az xəbər verir ki, bunu “Nutrients” jurnalında dərc olunan araşdırma göstərib.
Tədqiqatçılar 2011-2012-ci illərdə avstraliyalıların sağlamlığı ilə bağlı aparılmış geniş araşdırmanın məlumatlarından istifadə ediblər. Onlar qadınların qanında triqliseridlərin (yağların) səviyyəsinin pəhrizdəki dəyişikliklərlə necə dəyişəcəyini təxmin etməyə imkan verən model hazırlayıblar. Qanda yüksək yağ səviyyəsi piylənmə, ürək xəstəliyi və 2-ci tip diabet riskini artırır.
Nəticələr göstərib ki, emal olunmuş qidaların istehlakının 50% azaldılması və minimal işlənmiş yaxud işlənməmiş qidaların istehlakının 25-75% artırılması triqliseridlərin səviyyəsini 2,8% azaldır. İşlənmiş qidalar, onları hazırlamaq üçün bir çox emal mərhələsini tələb edən qidalardır. Çox vaxt bu qidalar yüksək kalorili, şəkərli və yağlıdır, digər qida maddələrində isə aşağıdır. Beləliklə, krakerlər, kartof qızartması, səhər yeməyi taxılları və kolbasa ultra emal edilmiş hesab olunur. İşlənməmiş qidalara meyvələr, tərəvəzlər, qoz-fındıq, göbələklər və ət daxildir.
Balıq, qoz-fındıq, meyvə və tərəvəzlər birlikdə triqliserid səviyyəsini 8,2%, omeqa-3-lə zəngin olan balıq isə 9,9% azaldır. Belə bir dəyişiklik göstəricinin yüksəkdən normala çevrilməsinə səbəb ola bilər.