Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzusu havanın qəfil dəyişməsinin insan orqanizminə təsiri ilə bağlıdır.
İki gündür yay mövsümü olmasına baxmayaraq, Bakıda, eləcə də ölkə ərazisində havanın temperaturunun aşağı düşməsi müşahidə olunur. Havanın temperaturunun birdən-birə aşağı enməsi şübhəsiz ki, insan orqanizminə təsirsiz ötüşmür.
Lent.az-a açıqlama verən terapevt Abbas Bağırov bildirib ki, belə havalar xroniki xəstəliklərin artmasına səbəb olur:
“İnsan orqanizmi ətraf mühitlə harmoniya təşkil edir. Bunun səbəbi ilə ətraf mühitdə gedən bütün proseslər insan orqanizminə birbaşa və ya dolayı yolla təsir edir. Deyə bilərik ki, iqlim şəraitinin kəskin dəyişməsi də insan orqanizminə öz təsirini göstərəcək. Burada iqlim şəraitinin dəyişməsi ayrıdır, qəfləti dəyişməsi başqa anlamdır.
Havaların kəskin soyuması nisbi rütubəti dəyişir. Nisbi rütubətin dəyişməsi yuxarı tənəffüs yollarının adaptasiyasını pozur. Nəticədə allergik xəstəliklərin xroniki vəziyyətdən kəskin vəziyyətə keçməsinə zəmin yaranır. Eyni zamanda, havaların kəskin dəyişməsi insan orqanizmini idarə edən sinir və hormonal sistemin pozulmasına gətirib çıxarır. Daha sonra, damar spazmlarının artmasına, toxumalar arasında üzvi turşuların əmələ gəlməsinə və immun sisteminin zəifləməsinə səbəb olur".
Onun sözlərinə görə, isti və soyuq havaya ilk reaksiya bildirən biri ürək, qan-damar sisteminin fəaliyyətidir:
“Onlar bir-biri ilə sistemli şəkildə işləyir. Havaların kəskin dəyişməsi də bu sistemin işinin dəyişməsinə səbəb olur. Əgər isti hava kütlələri qəfil yerini soyuq kütlələrə verirsə, bu zaman damar spazmlarının artmasına gətirib çıxarır. Belə havalarda insanlar tibbi qaydalara riayət etməlidirlər”.