Pandemiya səbəbiylə İngiltərədə diş həkimi təyinatında böyük bir geriləmə var. Diş həkimləri daha çox pul qazanmaq üçün xəstəxanaya gələn xüsusi qəbula yazılmalardansa, şəxsi görüşlərə üstünlük verirlər.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, İngiltərənin şərqindəki 40 min əhalisi olan Bari St.Edmunds qəsəbəsində yaşayan Danielle Vatts 11 dişini həkimə getmədən özü çıxardığını söyləyir:
"Kömək üçün heç bir yer yox idi. Altı il əvvəl qeydiyyatdan keçdiyim diş həkimi artıq çalışmır və uşaqlarımla birlikdə qeydiyyatdan keçmək üçün başqa yer tapa bilmədim. Dişlərimdə şiddətli ağrılar olurdu. Bir neçə dəfə təcili yardıma zəng etdim. Dedilər ki, bu təcili hadisə deyil, üzüm şişməyib, ona görə də ağrı kəsicilərlə müalicə etməli oldum. Müraciət etdiyim xəstəxanalarda da həkimlər bildirir ki, qeydiyyatla gələn xəstələri qəbul etmirlər. Ancaq xüsusi ödənişlə mənim dişlərimi müalicə edə bilərlər. Axı o qədər pulu hardan tapım?!”
Nəticədə, özü "diş həkimi" olmaq qərarına gəlib:
“Dişlərimi çəkmək məni rahatlaşdırır. Yoxsa heç bir yemək yeyə bilmirdim. Dəhşətli ağrı verirdi. Nəticədə, daha gülmürəm. Özümə inamım itib və hər gün ağrıkəsici içmək məcburiyyətindəyəm”.