2023-cü ilin ikinci yarısında Çin milyonlarla uşağa təsir edən, adətən yüngül ağciyər xəstəliyi olan "Mycoplasma pneumoniae" epidemiyasının səbəb olduğu sağlamlıq böhranı yaşayıb. COVID-19 pandemiyasını xatırladan bu ssenari yeni xəstəliklə bağlı ciddi narahatlıqlar yaradıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər əsl narahatlıq "superbağların" - antibiotiklərə davamlı olan mikroorqanizmlərin meydana çıxması olduğunu deyib.
Bununla bağlı bir hadisə baş verib. Belə ki, kiçik qız uşağı antibiotik qəbul etməsinə baxmayaraq, onun vəziyyəti getdikcə daha da pisləşib. Antibiotiklərin infeksiyalarla mübarizə apara bilmədiyi və pnevmoniyanın ağır formalarına gətirib çıxardığı Çində bu kimi hallar adi hala çevrilib.
Bu problem təkcə Çin üçün aktual deyil. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uzun müddətdir ki, antibiotiklərdən həddən artıq istifadənin onların effektivliyinin azalmasına və “antibiotik müqavimətinə” səbəb olacağı barədə xəbərdarlıq edib. ÜST-nin “səssiz epidemiya” adlandırdığı qlobal problemdir.
Çində mikoplazma pnevmoniyası hallarının təxminən 80%-i tez-tez istifadə olunan antibiotiklərə davamlıdır, Avropa və Amerika kimi digər bölgələrdə isə bu rəqəm 10%-dən azdır. Antibiotiklərin həddindən artıq istifadəsi, hətta kiçik infeksiyalar üçün belə, yüksək müqavimət səviyyəsinə kömək edən amildir.
Antibiotiklərin həddindən artıq və yanlış istifadəsi nəticəsində yaranan problemlər ciddi nəticələrə səbəb olur. Bu, nəinki xəstəliyin gedişatını uzadır, həm də geniş miqyaslı alovlanma riskini artırır. Antibiotik müqaviməti bütün dünyada milyonlarla insanın ölümünə səbəb olub. Bir çox insanlar səhvən antibiotiklərin bakteriyalardan çox virusların yaratdığı soyuqdəymələrə qarşı təsirli olduğuna inanırlar. Çində venadaxili antibiotiklər tez-tez uşaqlar üçün, hətta yüngül xəstəliklər üçün istifadə olunur. Bu təcrübə yaxşı məqsədlər üçün nəzərdə tutulsa da, həmişə özünü doğrultmur və problemi daha da ağırlaşdıra bilər.
Çindəki vəziyyət ictimaiyyəti maarifləndirmək və antibiotiklərdən sui-istifadəni azaltmaq ehtiyacını xatırladır. Tədbir görülməsə, biz hətta kiçik infeksiyaların müalicə oluna bilməyəcəyi bir gələcəklə üzləşə bilərik.