Xurmanın inanılmaz faydaları: Alarkən nələrə diqqət etməliyik?
16 may 2021 05:11 (UTC +04:00)

Xurmanın inanılmaz faydaları: Alarkən nələrə diqqət etməliyik?

Xurma  yüksək qidalılıq dəyərinə malikdir. Qeyd edək ki, bir ədəd quru xurma 20-28 kalori ehtiva edir. Bu dəyişiklik xurmanın növündən asılı olaraq dəyişir.

AQTA-dan Lent.az-a verilən məlumata görə, xurmanın tərkibi A, K və B qrup vitaminlərlə olduqca zəngindir. Həmçinin xurmanın tərkibində natrium, kalium, kalsium, dəmir, mis, maqnezium, manqan, fosfor və sink kimi minerallar, eyni zamanda antioksidantlar mövcuddur. Antioksidantlarla zəngin olması hüceyrələrin yenilənməsini, eyni zamanda bədənin zərərli bakteriyalardan və mikroblardan təmizlənməsini təmin edir. Xurmanın tərkibində olan dəmir mineralının miqdarının çox olması nəticəsində qanda hemoqlobinin sintezi artır və bu da qanazlığına effektiv təsir göstərir. Tərkibindəki zəngin kalium mineralı sayəsində isə qan təzyiqinə qarşı tənzimləyici təsir göstərir.

Xurmanın tərkibi meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından da olduqca zəngindir. Lifin çoxluğu nəticəsində toxluq hissi yaranır ki, bu da uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır. Buna görə də norma daxilində istehlak edildiyi zaman arıqladıcı təsirə də malikdir. Tərkibindəki zəngin maddələr sayəsində ürək-damar xəstəlikləri riskini azaldır, həzm sistemini tənzimləyir, həmçinin immun sistemin güclənməsində, göz, dəri və sümük sağlamlığının qorunmasında olduqca faydalıdır. Sadalanan bu faydalı xüsusiyyətinə görə xurmanın xüsusilə də hamilə və süd verən qadınlara da istehlakı tövsiyə olunur. Xurma uşaqlar üçün də ideal qidadır.

Xurmanı mütəmadi olaraq, ancaq norma daxilində istehlakı tövsiyə edilir. Xurma karbohidratlarla olduqca zəngindir. Bu da qan şəkərini artıra bilər. Ona görə də şəkərli diabetdən və piylənmədən əziyyət çəkənlər həkimin tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər.

Xurma alarkən ilk olaraq onun xarici görünüşünə diqqət yetirmək lazımdır. Xurma bütöv olmalı, ziyanvericilərin təsirinə məruz qalmamalıdır. Məhsulun keyfiyyətinə və təhlükəsizliyinə onun saxlanma şəraiti və temperaturu bilavasitə təsir edir. Xurmanın satışı zamanı mövcud ticarət qaydalarına, gigiyenik norma və tələblərə ciddi riayət olunmalıdır. Belə ki, məhsul açıq şəkildə satıldığı zaman toz və kənar hissəcik, hətta mikroorqanizmlərlə asanlıqla sirayətlənə bilir. Qablaşdırılmış məhsul alarkən isə onun etiketindəki məlumatları diqqətlə nəzərdən keçirmək lazımdır. Bəzən xurmanın hazırlanmasında süni şəkər olan qlükozadan və dadlandırmaq üçün bir sıra süni dadlandırıcılardan istifadə edilir. Belə məhsulun alınması tövsiyə  olunmur. Qeyd edək ki, qlükozanın xurmada istifadə edilməsinin bir çox səbəbi vardır. Belə ki, məhsulun şirinliyini və dadını artırmaq, istehlakçını cəlb etmək məqsədilə parıltı vermək, köhnə xurmanı daha keyfiyyətli göstərmək üçün istifadə edilir. Hazırlanmasında qlükoza istifadə edilmiş xurma daha parlaq görünür, şirəliliyi və yapışqanlığı normadan çox olur. Uyğun şərait yaradıldıqda xurma xarab olmadan uzun müddət saxlanıla bilər. Xurma istiyə və günəş şüasına birbaşa məruz qalmadan, sərin səraitdə saxlanmalıdır. Buna görə də soyuducuda 0-10° C-də hava keçirməyən, qapaqlı qablarda saxlamaq ən ideal üsuldur. Soyuq temperaturda zaman-zaman sərtləşə bilən xurmanın yumşalması üçün istehlakından 10-20 dəqiqə əvvəl soyuducudan çıxarılması tövsiyə olunur. İstehlakdan əvvəl isə xurma mütləq yaxşıca yuyulmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2268
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar