Qışda xəstəliklərə qarşı A və C vitaminləri ilə bol olan qidaları qəbul etmək əhəmiyyətlidir.
Lent.az xəbər verir ki, bu sözləri türkiyəli diyetoloq Melike Aslıhan Kara söyləyib.
M.A.Kara bildirib ki, qışda A və C vitaminli qidalar immunitet sistemini gücləndirən əsas məhsullardır. Qış fəsli artıq öz təsirini göstərir. Soyuq hava xəstəlikləri özü ilə bərabər gətirir. Mütəxəssislər bu dövrlərdə immunitet sistemini gücləndirən qidaların qəbulu ilə bağlı xəbərdarlıq edir.
Diyetoloq diqqətə çatdırıb ki, insanı xəstəliklərdən qoruyan, bədənindəki bütün yad və zərərli maddələri tanıyan, həmin maddələri məhv etmək üçün mübarizə aparan reaksiyalar immun sistemidir. İmmun sistemi orqanizmə daxil olan hər bir maddəni qəbul edir, zərərlilərə qarşı ani müdafiə mexanizmi yaradır və insanı infeksiya və xəstəliklərdən qoruyur. İmmuniteti zəiflədərək orqanizmin müqavimətini azaldan amillər – qeyri-sağlam qidalanma vərdişlərinin olması, vitamin, mineral və zülalların çox az qəbulu, spirt, siqaret və dərman qəbulu, kimyəvi preparatların qəbulu, bədən və ətraf mühitin təmizliyinə lazımi diqqət yetirməmək, havanın çirklənməsinə məruz qalma, kifayət qədər idmanla məşğul olmamaq və ya hərəkətsizlik, artıq çəki, piylənmə, viral və bakterial infeksiya, nizamsız yuxu, kifayət qədər günəş işığına məruz qalma, bədən temperaturunun tez-tez dəyişməsi hallarıdır.
“İmmun sistemi insan orqanizmi üçün həyati əhəmiyyət kəsb edir. İnsanın immun sisteminin zəifləməsi nəticəsində bir çox xəstəlik əlamətləri meydana gəlir. Bunlar hər cür iltihablı xəstəliklər, psixosomatik xəstəliklər və xərçəng kimi metabolik xəstəliklərdir. İmmunitet sistemini gücləndirmək üçün körpəlikdən, hətta ana bətnindən həyatın hər bir mərhələsində lazımi qayğı və diqqət göstərilməlidir. Yaşlılarda immun sistemi daha zəif olur və xəstəliklər çox asanlıqla yayılır. A və C vitaminli qidalardan istifadə bədənimizin metabolik fəaliyyətini həyata keçirməsi üçün lazım olan maddələri əldə etməyə yardımçı olur. Bu yolla orqanizmimizin immun sistemi güclənir”, - deyə M.A.Kara əlavə edib.