Küçədə ələ keçən Ştirlis, acıqlı Maqomayev, Baş katibin acı təəssüfü... – “Onların filmləri”
19 fevral 2020 18:41 (UTC +04:00)

Küçədə ələ keçən Ştirlis, acıqlı Maqomayev, Baş katibin acı təəssüfü... – “Onların filmləri”

“Bizim filmlər” varımızdı, dedik Lent.az-da həm də “Onların filmləri” barədə yazaq. Bu layihədə özümüzün yox, xaricilərin çəkdiyi filmlərdən bəhs ediləcək. İlk söhbətimiz “Baharın on yeddi anı” çoxseriyalı bədii filmi barədədir. 

1969-cu ildə mərkəzi televiziyada 13 seriyalı filmin ssenarisi təsdiqlənəndə Yulian Semyonovun “Baharın 17 anı” kitabı hələ çapdan çıxmamışdı. Televiziyada çəkilişlərin hazırlıq vaxtında 46 yaşlı rejissor Tatyana Lioznova filmi özünün çəkməsi üçün mübarizəyə qalxıb. Rejissor müəlliflə danışıb, ssenarini ona verməyi tələb edib -inandırmağa çalışıb ki, onun ssenarisini yalnız mən çəkə bilərəm. Ssenarini artıq “Lenfilm”ə satan Semyonov qadının əl çəkmək fikrində olmadığını görüb, ssenarini geri alıb, verir Tatyanaya. Bu imza rejissor kimi artıq tamaşaçıya “Yevdokiya” serialından tanış idi. Bununla belə, yaradıcı heyət qadın rejissorun belə bir ağır ssenarinin altından çıxa biləcəyinə inanmırdılar. Lioznova dedi-qoduçuları öz işi ilə inandırdı ki, bu çətin işin öhdəsindən gələ bilər. 

Tatyana Lioznova aktyor seçimindəki dəqiqliyi ilə fərqlənir. Ştirlis obrazına da 100 faiz ssenaridəki Ştirlislə üst-üstə düşən aktyor axtarırdı. Arçil Qomiaşvili, Oleq Strijenov, İnnokentiy Smoktunovski kimi aktyorlar sınaqda olmuşdular. Rejissor yenə axtarırdı.

Birdən sınaq meydanında Vyaçeslav Tixonovu görən rejissor onun qrimini dəyişməyi tapşırır, həm də dərhal. Qrim edənlər Tixonova Budyonnı sayaq bığ yapışdırmışdılar. Tatyana bığları qopartdırıb baxır və... “tapdım!” - deyə sevincək qışqırır.

Ket rolunu yaradan Yekaterina Qradovanın əsas rəqibi İrina Alfyorova idi.

Rejissor aktrisa Faina Ranevskayanı da filmdə çəkmək istəyirdi. Hətta ssenari müəllifinə onun üçün ayrıca rol yazmağı da xahiş edib. Semyonov rolu könülsüz yazdığından maraqsız epizodlar alınıb. Tatyana düşünüb ki, çəkiliş meydançasında bu yanlışı düzəldəcək və ssenarini götürüb gedib Ranevskayanın evinə. Aktrisa ssenarini oxuduqdan sonra qışqırıb ki, bu nə axmaq roldur, mənə lazım deyil belə rol!

Hitler roluna da namizəd çox olub. Leonid Bronevoy nəticədə Müllerə çəkilib (təzada baxın, aktyorun atası ömür boyu SSRİ təhlükəsizlik orqanlarında çalışıb), Leonid Kuravlyov isə Aysmanı oynayıb.

Sonda Hitler obrazına Almaniyadan “Azadlıq” epopeyasından bəri qismətinə bir ömür boyu Hitleri oynamaq yazılmış Frits Dits dəvət olunub.

Müller roluna Vsevolod Sanaev sınaqsız çəkilməli imiş. İmtina edib, deyib ki, mən “Mosfilm”də partiya təşkilat katibiyəm, faşist roluna çəkilmərəm!

Yuriy Vizbor da Borman roluna çəkilməkdən imtina etmək istəyirmiş, rejissor onu fikrindən daşındıra bilib. Amma səsi çox həlim olduğundan onu başqa aktyor səsləndirib.

Lioznova danışıb ki, ssenarini oxuyanda dəhşətə gəlib, hər addımda meyitlə rastlaşdım, belə film olmazdı: “Semyonovu göndərdim Bolqarıstana qaban ovuna, oturdum ssenarinin üstündə. 12 saat işləyirdim, yatmaq nədir bilmirdim. Amma işlədikcə zövq alırdım, kitabın çox da əksinə getmədim, sadəcə, bir az humanistləşdirdim ssenarini”.

Məsələn, Ştirlisin Berlində 23 fevralı qeyd etməsi, arvadı ilə restoranda görüş səhnələrini Tatyana yazıb. Görüş səhnəsində oğlu da olmalı idi, amma sınaq çəkilişində rejissor görür ki, uşaq tamaşaçının diqqətini əsas məsələdən yayındıracaq. Əsas məsələ isə kəşfiyyatçının xanımı ilə görüş səhnəsində çəkdikləri əzabı göstərmək idi. Səhnənin ideya müəllifi isə Tixonov özü olub, ona bir kəşfiyyatçı dostu belə bir əhvalat danışıbmış.

1971-ci ildə filmin çəkilişləri Almaniyaya ekspedisiya ilə başlayıb. Ştirlisin Berlin səhnələri çəkilib əvvəlcə. Filmin sonuncu səhnəsi də Almaniyada çəkilməli idi, amma alınmayıb. Aktyor Lev Durovu SSRİ Almaniyaya buraxmayıb. O vaxt xarici ölkəyə getməzdən əvvəl SSRİ-də müvafiq orqanların “filtr”indən keçməli idin. Lev Durov suallara qeyri-ciddi cavab verdiyindən onu ya potensial vətən xaini, ya da ən yaxşı halda boşboğaz adlandırıb, xaricə buraxmayıblar.

Lioznova çıxış yolu tapır. Klausun öldürüldüyü səhnəni Moskva ətrafında meşələrdən birində çəkir. O vaxtdan Lev Durovun ləqəbi “baş bandit” qalır.

Kinoçular Almaniyaya gedəndə bütün rekvizitləri burdan götürüblər, o cümlədən Ştirlisin avtomobilini. Alman ustalar maşına baxıb, onun çox işləməyəcəyini deyiblər. Ruslar Rusiyadan Almaniyaya qədər gələn avtomobilin işləyəcəyinə əmin olduqlarından gülüşüblər. Maşın həqiqətən də ilk çəkilişlərdə dirənib.

Filmin səs operatoru Leonard Buxovun köhnə avtomobillərdən kolleksiya yığan almaniyalı dostu olmasa, işlər çətin olacaqmış. Dostu deyib ki, cəbhə yoldaşlarından Günter Klibenştayn öz kolleksiyasından Ştirlisi avtomobillə təmin edir.                                                     

Almaniyada daha bir maraqlı hadisə olub. Az qala Vyaçeslav Tixonovu həbs edirmişlər. Aktyor qaldığı mehmanxanadan çəkiliş meydançasına piyada getməyə qərar verib, həm də SS-in ştandartenfüreri mundirində. Berlinlilər dərhal onu əhatəyə alıb, tutublar. Polisə təhvil verməmiş, çəkiliş qrupu özlərini çatdırıb, aktyoru onların əlindən ala biliblər.

Qalan çəkilişlər SSRİ-də çəkilib. Riqada, Tbilisidə, Borjomidə, Moskva ətrafında. Yazda isə bəzi çəkilişlər ancaq Qorki adına kinostudiyada olub.  

Filmin bir yerində Tixonov kibrit çöplərindən heyvan fiqurları düzəldir. Həmin kadrda fiqurları düzəldən qol filmin rəssamı Feliks Rostotskinin qoludur. Tixonovun həmin qolunda “Slava” yazılmış döymə vardı, onu ört-basdır etmək heç cürə mümkün olmayıb.

Daha bir epizodda SS-çilərin uşağa işgəncə verdiyi səhnədə bir, yaxud iki yox, çox sayda uşaqlar çəkilib. Yaxınlıqdakı uşaq evindən gətirilmiş uşaqları hər kadrdan sonra dəyişirmişlər ki, uşaq aclığa, susuzluğa, yuxusuzluğa dözə bilməz.

Tamaşaçının yadında olar, uşaq açıq pəncərənin qarşısında soyundurulur, guya soyuğun qabağında. Əslində isə çəkiliş studiyada aparılırdı və qətiyyən soyuq gələn yer qoyulmamışdı. Uşaqlara o qədər xoş olurmuş ki, hətta kameraya gülümsəyirmişlər. Axırda səs operatoru Uşaq evinə gedib ki, ağlayan uşaq səsi yazdırıb gətirsin.

Tixonovun qarderobunda 100 ədəd ağ köynək varmış, 11 kostyum. Pencəklər, mundirlər, fraklar da öz yerində.

Mixail Tarıverdiyev filmə 10 mahnı yazıb, nəticədə yalnız ikisi filmdə səsləndirilib. Onu da mahnının müəllifi Fransis Ledən gələn “təbrik” teleqramını hamıdan gizlətdikdən sonra – “Mahnımın filminizdəki uğuru münasibəti ilə sizi təbrik edirəm!” Düzdür, sonradan Mixayıl Tarıverdiyev teleqramın saxta olduğunu bəyan edib.

Mahnıları ifa etmək üçün o vaxt çox məşhur olan Müslüm Maqomayev dəvət edilib, oxuyub, amma rejissor xanım Müslümə necə oxumaq lazım olduğunu izah etməyə çalışanda müğənni təkrar oxumaqdan imtina edib: “Mənə kimsə necə oxumağı diktə edə bilməz”. Sonradan Valeriy Obodzinskiy də oxuyub, Valentina Tolkunova da. Kobzon 16-cı ifaçı olub. Rejissordan incik düşsə də onun dedikləri ilə razılaşıb. Titrlərdə isə adı yoxdur, çünki titrlər səs təsdiq edilməzdən əvvəl yazılmışdı.

Filmin premyerası 1973-cü ilin avqustunda olub. Filmin efirə getdiyi müddətdə, o vaxt milislərin müşahidəsinə görə, ölkədə cinayətkarlığın say azalıb. Həmin vaxt Moskva küçələrində tam sakitlik hökm sürürmüş. Hamı evdə televizor qarşısında “Baharın on yeddi anı”nı izləyirmiş.

Hətta film Macarıstan televiziyasında nümayiş olunanda SSRİ vətəndaşı gömrükdən keçərkən sərhədçidən soruşub ki, sizin vətəndaşlar Avstriyaya qaçmağa can atmırlar? Sərhədçi – hal-hazırda yox, çünki televiziyada sizin “Baharın on yeddi anı” filmi gedir –deyə gülümsəyərək cavab verib.

İkinci seriyadan sonra “Mosfilm”ə, televiziyaya aramsız zənglər və məktublar gəlməyə başlayıb. Bir qadın təşəkkür edirmiş ki, əri bu filmə baxmaq xətrinə evdən çıxmır və içkini tərgitməyə başlayıb. Tatyana Lioznova özü filmə baxa bilmirmiş, çəkiliş vaxtı elə haldan düşübmüş ki, özündə güc tapıb işinə baxa bilməyib. Ancaq pəncərədən müşahidə edirmiş ki, bütün mənzillərdə həmin vaxt kinoya baxırlar.

SSRİ-də gəzən əfsanəyə görə, Leonid Brejnev köməkçilərinə tapşırıb ki, təcili Ştirlisi tapıb, mükafatlandırmaq lazımdır. Andropov cavab verib ki, elə adam yoxdur, bu, uydurulmuş obrazdır. “Təəssüf” - deyə Brejnev cavab verib.

Həmin gün Brejnev aktrisa Yekaterina Qradovanın evinə zəng edib ki, ona təşəkkür etsin. Aktrisa kiminsə onunla zarafat etdiyini zənn edərək, dəstəyi hirslə asıb. İkinci dəfə zəng vuran köməkçi onu inandıra bilib ki, onunla həqiqətən Leonid İliçin özü danışacaq.

Andropov isə Leonid İliçlə olan söhbətini unutmayıb. Özü Baş katib olan kimi - 1983-cü ildə filmin bütün heyətini ordenlə təltif edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 28813
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar