Kefirli keks – sadə inqrediyentlərdən tez hazırlanan klassik bişmiş şirniyyat növüdür. Bu ərzaqlar demək olar ki, hər evin soyuducusunda olur. Keksi istəsəniz böyük bir qabda, istəsəniz də kiçik porsiyonlu formalarla hazırlaya bilərsiniz.
Lent.az bu resepti təqdim edir:
Tərkibi:
Buğda unu – 250 qram
Kefir – 250 millilitr
Toyuq yumurtası – 2 ədəd
Şəkər – 150 qram
Kərə yağı – 100 qram
Qabarma tozu (razrıxitel) – 10 qram
Vanilli şəkər – 10 qram
Duz – 1 çimdik
Şəkər pudrası – üzərinə səpmək üçün
Hazırlanma qaydası
Yumurtaları şəkərlə birlikdə mikserlə çalın, köpüklü kütlə alınana qədər. Üzərinə kefiri əlavə edin, sonra əriyib soyudulmuş kərə yağını qatın. Qabarma tozu ilə ələnmiş unu, vanilli şəkəri və duzu əlavə edin, çırpıcı ilə qarışdırın.
Qabınızı kərə yağı ilə yağlayın, hazırladığınız kütləni içinə tökün. Əvvəldən 180 dərəcə qızdırılmış sobada 45–50 dəqiqə bişirin – keks qızılı rəng almalıdır. Keks soyuduqdan sonra qabdan çıxarın və üzərinə şəkər pudrası səpin.
Məsləhətlər
Bütün inqrediyentlər otaq temperaturunda olmalıdır. Keksi bişib-bişmədiyini taxta çubuq və ya diş çöpü ilə yoxlayın – çubuq quru çıxırsa, keks hazırdır.
Nuş olsun!