İradə Tuncay: “Kiminsə məni sevdiyini xatırlamıram” -
21 noyabr 2012 14:28 (UTC +04:00)

İradə Tuncay: “Kiminsə məni sevdiyini xatırlamıram” -

Güclü mütaliəsi, unikal yaddaşı olan bu xanım cəmiyyətdə ən çox tanınan xanımlardan biridir. Məmməd Arazın ailəsində dünyaya göz açıb. Elə poeziya ruhlu bir ailədə doğulması, o dövrün söz adamlarının əhatəsində olması onu uşaqlıqdan yazıya yönləndirib. Özünün dediyinə görə, uşaq vaxtı ünsiyyətcil olmayıb. Sakit, kövrək, həm də çox eqoist böyüyüb. Uşaqlığı isə qadağalar altında keçib. Dediyinə görə, atasının erkən xəstələnməsi onun uşaqlığını da bitirib. Həyat eşqi yüksək olan sevgi dolu xanım “Ədalət” qəzetinin baş redaktoru, yazıçı və publisist ... İradə Tuncay kədərli xatirələrlə yaddaşına həkk etdiyi “Məktəb illəri”ni Lent.az-a danışır.

“Ailəmiz oğlan gözləyirmiş, mən doğuldum...”

1959-cu ildə Bakıda anadan olmuşam. Doğulduğum ərəfədə atam Moskvada imiş. Oğlu olacağını gözləyirmiş, hətta ad da fikirləşibmiş. Bunu sonradan anama yazdığı məktublarını oxuyanda bildim. 7 il evdə tək uşaq olmuşam. Həmin o təklik möhürünü vurub həyatıma. Bacım məndən 7 yaş kiçikdir. Lakin bacımla mənim aramda uşaqlar doğulub ölürlərmiş. Tək uşaq olduğum üçün mən əzizxələf olmuşam. Həm də ərköyün və eqoistliyimlə seçilmişəm. O vaxt bir çox uşaqdan fərqli olaraq, mənim qeyri-adi oyuncaqlarım olurdu. Çünki atam tez-tez başqa ölkələrə gedirdi və oradan alıb gətirirdi. Bir qədər də paxıl olmuşam. Dayım və xalam uşaqları mənim oyuncaqlarımla oynamaq istəyəndə vermirdim.

“Anam xəstəxanaya gedəndə, ağladım...”

Məktəbə gedənə qədər xatırladığım kədərli hadisələr var. Anam çox zaman xəstəxanada olurdu. Çünki məndən sonra bir neçə uşaqları doğulub, ölmüşdü. Ona görə də çox vaxt tək olurdum. Qonşuluqda yaşayan uşaqların hamısının bacı-qardaşı vardı. Mən də istəyirdim ki, tək olmayım .Yaxşı yadımdadır, bacım doğulandan bir az əvvəl anam xəstəxanaya getdi. Xəstəxanadan çıxdı, lakin sonradan yenidən ora qayıtdı. Mən çox pis olmuşdum buna. Ağlayaraq dedim, “yenə gedirsən xəstəxanaya?” Anam da söylədi ki, mənə bacı gətirməyə gedir. O zaman heç müasir aparatlar yox idi. Bilmirdilər, oğlan olacaq, ya qız. Bacım doğuldu. Amma evdə təbii ki, körpəyə yetirildiyindən mənə heç xoş gəlmirdi bu. Fikirləşirdim ki, mən varam da neyləyirdilər, bu uşağı... Heç mənimlə oynaya da bilməyəcək...

“Məktəb mənim üçün əzab idi”

Uşaq ikən indiki “Azad qadın” heykəlinin yanında “Karamel” fabrikinin yanında evimiz vardı. Daha sonra oradan köçərək, uzun illər “Sevil” kinoteatrı tərəfdə iki otaqlı “Xruşovka” evdə qaldıq. Birinci sinfə 1966-cı ildə 21 nömrəli məktəbə getdim. Məktəbə getmək mənim üçün əzab idi. Yeni insanlara tanış olmaq əzabı. Bilirəm ki, iki-üç gün ağlamışam. 6-cı sinfə qədər həmin məktəbdə oxudum. Daha sonra isə 13 nömrəli məktəbə getdim.

“İbtidai sinif müəlliməm hesabı yaxşı bilmirdi “

İbtidai sinif müəlliməmin adı Səltənət idi. Bir məhəllədə yaşayırdıq. Xanım-xatın qadın idi. Amma yadımdadır ki, hesabı yaxşı bilmirdi (gülür). Məsələlərdə hərdən səhvlər edirdi. Görürdün ki, səhər gedib kimdənsə soruşurdu. Mən çox hazırlıqlı uşaq idim. Balaca vaxtından vurma, bölmə əməllərini bilirdim. Dərslərimi yaxşı oxuyurdum. Amma ünsiyyətcil deyildim. Bu da mənim tək uşaq olmağımın nəticəsi idi. Sonradan bunu mən özümdə tərbiyə etdim. İndi də görürəm ki, bəzən insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirəm. 4-cü sinifdən başlayaraq, inşalar yazırdıq. Deyim ki, mən çox yaxşı yazırdım. Öz inşalarımla hamıdan fərqlənirdim. Yaxşı yazdığım üçün deyirdilər ki, atası yazıb. O zaman atam cavan olmağına baxmayaraq, tez-tez televiziyada çıxışlar edirdi. Fərqləndiyim cəhətlərdən biri də o idi ki, mən rus dilində də yaxşı danışırdım. Çünki doğulandan sonra Moskvaya atamın yanına köçmüşdük. Bir neçə il orada yaşadıq. Yəni, mən paralel olaraq iki dildə danışmağa başladım. Yasamal rayonu da elit rayonu deyildi. Dağlı məhəlləsinin uşaqları idi əksəriyyət. Orada rus dilini o qədər də yaxşı bilmirdilər. Amma mən mükəmməl bilirdim. Bunu qeyd edim ki, o vaxt ziyalı zümrəsindən yalnız yazıçıların övladları Azərbaycan dilində təhsil alırdılar. Bu, yazılmamış qanun idi.

“Mənim beynim tarixçi beynidir”

Dərslərimi yaxşı oxuyurdum. Yuxarı siniflərdə tarix və ədəbiyyata marağım çox güclü idi. Tarix fənni mənim ən sevdiyim fənn olub. Bu günəcən də oxuduqlarımın hamısı yadımdadır. Həmişə deyirəm ki, mənim beynim tarixçi beynidir. Riyaziyyatı isə heç sevməmişəm. Bünövrədən yaxşı başlamadığım üçün bu fəndən zəif idim. Baxmayaraq ki, qohumlarım mənimlə məşğul olurdu. Amma yenə də marağım yox idi.

“Atamın dərsdə oturmağından müəllimlərin xoşu gəlmirdi”

Atam və anam dərslərimə çox ciddi nəzarət edirdilər. Atam tez-tez məktəbə gəlib, dərslərimdə oturub, qulaq asırdı. Görürdüm ki, müəllimlərimin atamdan xoşu gəlmirdi. Onlar elə düşünürdülər ki, atam onlara nəzarət etmək üçün gəlib. Mən həm də həddindən artıq çox mütaliə edirdim. Özüm hiss edirdim ki, ətrafdakı uşaqlardan çox fərqlənirəm. Hətta kitabxanadan deyirdilər ki, kitabı oxumadan qaytarmışam. Bu vərdiş qalıb məndə - sürətli kitab oxumaq. İndi 30 yaşında kimsə mənə deyəndə ki, filan kitabı oxuyuram, mənə gülməli gəlir. Çünki mən o əsəri 12 yaşım olanda oxumuşam. Məktəb vaxtı etdiyim mütaliələr mənim gələcək həyatımda çox böyük rol oynadı. İndi qohumlarım da deyir ki, uşaqlığını ancaq belə xatırlayırıq - həmişə divanın küncündə büzüşüb kitab oxuyan İradə.

“Müəllimlərimə yuxarıdan aşağı baxırdım”

Daha sonra mən məktəbi dəyişdim. Yasamalda 13 nömrəli məktəbə getdim. 9-cu sinfə qədər orada oxudum. Sonra isə biz indiki Azadlıq prospekti adlanan (o vaxt Lenin prospekti idi) ev alıb ora köçdük. Orada isə 19 nömrəli məktəbə getdim. 10-cu sinfi orada bitirdim. Müəllimlərimi heç vaxt yaxşı xatırlamıram. Çünki savadsız idilər. Mən də onlara yuxarıdan aşağı baxırdım. Düzü qadın müəllimlərimiz də məni heç sevmirdilər...

“İçimdə hələ də o travmalar qalıb”

Tez-tez məktəbi dəyişmək mənim psixologiyama təsir edib. İçimdə elə o travmalar hələ də qalıb. Sinif yoldaşlarıma bir yerdə olmaq çox çətin idi mənə. Mən 3 məktəb dəyişmişəm. İndi yəqin televiziyada məni görəndə deyirlər ki, mənimlə eyni sinifdə oxuyub. Amma mənim heç kimlə ünsiyyətim olmayıb. 3 məktəbdən bir nəfər sinif yoldaşımı tapa bilməmişəm. Özümü ən rahat hiss etdiyim məkan universitet olub. Həm müəllimlərimi, həm tələbə yoldaşlarımı çox sevmişəm. Orta məktəbdə isə məni müəllim sözünə hörmət etdirəcək müəllimim olmayıb. Xatırlaya bilmirəm onu. Mənim məktəblə bağlı xoş xatirəm ancaq tətil dövrləridir. Çünki mən məktəbi sevmirəm. Bu gün də mən Azərbaycan məktəbini sevmirəm. Və indi də total savadsızlıq məkanı olduğunu görürəm. Rus sektoru isə fərqli idi.

“Kiminsə məni sevdiyini xatırlamıram”

Məktəb sevgim olmayıb... Yəni belə olub da - əlçatmaz ,məşhur adamlara aşiq olmuşam. Bunu da indi anlayıram ki, xarakterlə bağlı bir şeydir: Təklik və rabitə qura bilməmək. Məni heç kim sevmirdi. Mənə nə sevgi məktubu yazan olub, nə də sevgi etirafı edən... Özü də o vaxt nə sevgi axı...
Yadımdan çıxmayan bir hadisə də var: Bir qızla oğlanın məktubları müəllimənin əlinə keçmişdi. Bunu bütün məktəbdə müzakirə etdilər. Valideynlərini məktəbə çağırdılar. Qızın ağlamağı adımdadır. Yəqin onun uşaq ürəyində nə qədər ağır çöküntü qalıb bundan və bütün ömrünə “sevgi” sözü nifrət kimi möhürlənib. Qızların çoxuna sevgi məktubu yazırdılar. Amma mənə heç vaxt sevgi məktubu yazılmayıb. Uşaqlıqda qəşəng olmuşam. Amma məktəbdə arıq, uzun qız idim. Yəni diqqət çəkəcək bir qız deyildim. Onuncu sinifdə oxuyanda dəyişildim. Necə deyərlər, “qızlar bulağından su içəndən sonra”.
Amma fikirləşirdim ki, niyə hamını sevən var, məni yox?

“İynəni oğlanın bədəninə batırdım”

Sakit olmağıma baxmayaraq, məktəbdə hərdən dəcəlliyim olub. Məsələn, mənimlə eyni parta arxasında arıq, cılız bir oğlan otururdu. Baxırdım ki, quzu kimi sakit dayanıb, diqqətlə dərsə qulaq asır. Döş nişanlarımız olurdu üstümüzdə, onların iynəsi vardı. Qəflətən, iynəni oğlana batırırdım. Yazıq uşaq dik atılırdı, qışqırırdı. Amma heç vaxt məni satmırdı.

“Jurnalist olmaqda qərarlı idim”
Uşaq vaxtı aktrisa olmaq istəmişəm. Bütün analar qızlarını həkim görmək istəyir. Mənim də anam istəyirdi ki, mən həkim olum. Amma 10-cu sinifdə artıq tam qərar verdim ki, jurnalistikanı seçəcəyəm. Bilirəm ki, həkimlik də məndə yaxşı alınardı. İndi də evdə kimsə xəstələnəndə mən müalicə edirəm. Yəni, o sahədə də savadım var.


“... evimizdə qan su yerinə axdı”

Atam və anamın çox ağır xasiyyəti var idi. Yadımdadır, 6-cı sinifdə oxuyurdum. Anam bizə xırda qırmızı qaşlı uşaq sırğası aldı. Onun üstündə evimizdə qan su yerinə axdı. “Sən niyə uşaqları meşşan tərbiyə edirsən?” Heç vaxt bərbəzəkli, gözəl paltarım olmayıb. Hər zaman qadağalarla yaşamışam. Məni evdən heç bir yana çıxmağa qoymurdular. Uşaqlar toplaşıb ad günü, bayram keçirirdilər. Mən isə gedə bilmirdim. Səbəb kimi deyirdilər “olmaz, qış uşağı heç yerə getməz”. Son zəng günü isə iki saatlıq icazə verdilər. Saat 12-dən sonra atam arxamca gəlib apardı. Bəlkə də indiki komplekslərim evdəki durumlarla bağlı idi. Uşaqlığımla bağlı travmalarım çox olub. “Gülmə, ağır otur, belə geyinmə, güzgüyə çox baxma” və sair kimi qadağalarım var idi. Bu da mənim içimə çox qapanmağıma səbəb olurdu. Maddi cəhətdən isə o qədər imkanlı ailə olmamışıq. Şairin nə pulu olacaq? Orta səviyyədə dolanan ailə idik. Kitabı çıxandan çıxana pul olurdu. Onun da səhhəti ilə bağlı problemləri çox olduğu üçün kitabları gec-gec çıxırdı. Amma atamın sağlam vaxtlarında biz tez-tez istirahətə gedirdik. SSRİ-nin müxtəlif yerlərində istirahətdə olmuşuq. Hərçənd ki, o zaman narazılıq edirdim. Deyirdim, Bakıdan çıxmaq istəmirəm. Amma indi fikirləşirəm ki, çox ölkədə olmuşam. Uşaq vaxtı ən böyük əyləncəm kitab oxumaq idi. Valideynlərim televizora baxmağa saatla icazə verirdilər. Yalnız iki-üç saat baxa bilərdik. Şənbə-bazar günləri atam bizi uşaq filmlərinə baxmağa aparırdı. Atamla getdiyimiz yerlərin hər biri yadımızdadır.

“İyrənc balıq yağı...”

Məktəb vaxtı çox arıq idim. Yemək yemirdim. Ən zəhləm getdiyim xatirələrdən biri də o idi ki, anam kökəlməyim üçün mənə balıq yağı içirdirdi. Bundan çox iyrənirdim. Anam çörəyin üstündə yaxma edərək verirdi. Mən isə balkondan aşağı atırdım. Sonradan başa düşdü ki, mən yediklərimi balkondan aşağı atıram. Qapının açılmağından hiss edib qışqırırdı. Daha sonra isə pianonun arxasına atdım. Bir dəfə pianonun yerini dəyişəndə gördülər ki, nə qədər çörək parçaları var...
Şagird olanda həm də musiqi məktəbinə gedirdim. Həmin vaxtlar musiqi məktəbinə getmək bir dəb idi. Mənim də çox yaxşı musiqi duyumum var. Səsim də yaxşı idi. Ancaq tapşırığı yerinə yetirməyə səbrim çatmırdı. 3 ildən sonra musiqi məktəbindən imtina etdim. Amma pianoda yaxşı ifa edirdim. İndi də ən çətin mahnıya bir dəfə qulaq asandan sonra zümzümə edirəm.

“Korifeylərin çoxu bizim evdə olub”

Evimizə atamın çoxlu dostu gəlirdi. İndi korifey dediyimiz şəxslərin çoxu bizim evdə olub. Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Söhrab Tahir evimizə tez-tez gəlirdilər. Mənim ad günlərim çox təmtəraqlı keçirilirdi. Atamın dostları mənə böyük gəlinciklər gətirirdilər. Uşaq vaxtı onların danışdıqları mənə çatmırdı, amma böyüyəndən sonra diqqətlə dinləyirdim. İndi eşitdiklərimin hamısını yazmaq fikrindəyəm. O dahiləri ilk dəfə necə görmüşəmsə, hamısını qeyd edəcəyəm.

“O, öləndən sonra 6-7 ay yuxuda gördüm”

Ailəmizə ən yaxın isə Söhrab Tahir, onun xanımı Lida xanım. Anam xəstəxanada olanda mənə o, baxırdı. Onların uzun müddət uşaqları olmadığından mən iki ailədə bir uşaq idim. Bir həftə onlarda, bir həftə evimizdə qalırdım. Onların evləri hündür idi. Söhrab əmi məni qucağına alıb atıb-tuturdu. Elə sevinirdim ki, indi də hərdən o adrenalin yadıma düşür. Lida xala öləndən sonra 6-7 ay yuxumda görürdüm. Tanışlardan məsləhət aldım ki, mən neyləyim? Rus olduğu üçün Quran oxuda bilməzdim. Dedilər ki, onun adını tutub nəzir ver. Elə də etdim. Onun zəhməti mənim üzərimdə böyükdür. Cabir Novruzun, Əli Kərimin oğlanları ilə bir yerdə oynayardıq. Hətta Şuşada bir yerdə istirahət etmişik. Nəriman Həsənzadənin uşaqları ilə ünsiyyətdə olmuşuq.

“Hansı şair şorgözdür, bilirdim”

Yazıçılar poliklinikası var idi. Mən balaca vaxtından ora gedirdim. Bütün həkimlər məni tanıyırdı. Ora o qədər doğma idi ki, elə bilirdik, ailənin içinə düşmüşük. Həmin poliklinikada maraqlı söhbətlər gedirdi. Hansı yazar evinə hansı mebeli aldı? Filankəsin qızı kimlə nişanlanıb? Hansı şair çox şorgözdür? Hansı şairin hansı tibb bacısına gözü düşüb? Belə söhbətlər yadımda qalmışdı...

“Xəstəxanalar, həkimlər, dərmanlar, ümidlər, xəyal qırıqlığı...”

Atamın işdən çıxarılmasını heç unutmaram. Biz həmin vaxt Kislavodskidə idik. Atam Bakıya bizdən tez qayıtdı. Sibir tərəfə ezamiyyətə getməli idi. Həmin vaxt şair Tofiq Mütəllibov da bizimlə idi. O, bilirmiş atamın işdən çıxarılmağını. Amma deməyib ki, narahat olmasın. Bir gün anam Bakıya zəng vurub, atamla danışandan sonra qanıqara qayıtdı evə. O vaxt telefon zəngləri indiki kimi deyildi, şəhərlərarası telefon məntəqələri vardı, ordan zəng edirdilər. Dedi ki, sabah Bakıya qayıtmalıyıq. Bakıya qayıtdıqdan sonra hansı hadisələr baş verdiyini bildik. Ondan sonra atam xəstələndi. Həmin vaxt 14 yaşım vardı. Ailəmizin kədərli vaxtları çox erkən başladı. Xəstəxanalar, həkimlər, dərmanlar, ümidlər, xəyal qırıqlığı... Ailəmizin həm maddi, həm də mənəvi çətinliklər çəkdiyi zaman idi. Mənim uşaqlığım o, xəstələnən gün bitdi.

“Mən anladığım vaxt atamın artıq dili tutulmuşdu”

Uşaq vaxtı həmişə mənə qəribə gələn nə idi? Atamın kitabları çıxırdı, tez-tez televiziyada danışırdı. Atam məşhur idi, amma bizim pulumuz yox idi. Qonşumuz mağaza sahibi idi. Onlar çox imkanlı idilər, maşınları var idi, qızları daha yaxşı geyinirdi. Bu, almaq-satmaq mənim beynimdə qalıb. Kim yaxşı sata bilirsə, alacaq...
Məni ağrıdan nədir? Anladığım vaxt atamın artıq dili tutulmuşdu. Biz onunla ancaq nə istəyirsən? Nə yeyirsən? Nə edim sənin üçün? Kimi cümlələrlə danışa bilirdik. İndiki ağlımla soracağım o qədər şeylər var idi ki...
Qalıb mənim içimdə (qəhərlənir). Biz onunla heç nə danışa bilmədik...

Jalə Məmmədli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7899
avatar

Jalə Məmmədli

Oxşar yazılar