<b>"Dedi ki, ay yazıq, sən "ministr" olacaqsan..."</b> – <span style="color:red;">MƏKTƏB İLLƏRİ
10 iyun 2015 12:25 (UTC +04:00)

"Dedi ki, ay yazıq, sən "ministr" olacaqsan..."MƏKTƏB İLLƏRİ

Birinci sinfə 1973-cü ilin sentyabr ayında gedib. Tovuzun Yuxarı Öysüzlü kənd orta məktəbinə. Bundan əvvəl isə bir aylıq hazırlıq kursu keçib. Lakin məktəblə ilk tanışlığı may ayında olub. Bu barədə özü danışacaq. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu.

 

- Bizdə belə bir ənənə vardı. Birincilər ilk dəfə məktəbə son zəng ərəfəsində gedərdi. Həmin il ibtidai sinfi bitirən üçüncülərin yerində və yanında oturardıq. Onların son dərsi bizim ilk dərsimiz olardı. Şəmşəd müəllim vardı. Müharibə veteranı idi. Kəndin ən keyfiyyətli müəllimiydi. Hamı çalışırdı ki, uşaqları onun sinfində oxusun. Mən də onun sinfinə düşmüşdüm. İlk dəfə dərsə qonşumuz İmanla getmişdim. İmana dedim ki, mən evə getmək istəyirəm, bura mənim xoşuma gəlmədi. Və yapışdım ondan ki, dur, gedək. Bir də gördüm kepkalı yaşlı kişi gəldi, əlinin arxasıyla yüngül sillə çəkdi. Usta silləsi. Yüngül, çox yüngül. Mən çox qorxdum ki, məktəbdə adamı döyürlər. Sakitcə axıra qədər dərsdə oturdum. Məktəb illərindən ən parlaq xatirə elə budur. Yeni və yad mühit idi. Oranı sevmədim, istəmədim. Getmək istəyirdim, amma o usta silləsi saxladı məni. Şəmşəd müəllim bu yaxınlarda rəhmətə getdi. Ona qədər hər dəfə Şəmşəd müəllim məni görəndə soruşurdu ki, ustad silləsi yadındadırmı? Hətta yaxşı yadıma gəlir, bu sillədən sonra İman “Partizan” şeirini demişdi.

 

Və həmin şeirdən bir bənd söyləyir:

 

- Meşələrdir mənim yurdum,

Hər döyüşdə öndə durdum!

Ay buluda gizlənəndə.....

 

Dördüncü misranı tam xatırlaya bilmir.

 

- Bu şeiri İman o qədər pafosla oxudu ki, mən heyrətlə baxırdım, görəsən mənim tanıdığım İman niyə belə eləyir ki? Niyə qışqırır?

 

Ondan 4 ay öncəni yaxşı xatırlasa da, sentyabrın 1-i elə də yadına gəlmir. Üstündən 42 il keçməsiylə əlaqələndirir. İlk görüş o qədər də uğurlu alınmasa da, sonrada Şəmşəd müəllim balaca Raufun ən sevimli müəllimi, Rauf isə Şəmşəd müəllimin ən sevimli şagirdi olur.

 

- Atam da, anam da həmin məktəbdə dərs deyirdilər. Birinci sinfə gedəndə artıq əlifbanı da bilirdim, oxumağı da, yazmağı da, saymağı da. Özüm də başa düşmürdüm. Sən demə, mən birinci sinif dərs proqramına görə uşaqlardan xeyli qabaqdaymışam. Hər dəfə Şəmşəd müəllim məni lövhənin qarşısına çıxarıb sinfə deyirdi ki, Rauf qabaqcıldı. Ona eşq olsun! Raufa əl çalın! Hamı əl çalırdı. Sonra da sinfin ən zəif oxuyanını çıxarırdı ki, deyin, ona ar olsun! O şagird də sinfin önündə utanırdı, sonra başlayırdı yaxşı oxumağa.

 

- Necə müəllim idi?

 

- Ümumiyyətlə, qəribə müəllim idi. Məhz onun hesabına sinfimiz yaxşı oxuyurdu. Sərt müəllim idi. Sonra qardaşım Azərə də dərs dedi.

 

- İbtidai sinif müəllimi adətən qadın olur.

 

- Bizdə əksinəydi. Əksəriyyəti kişi müəllimlər idi. Və hamı çalışırdı ki, qadın müəllimə yox, kişi müəlliminə qoysun uşağını. Yusif müəllim vardı, Yunus müəllim vardı. Bunların hər üçün də müharibə veteranları idi. Üçü də çox savadlı müəllimləriydi. Sinif yoldaşlarımın az qala yarısı ali təhsillidir. Kənd məktəbi üçün bu çox böyük göstəricidir. Biz yaxşı oxumaq üçün bir-birimizlə yarışırdıq.

 

 

- Həyatınızda xüsusi iz qoymuş müəlliminiz olub?

 

- 86 yaşında dünyasını dəyişən Mileylə nənəm. Onda mən səkkizdə oxuyurdum. Səkkiz il onun yanında həyatı öyrənmişəm. Ən böyük müəllimim o olub. İnancı mənə o yaradıb. Qurani Kərimlə ilk təmasım onun vasitəsiylə olub. Müsavatdan danışardı ki, baban getdi altı ay Ağdamda ermənilərlə vuruşdu. Hamısını danışardı. Mənim üçün fantaziyalar yaradardı. Nağıl danışardı, şeir deyərdi. Sinə dəftər idi. Bayatılar söyləyərdi. Erkək kimi qadın idi. Kənddə hamı ondan qorxardı. Nənəmə “ana” deyirdim, anama “mama”. Mamamdan çox anamı sevərdim. Deyərdim, ana, yatmaq istəyirəm. Başımı qoyardım dizinin üstünə. İxlas, Əl-Fələq, Nas surələrini oxuyub üzümə üfürərdi: “Şeytanlara, ilanlara, canavara, hər kəsə sədd çəkdim!”. Rahat yatardım. Anamın duasına elə inanardım ki... Nənəmin çəkdiyi o görünməz səddi kim keçə bilərdi ki?!

 

 

On il ərzində bir neçə uşaqla parta yoldaşı olsa da, Natiqin adını xatırlayır. Natiq Rauf Arifoğlunun ilk parta yoldaşıdır.

 

- Əvvəllər ikinci sırada oturardım. Böyüdükcə hiss elədim ki, öndə oturmaq istəmirəm. 9-10 - cu sinifləri ən arxada otururdum.

 

Adətən pis oxuyanlar müəllimin gözündən yayınmaq üçün arxa partada oturar.

 

 

- Yox, sadəcə oradan hər şeyi rahat görürdüm. Öndə oturanda o qədər narahat olurdum ki, arxanı görə bilmirdim. Amma arxada oturanda müəllim qarışıq, bütün sinfi görür, situasiyanı izləyirdim. Oxumağa gəlincə, on il boyu uşaqlardan öndə olmuşam. Bu da bir az məni ərköyün edib. Çətin və dəcəl uşaq olmuşam məktəbdə. İncitmişəm müəllimləri. Yuxarı sinifdə artıq bəzi müəllimlərdən çox bilirdim. Kənd məktəbiydi. Elə müəllimlər vardı, dərsə hazırlaşa bilmirdilər. Xüsusən də qadın müəllimləri təsərrüfatda işləyirdilər. Onlar çalışırdılar ki, məni neytrallaşdırsınlar. Amma mən də vicdansızcasına onları incidirdim və uşaqların içində utandırırdım. Bir gün ədəbiyyat müəlliməmə belə bir söz dedim: “Müəllimə, bu qədər uşağın içinə çıxırsan. Bir hazırlaş gəl də. Sonra burada gəlib filmdən zaddan boş-boş danışma!”. Deyiləcək söz deyildi, amma dedim. Müəllimənin ürəyi gedəndə qorxdum ki, mən ona niyə elə dedim?!

 

 

 

Bu hadisənin ətrafında böyük bir “skandal” çıxır. Amma bəxti onda gətirir ki, məktəbin direktoru dərsi kənarda izləyirmiş.

 

 

- Zakir müəllimin çox kəskin xarakteri vardı. Hamı ondan çəkinirdi. Müəllimlər də, şagirdlər də. Dərs vaxtı koridorda gəzər, dərsləri qapıdan dinləyərdi ki, görsün müəllim necə dərs keçir. Həmin hadisə baş verən vaxtı da, bizim sinfin qapısının ağzında olub və hər şeyi eşidib. Sonrada o qadın məndən şikayətçi oldu. İclasda Zakir müəllim mənim tərəfimi saxladı ki, sən dərsi kənara qoyub kinodan danışırdın. İxtiandr - “Amfibiya adam” filmindən danışırdı. Mənim üçün də  maraqlıydı, amma birdən-birə öz-özümə düşündüm ki, dərs qaldı kənarda.

 

 

Oxuduğu Gəncə Texnologiya Universitetində də R. Arifoğlu belə olub. Müəllimləri incidib. Dəfələrlə auditoriyadan çıxarılıb. Hətta Sabir müəllim universitetdən qovmaq istəyirmiş.

 

- Allah rəhmət eləsin Sabir müəllimə! Professor idi. Yaşlıydı. İri gözlük taxardı. Bütün universitetlərdə rüşvət olur. Sabir müəllim götürməyən, rektorun belə sözünü eşitməyən birisi idi. Hansı tələbə onunla konfliktdə girirdisə, qovulurdu. Üçüncü kursda oxuyurdum, auditoriyada haradasa, 75 nəfər vardı. Kommunizm haqqında danışırdı ki, min doqquz yüz doxsan neçənci ildə elə olacaq, iki mininci ildə belə olacaq. Mən də özümdən asılı olmadan durdum dedim ki, ola bilməz. Mümkün deyil. Başladı qışqırmağa: “Antikommunist!”. Heç elə fikrim də yox idi e, nə antikommunist?! Mənə dedi, qalx ayağa, sən sovet hökumətinə inanmırsan! Məni qovdu auditoriyadan. Dörd ay mühazirəyə buraxmadı. Kənddən universitetdə işləyən hörmətli müəllim vardı. Eyni kafedrada idilər. Onlardan xahiş etdim ki, məni auditoriyaya buraxsın. Onların sözünü belə eşitmədi. Onun kitabı vardı: “Yeyinti sənayesinin iqtisadiyyatı”. Ruslarla birgə yazmışdı. O vaxt yaddaşım çox yaxşı idi. Bir neçə günə o kitabı əzbərlədim. Tələbə yoldaşlarımdan da mühazirələri alıb oxuyub gəldim imtahana. Qapıda yapışdı qolumdan, gətirdi imtahan biletləri olan masaya: “Çək bileti!”. Çəkdim. “Danış!”. Ayaq üstə danışıram. Qolumu da hələ buraxmayıb. Birinci sualı danışdım, ikincini danışdım, üçüncünü danışdım. Dedi, bileti qoy yerinə, ayrısını çəkdim. Ayrısını çəkdim. İkinci biletin də suallarını bilirdim. Üçüncü bileti də çəkdirdi. Xoşbəxtlikdən ən yaxşı bildiklərim çıxmışdı. Üçüncü biletin də hər üç sualının cavabını danışdım. Çox vicdanlı adam idi. Başını ovcunun arasında sıxdı. Auditoriyadan qaçdı. Mən də şokdayam ki, nə baş verir?! Bir də gördüm bütün kafedranın müəllimlərini yığıb gətirib, pafosla: “Baxın, bir buna baxın! Gələcəyin “ministr”i olacaq adamdır! Ay yazıq, sən “ministr” olacaqsan! Sən nəymişsən?!”. Beş yazdı. Sonra getdi universitet fotoqrafını gətirdi. Bir yerdə şəklimizi çəkdirdi. Qəzetdə məqalə hazırladılar. Sonradan dostlaşdıq onunla.

 

 

Bir anlıq məktəb illərindən uzaqlaşıb tələbəlik illərinə daldığını fərq edirəm. Elə növbəti sualımla geriyə - məktəb illərinə qayıdırıq.

 

- Məktəb illərində ən çox sevdiyiniz fənn?

 

 

- Əvvəl riyaziyyatı çox sevərdim. Sonra fizikanı. Bir ara da kimyanı. Müəllimlərdən asılı idi. Ümumiyyətlə, texniki fənləri çox sevərdim. Ədəbiyyat, Azərbaycan dili mənim üçün əyləncə kimi bir şey idi. Ədəbiyyat müəllimim vardı. Adı Yusuf idi, “Usuf” deyərdik. O məndə yazıçılıq qabiliyyəti görürdü. Özü də deyirdi. Mənim də gülməyim tuturdu ki, elə şey olar?!

 

 

- Nədən yazırdınız?

 

- Kənddə gördüklərimdən. Ağacdan, yarpaqdan. “Zoğal ağacı altında düşüncələrim” adlı bir yazı yazmışdım. Onu heyrətlə oxumuşdu. Dedi, bunu haradan köçürmüsən? Mən də dedim, necə yəni haradan köçürmüşəm?! Mənə çatmırdı. Amma tutmuşdu və israr edirdi ki, mən ədəbiyyata – yaradıcılığa meyllənim. Amma sevmirdim. Nə ədəbiyyatı, nə də tarixi. Mənimki riyaziyyat, kimya, fizika idi. Bir neçəsi istisna olmaqla, hamısı yüksək səviyyəli və bilikli müəllimlər olub. Universitetə hazırlaşanda proqramdan kənar hazırlaşırdım. Xankişi müəllim vardı. Bakıda universitetdə dərs deyirdi. Sonra iflic olmuşdu qayıtmışdı kənddə. İstisna hal kimi mənimlə məşğul oldu. İlk vaxtlar anlaşmamız çətin oldu. Danışığı, yazısını başa düşmək çətin olurdu. Bədəni yarı iflic idi. Sonra alışdım. Onunla o qədər böyük məsafə qət elədim ki... Ali məktəbə imtahan verəndə “üç” yazırdılar, mən “beş”ə görə komissiya tələb elədim. Müəyyən şeylər soruşdular, cavabladım. Sonra məlum oldu ki, məktəb dərsliyində onlar yoxdu. Sadəcə məni yoxlamaq üçün əlavə suallar vermişdilər. Onları da mənə Xankişi müəllim öyrətmişdi.

 

 

İndi uşaqlar bilməzlər. Sovet dövründə məktəbliləri məcburi məhsul yığımına aparardılar. Kimisini pambığa, kimisini üzümə. Tovuzda üzüm bağları vardı.

 

 

- Üzümçülük ağır iş idi. Biz orada heyvan kimi işlədirdilər. Tək üzüm yığmırdıq ki?! Əvvəl yerini əkirdik. Altıncı-yeddinci sinif uşaqlarının “lapatka”yla işləməsi çətin idi. Bu baxımdan sovet dövrü dəhşətiydi. “Gilə uğrunda mübarizə” deyə kampaniya vardı. Bir gilənin uğrunda mübarizə aparar, sonda da qəpik-quruş verərdilər. Fəhləyə, briqadirə verirdilər on manat, bizə verirdilər bir manat. Yuxarı sinifdə iki-üç dəfə buna görə üsyan elədim. Dedim ki, bu nökərlikdir, biyardır. Rayon qarışdı bir-birinə. Uşaqları yığıb qarşılarında çıxış elədim, çəkdim yanıma. Sonra “lapatka”ları götürüb çəkildik meşəyə. Altı-yeddi saat bizi axtardılar. Biz də üzə çıxmadıq. Sonra möhkəm “skandal” oldu. Valideynləri çağırdılar. Atam həmişə məni dəstəkləyib. Bu işdə də dəstəyini gördüm. Məktəbin direktoru Zakir müəllim mənə dedi ki, oğlum, daha sən gəlmə: “Azadsan! Ya sənin atanı həbs edərlər, ya da başqa bir şeylər olacaq”. Və məni məcbur üzümə getməkdən azad elədilər. Bu dəfə də acığa düşdüm ki, yox, mən gedəcəyəm! Uşaqları tək qoymaq istəmirdim. Bir müddət sonra daha məni aparmadılar biyara. Qaldım evdə. Qoyunlarımız vardı, toyuqlarımız vardı. Onlarla məşğul oldum. Qoyun da otarmışam, kartof da əkmişəm, ot da çalmışam. Ümumiyyətlə, həyatın bütün üzünü görmüşəm. Dərslərim də öz yerində. Biz elə bilirdik ki, elə belə də olmalıdır. On yeddi yaşıma kimi kənddəki həyat mənə hər bir yaşamı, zəhməti öyrədib. İndi biz uşaqlarımız dərs oxuyanda çalışırıq səs olmasın, başqa problem olmasın, iş görməsin, yemək qabaqlarına gəlsin. Amma biz yuxarı sinifdə həm işləyirdik, həm də oxuyurduq.

 

 

- Məktəb illərində sevgi-məhəbbət?

 

- Olmazmı?! Elə ilk gündən sevmişəm (gülür). Birinci sinifdə. Ümumiyyətlə, on il boyunca bir neçə qız sevmişəm. Hər mövsümdə, hər yaş periodunda birini. Saf, səmimi uşaq sevgisi... Çox vaxt ürəyimizdə saxlayardıq. Etiraf belə etməzdik.

 

Və elə birinci sinifdə başına gəlmiş ilk sevgi macərasını xatırlayır.

 

- Bir dəfə parta yoldaşıma dedim ki, mən filankəsi sevirəm. Anamın dərsi idi. Çox ciddi, zəhmli müəlliməydi. Evdə anamı sevirdim, sinifdə ondan qorxurdum. Əlində ağacı olardı. Nadir halda onu stola vurardı. Amma hər zaman mənim əlimə vurardı. Söz ağzımdan çıxan kimi Ehtimal tez qalxdı ayağa: “Müəllimə, Rauf filankəsi sevir!”. O an keçirdiyim hissi heç vaxt unutmaram. Özümü o qədər bədbəxt hiss elədim ki... İlk xəyanəti onda yedim. Mən ona etibar edib, ürəyimi açmışdım. Bir saniyə işində açdı sirrimi, bütün sinfə dedi. Qız da başladı ağlamağa.

 

- Bəs ananız nə dedi?

 

- “Sakit ol, otur yerində”, dedi və üstündən keçdi.

 

- Evdə də?

 

- Evə qorxa-qorxa gəldim. Elə bilirdim böyük bir cinayət eləmişəm. Amma evdə də heç nə demədi. İndiki uşaqlar valideynlərinə deyirlər. Bizim vaxtımızda elə açıqlıq yoxuydu. Sovet adamlarıydıq, çox abırlıydıq. Sevgidə də, münasibətdə də.

 

- Dərsdən qaçmısınız?

 

- Nəinki qaçmışam, bütün sinfi yığıb aparmışam (gülür). Özü də atamın dərsindən. İdeya həmişə məndən gələrdi. Bizdə qolu güclü Fikrət olub. Ki, uşaqlar ondan qorxardılar. Amma ideya generatoru mən olmuşam. Atam evdə üstümə qışqıranda gəlirdim ki, bu gün dərs olmayacaq. Uşaqları evə yola salırdım. Heyfimi o cür alırdım.

 

 

Gülürük. Və atasıyla bağlı daha bir xatirəsini Lent.az oxucularıyla bölüşür.

 

- O vaxtlar dərzidə şalvar tikdirmək çox dəbdəydi. Xüsusən də yuxarı sinifdə. İstəyirdik ki, balaqları gen olsun. Hər dəfə şalvarı dərzidən götürəndə məyus olurdum. Evə gətirən kimi ölçürdüm xətkeşlə. Axı mən onu otuz iki demişdim, niyə iyirmi beşdi? Dərzini qınayırdım. Sən demə, atam edirmiş. Dərziyə tapşırırmış ki, şalvarımın balaqlarını sıxışdırsın.

 

 

1966-cı ildə doğulan uşaqlar qızğın at ilinə təsadüf edir. Enerjili atlar...

 

 

- Sonradan mən bunu bildim ki, sinfimizin doxsan beş faizi at ilində doğulub. Çox çətin idi bizim sinfi idarə etmək. Dəfələrlə qalmaqal və üsyanlar eləmişdik. Beşdə, ya altıda oxuyardıq. Bir dəfə tarix dərsində İslam müəllim məni vurdu. O vaxtı müəllimlər uşağı vururdu. Mən də üzünə qayıtmışdım. Elə oldu ki, uşaqlar da məni dəstəklədilər, qapını kəsdik onu sinfə qoymadıq. Məktəbin tarixində ilk dəfə bizim sinif üsyan eləmişdi ki, tarix müəllimini dəyişin. Tək məni vurmamışdı, qızları da vururdu. Bir dəfə elə vurmuşdu ki, qızlardan birinin burnu qanamışdı.

 

 

 

- Necə şagird olmusunuz?

 

- Nadinc. Ən çox döyən anam olub məni. Anam əlində gərməşov ağacı məni küçələrdən yığırdı. Elə vururdu məni... Anamın əllərinə qurban olum! Elə eləməsəydi, mənim kimi çətin, enerjili uşağı o küçələrdən, göllərdən, çaylardan yığa bilməzdi. Harada olsam gəlib məni tapar aparardı evə, dərs oxumağa. Yoxsa, mən oxumayacaqdım. Mənimlə olan uşaqların çoxu hələ də kənddə qalıb. Sözün bütün mənasında kənddən kənara çıxa bilmədilər. Hamısı zəhmətkeş, namuslu insanlardır. Ölkə səviyyəsinə o çubuqlar, o tərbiyə çıxartdı məni. Mənimlə ayrı cür mümkün deyildi. Evdən küsüb gedirdim Gəncəyə, qohumlarımızgilə. Mənim kimi uşağı döymək lazım idi. Özüm kimi övladım olsaydı, özümü çox pis hiss edərdim. Yaxşı mənim övladlarım elə deyillər (gülür).

 

 

- Özünüz necə, döymüsünüz heç?

 

- Üç uşağım var. Bir dəfə də əlimi onlara vurmamışam. İstedadlı uşaqlardır. Qızlar böyükdülər. Qız uşaqları çox rahat idarə olunur. Hər ikisi yüksək balla universitetə giriblər. Biri qırmızı diplomla universiteti bitirdi, indi İsveçrədə magistr oxuyur. Digəri indi Türkiyədə təhsil alır. Bu il məzun olub təhsilini Londonda davam edəcək. Amma oğlum dəcəllikdə mənə oxşamağa başlayır. Səkkizdə oxuyur. Böyüdükcə yavaş-yavaş ortaya çıxır. Artıq çətinlik verməyə başlayıb. İdarə etməyə çalışıram. Onları heç vaxt vurmamışam. Onları vursam, təəccüblənərlər. Bağlarımız qırılar. Kənddəki o mühit tamam başqaydı. Amma ananın vurmağı adama ləzzət edir. Məsələn, dalımca düşürdü, vururdu, qaçırdım. Qaçdı-qovdu edərdik. İndi o günləri elə arzulayıram ki, kaş o günlərə dönərdik, yenə anam məni tənbeh edərdi. Atam-anam bizi bu cür tərbiyə edib. Bizim kənd Azərbaycanın ən ucqar kəndidir. Bizdən sonra Ermənistan başlayırdı. Onlar kənddə  yetişdirib, kənddən ölkə miqyasına iki oğul çıxarıb. Ki, onlar indi öz imzaları, zəhmətiylə və başqa keyfiyyətləriylə ölkədə tanınırlar.

 

 

- Son zəng?

 

- Auditoriya qarşısındakı ilk çıxışımı son zəng günü etmişəm. Mətn hazırlamışdım. Bilirdim ki, mənə də söz verəcəklər. Mikrofonu aldım əlimə ki, dizlərim əsir. Əlimdəki vərəqləri qoydum stola. Həyəcandan titrəyirdim. Danışmaq istədim ki, səsim çıxmadı. O anın fotosu da var. Anam kütlənin arasından həyəcanla mənə baxır. Təxminən on beş-iyirmi saniyə sonra necə qızışdımsa, necə çıxış elədimsə, bir də onda ayıldım ki, hamı əl çalır. Amma mən çıxışı yekunlaşdıra bilmirəm. Və onda yenə “panika”ya düşdüm. Yazdığımdan heç nə danışa bilmədim. Bu, auditoriya qarşısında ilk çıxışım, ilk təcrübəm idi və gördüm ki, alınır. Növbəti çıxışım 1988-də, universitetdə oxuyanda oldu. Erməni məsələsi təzə-təzə qalxan vaxtlarda. Zalda ermənilərə qarşı toplantı keçirilirdi. Hətta öz şeirimdən birini də dedim. Zal partladı. Elə bilirdim məndən dahi şair yoxdu. İndi baxıram ki, o şeirləri başqası gətirsə, heç vaxt çap eləmərəm.

 

 

 

Məktəb yolları...

 

- Məktəblə evimiz arasında iki kilometr məsafə vardı. Sevirdim o yolu. Bizdə həm aşağı yol vardı, həm də yuxarı yol. Aşağı yol bağlıq, sıx meşəlikdən keçirdi. İndi də yuxularıma girir. Hər dəfə özümə söz verirəm ki, kəndə gedəndə o yolu keçəcəm. Bir dəfə getdim və məyus oldum. O qədər dəyişmişdi ki... Dedim, daha gəlməyim ki, xatirələrimdəki o məqamlar itməsin.

# 6748
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar