1960-cı illərdə SSRİ-nin ilk manikenləri Regina Zbarskaya, Marina Divleva, Qalina Milovskaya və Leka Mironovanın şöhrəti dünyaya yayılmışdı. Böyük populyarlığa baxmayaraq bu qızlar yüksək maaş almır, dövlət orqanlarının daimi nəzarəti altında yaşayırdılar. Lent.az 60 il öncə hər kəsin həsəd apardığı gözəllərin pərdə arxasında qalan taleyi barədə məlumat verir.
Regina Zbarskaya
Regina Zbarskaya Moskvaya Voloqda şəhərindən gəlmişdi. Həm ali məktəbdə oxuyur, həm də filmlərə çəkilirdi. Günün birində kastinqlər zamanı geyim üzrə rəssamlardan biri onu Ümumittifaq Moda Evinə dəvət etdi. Regina çox tezliklə şöhrət qazandı, tez - tez xarici ölkələrə ezamiyyətə göndərildi. 1969-cu ildə Parisdə moda sərgisində jurnalistlər onun haqqında “Kremlin ən gözəl silahı” ifadəsini işlətmişdilər. Qərbdə bu qızı “rusiyalı Sofi Loren” adlandırırdılar.
O 45 yaşına qədər model kimi fəaliyyət göstərdi. 1960-cı illərdə Regina rəssam Feliks Zbarski ilə evləndi. Ərinin təkidi ilə hər dəfə hamilə qaldıqca uşaqlarını abort etdirirdi. Günah hisslərini basdırmaq üçün qadın narkotik tərkibli dərmanlar içirdi. Əri psixikası pozulmuş arvadına qayğı göstərmək əvəzinə onu qoyub məşhur aktrisa Marianna Vertinskaya ilə eşq macəraları yaşamağa başladı. Bir qədər sonra isə o, aktrisa Lyudmila Maksakovaya evləndi və onların bir oğlu oldu. Keçmiş arvadı Regina Zbarskaya bu xəbəri eşidib ciddi depressiya diaqnozu ilə psixiatrik xəstəxanaya düşdü.
Sağaldıqdan sonra o, öz işinə davam etdi. Həmin ərəfədə yuqoslaviyalı bir jurnalistlə tanış oldu. Regina bu münasibətləri sevgi kimi qəbul eləsə də, jurnalistin bəd niyyətləri varmış. O çox keçmədən alman dilində antisovet bir kitab çap etdirdi, kitabın adı “Regina Zbarskaya ilə 100 gecə” idi. Jurnalist kitabda model xanımla intim münasibətlərini ən kiçik təfərrüatlarına qədər yazıb, qızın Mərkəzi Komitədəki yüksək vəzifəli məmurlarla əlaqəsinin olmasını, Reginanın öz həmkarları əleyhinə donoslar yazmasını, partiyaya gizli xəfiyyəlik etdiyini yazmışdı. Kitab çıxdıqdan sonra Reginanı uzun müddət sorğu - sual etdilər. Qadın bir neçə dəfə intihar eləmək istədi və bütün cəhdləri uğursuz nəticələndi. O yenidən psixiatrik xəstəxanaya düşdü.
Regina Zbarskaya ömrünü 51 yaşında psixiatrik xəstəxanada başa vurdu. Bu barədə Sovet İttifaqında susdular, “Amerikanın səsi” radiostansiyası isə Regina Zbarskayanın qidadan zəhərləndiyini deyir. Radio eyni zamanda bildirir ki, bunun nəticəsində o ürək tutmasından ölüb. Ölərkən onun yanında həyatının bütün anlarını əks etdirən gündəliyi var idi. Lakin xüsusi xidmət orqanları bu gündəliyi də Regina kimi “yox etməyi” bacardılar.
Marina Divleva
Məşhur “Moda evinin” ən parlaq nümayəndələrindən digəri Marina Divleva idi. O uzun müddət Regina ilə dostluq eləmişdi. Paris Moda sərgisində nümayiş zamanı milyarder Devid Rokfellerin qardaşı oğlu Marinaya aşiq olur. O qızla tanış olur və onun ardınca iki dəfə Moskvaya gəlir. Milyarderin qardaşı oğlu Marinaya evlənmək təklifi edir, lakin Sovet xüsusi xidmət orqanları bu sevginin davam etməsinə imkan vermirlər.
Marinaya bildirilir ki, əgər o evlənib xaricə köçəsi olsa, bütün qohumları həbs olunacaq, özünün isə geriyə yolu qalmayacaq. Marina Rokfellerin evlilik təklifini rədd edib, vətəndə qalmalı olur. Sonrakı taleyi barədə çox məlumat yoxdur. O, aktyor Leon Kakulyanla evlənib, övladı olmayıb. 2009-cu ilə qədər Moskvada çox cüzi pensiya ilə çətin həyat sürüb. 2009-cu ildə Marina insult nəticəsində həyatını itirib.
Qalina Milovskaya
Sarışın Qalina Milovskaya yüngül sənaye və trikotaj sahəsi üzrə ali təhsil almışdı. Gözəl xarici görünüşünə görə “Moda Evi”nin rəssamı tərəfindən kəşf edilmiş və işə çağırılmışdı. O ayda 100 rubl maaşa işləyirdi.
Məşhur vəkil Sergey Milovski ilə evlənib yaradıcı ziyalıların əhatəsinə düşən Qalinanın həyatı öncələr çox gözəl idi. O müxtəlif tədbirlərə dəvət olunur, olduğu hər yerdə işıq saçırdı.
Onun karyerasında ilk büdrəmə 1969-cu ildə “Qızıl Meydan”da çəkilmiş bir fotoyla başladı. Qapalı geyimdə olsa da, ayaqlarını geniş açaraq cürətkar poz vermiş modelin bu görüntüləri hakim dairələrin narazılığı ilə qarşılandı. Milovskayaya xaricə getmək və xarici fotoqraflarla işləmək qadağan edildi. Qalinanın bu şəklinin Amerikanın məşhur moda jurnalı “Vogue”də dərc edilməsi Sovet rəhbərliyini bərk qəzəbləndirdi. Bunun ardınca İtaliyanın “L'Espresso” jurnalında çıxmış yarıçılpaq şəkillərindən sonra Qalinaya sərt qadağalar gəldi. Vəkil əri özünü qorumaq üçün arvadını boşadı.
1974-cü ildə Qalina ölkədən qaçdı və fransalı bankir Jan Pol Dessertin ilə evləndi. O manekenliyi atıb rejissorluğa başladı. Çox keçmədən Sorbon Universitetinin kinorejissorluq fakültəsini və Los-Ancelesdə Amerika Kino İnstitutunu bitirib, Rusiya əleyhinə sənədli filmlər çəkməyə başladı.
Leka Mironova
“Moda Evi”nin dördüncü məşhur siması, maneken Leka Mironova moda dünyasına təsadüfən düşmüşdü. Rəfiqəsigilə qonaq gedən Leka orda “Moda Evi”nin rəssamlarından biri ilə tanış olur və görünüşünün manekenliyə çox uyğun olduğu deyilir.
1965-ci ildən Leka “Moda Evi”ndə işləməyə başlayır və SSRİ-nin ən üzdə olan manekenlərindən birinə çevrilir. Qərbdə onu Rusiyanın Odri Heppberni adlandırırdılar. SSRİ və ABŞ arasında münasibətlərin mülayimləşdiyi dövrdə iki ölkənin ortaq istehsalı olan “Sovet İttifaqının 3 ulduzu” adlı film çəkilir. Bu filmdə əsrin simvolları olaraq balerina Maya Plisetskaya, Olimpiya çempionu Valeri Brumel və maneken Leka Mironovadan bəhs edilirdi.
Qalinanın karyerası açıq- saçıq görüntülərinə görə məhv olmuşdusa, Lekanın karyerası da açıq- saçıq çəkilmək istəməməsi üçün məhv oldu. Belə ki, SSRİ-nin yüksək vəzifəli məmurları üçün ən gözəl qızların çılpaq görüntüləri olan xüsusi təqvim hazırlanmalıymış. Bu təqvim yalnız Mərkəzi Komitənin üzvləri üçün nəzərdə tutulurmuş.
“Moda Evi”nin direktoru bir qrup kişi və bir fotoqrafla birlikdə Lekanı tanınmış aktyorlardan birinin evinə göndərir və bildirir ki, orda interyer çəkilişlər üçün daha uyğundur.
Lekadan lüt soyunmaq tələb olunur və tapşırılır ki, o nə zaman çağırılsa müəyyən şəxslərin evinə getməlidir. Təbii ki, intim xidmətlər göstərmək üçün. Etiraz edən Lekanın üzünə qapılar bağlanır, onu daha heç bir yerə dəvət etmirlər.
Lekanın şəxsi həyatı da uğursuz nəticələnir. Litvalı fotoqrafla ailəsi az zaman içində dağılır. Fotoqrafa yuxarıdan əmr gəlir, “Lekanı boşamalısan”. Ulduzu sönən Leka uzun illər kiçik moda evlərində çalışıb, başını dolandırıb. Onun sonrakı taleyi barədə məlumat yoxdur.