Ötən əsrin 60-70-ci illərində Türkiyənin “Yeşilçam” filmlərində bir “nayır, nolamaz, nevet” rüzgarı əsirdi. Yaraşıqlı baş rol oyunçuları, xüsusilə Tibet Kartal, Cüneyt Arkının səsində bu sözləri çox eşitmişdik. Yəqin çoxları özünə “niyə evet yox, nevet, olamaz yox, nolamaz?”sualını verib.
Lent.az Yeşilçam anlayışının və “nolamaz”ların yaranması barədə məlumat verir.
Öncə başlayaq Yeşilçamdan. Yeşilçam İstanbulun Beyoğlu məhəlləsində yerləşən bir küçənin adı idi. 1980-ci illərə qədər kino istehsalı ilə məşğul olan bütün şirkətlərin baş ofisləri bu küçədə yerləşir, Yeşilçamda yaradıcı mühit hökm sürürdü. Bu şirkətlərin istehsal etdiyi filmlərdə qısaca Yeşilçam filmləri adlandırılmağa başladı.
Yeşilçam əslində yaşıl şam ağacı deməkdir. Yay-qış, yaşıl, gənc görkəmdə olan bu ağac sonralar Türkiyə filmlərinin bütün çətinliklərə rəğmən ayaqda qalmasının simvoluna çevrilmişdi. Bu küçə keçmiş şöhrətini itirsə də, indi də qalmaqdadır. İstiklal prospektindən Qalata limanına gedən istiqamətdə yerləşir.
O ki qaldı “olamaz” sözünün “nolamaz” kimi işlədilməsinə, bunun da maraqlı tarixçəsi var. Bu söz tənbəllik nəticəsində yaranıb. Türk filmlərində baş rol oyunçularını adətən gözəl səsi və diksiyası olan dublyaj sənətçisi Abdurrahman Palay səsləndirirdi.
Xüsusən Qədir İnanırı, Cüneyt Arkını, Kartal Tibeti Palayın səsi ilə eşitmişik. Hər şirkətin çəkdiyi filmlərdə bu aktyorları səsləndirən Palay demək olar ki, hər gün səsləndirmədə olurdu və yorulurdu. Bir az tənbəl, bir az da yavaş danışan adam olan Palay dublyaj zamanı masaya dirsəklənərək əlini çənəsinə dayayıb danışdığı üçün, sait səslərin önünə n səsi düşürdü. Sonralar xalq bu nevetleri, nolamazları sevdiyi üçün film istehsalçıları Palaydan səsləndirməni bu şəkildə etməyi istəmişdi.