Lent.az dünya xalqları haqqında maraqlı yazılar silsiləsini davam etdirir. Bu dəfə unutdurulmuş ayn xalqı barədə danışacağıq.
Yaponiyada yaşayan müasir ayn xalqı öz tarixi barədə onların həyatını öyrənən alimlərdən daha az şey bilir. Hazırda dünyada təmizqanlı ayn tapmaq asan deyil. Əsrlərlə davam edən siyasi sıxışdırmalar bu maraqlı xalqı yer üzündən silib. Yaponiyada, Kuril adalarında, Rusiyanın uzaq şərq hissəsində yaşamış bu xalqlar nə ruslara, nə də yaponlara bənzəmədiklərinə görə hər zaman yad kimi qəbul ediliblər.
Yaponiyada özlərinə bənzəməyən bu sirli xalqı uzaq və ucqar kəndlərə sürgün edilirdilər. Rusiyada isə onları yapon hesab etdiklərinə görə siyahıya almırdılar. Rusiyada aynlar Kuril adalarında, Amur çayı ətrafında məskunlaşmışdılar. Sovet hökuməti dövründə bu xalqa qarşı amansız davranılmış, siyahıya alınmalarda onları fərqli millətlər kimi qeydiyyata salmışdılar.
Bəs onlar əslində kim idilər? Bəzi mənbələrə görə, aynlar qədim türk xalqlarıdırlar. Türklərə bənzər və fərqli cəhətləri var. Onların qadınları ağızlarının kənarlarına döydürdükləri böyük qara tatularla seçilirdilər. Bunu şər qüvvələrdən qorunmaq üçün edərdilər. Uşaq ikən ayn qadınlarının ağzının ətrafı xüsusi alətlərlə dağlanır, yerinə qara kül tökülürdü. Beləcə dodaqların ətrafı qara ləkə, tatu ilə örtülmüş olurdu. Bəzi mənbələrə görə, qadınlar bununla özlərini qara ağızlı qurda bənzədib, qurd kimi övlad doğmaq üçün edirlərmiş. Ayn qadınları at çapır, ov edirdilər.
Kişilər isə qaba uzun saqqalları ilə seçilirdilər. Tüksüz yapon xalqlarının içində ot tayası kimi gur saqqallı ayn kişiləri çox seçilirdi. Onların bığı, saqqalı o qədər gur olurdu ki, yemək yeyərkən xüsusi taxta çubuqlarla bığlarını qaldırmalı olurdular. Kişilər əsasən odunçuluq, balıqçılıq və əkinçiliklə məşğul olurdular.
XVI əsrdə onlarla qarşılaşmış kazaklar özlərinə bənzəyən bu xalqın nümayəndələrini kazak hesab eləmişdilər. Çünki əsla yerli qıyıqgöz xalqlara bənzəmirdilər. Aynların bir çoxu ağdərili, mavi gözlü və sarışın idilər.
Onlar böyük qruplar (klanlar) şəklində yaşayır, dəniz və meşə heyvanlarını ovlayırdılar. Hazırda dilləri və yazı sistemləri barədə məlumat qalmasa da, öz dilləri və yazıları var idi. Aynlar gicitkən liflərindən düzəltdikləri parçalardan uzun xalatlar geyinir, dəniz canlılarının dərisindən ayaqqabılar hazırlayırdılar.
Aynlar böyüyüb ağlı kəsənə qədər uşaqlarına ad vermirdilər. Uşağın xarakterik cəhətlərinə görə ləqəbi olurdu. Məsələn, “Ağlağan”, “Qaçağan”, “Yuxulu” və s. Yalnız yeniyetmə ikən özünü hər hansı bir işdə subut etdikdən sonra klanda onlara ad verilirdi. Dədə Qorqud dastanında olduğu kimi...
Aynlar on ikilik say sistemindən istifadə edirdilər. Məsələn, yüzə 5 ədəd 12, 111-ə 9-u əskik 6 ədəd 12-lik deyirdilər.
Rusiyada yaşayan aynlara özlərini ayn adlandırmağa icazə vermirdilər. Çünki yaponlar ayn torpaqlarının Yaponiyaya məxsus olduğunu deyirdilər. Lakin öz ölkələrində onların adının çəkilməsi qadağan edilmişdi. İş o həddə çatdı ki, aynlar da özlərini ayn adlandırmaqdan çəkindilər və beləcə Asiya xalqlarına qarışdılar.
II Dünya müharibəsindən sonra SSRİ-də də ayn adının çəkilməsinə siyasi qadağa qoyuldu. Yaponlar isə özlərindən olmayan bu xalqa sosial güzəştləri ləğv edib onları ikinci növ insan elan elədi. Aynlardan nə üçün bu qədər qorxurdular? Bu hələ də sirr olaraq qalır.
2010-cu ildə Rusiyada əhalinin siyahıya alınması zamanı 109 nəfər özünü ayn xalqının nümayəndəsi kimi qeyd etdirib.
Onlar Rusiya xalqlarının siyahısında yer almırlar. Hərçənd Putinə onların adlarının bərpası ilə bağlı təklif verilmiş, o da razılığını bildirmişdi.
2021-ci ildə Yaponiyada 25000 ayn siyahıdan keçib. Lakin yaponlar hələ də bu xalqa ekzotik element kimi baxırlar.