Dekabrın 26-da Xalq Yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 80 illiyinə həsr edilmiş anma mərasimi keçirilib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Səməd Vurğunun ev-muzeyində baş tutan tədbirdə iştirakçılar əvvəlcə Y.Səmədoğlunun həyatının müxtəlif anlarını əks etdirən videoçarxa baxıblar.
Muzeyin direktoru Nüşabə Vəkilova Y.Səmədoğlunun həyat və fəaliyyətindən söhbət açıb. Bildirilib ki, Y. Səmədoğlu 1935-ci il dekabrın 25-də böyük şair Səməd Vurğunun ailəsində dünyaya göz açıb. Orta məktəbi qızıl medalla bitirən gənc Yusif Moskva Yazıçılar İttifaqı nəzdində fəaliyyət göstərən M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, sonra direktor müavini, “Ulduz”, “Azərbaycan” jurnallarının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəsr üzrə katibi olub.
Bir çox fəxri adlara layiq görülən ədib ədəbi mühitdə “220 saylı otaq”, “Qalaktika”, "Qətl günü" kitabları ilə məşhurlaşıb. “Deyilənlər gəldi başa” romanı yarımçıq qalıb.
Qeyd edilib ki, o, müstəqilliyimizin əldə olunmasında ictimai xadim kimi əvəzsiz fəaliyyət göstərib.
Tədbirdə AYB-nin sədri, Xalq Yazıçısı, Anar, birliyin katibi, Xalq Şairi Fikrət Qoca, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və başqaları bu ocaqdan gedən müqəddəs insanlar haqqında və Y.Səmədoğlunun unudulmaz bir dost kimi yüksək mənəvi keyfiyyətlərindən söhbət açıblar. Şairlər Ramiz Rövşən, Oqtay Rza, Z. D. Qayalı ona həsr etdikləri şeirlərini oxuyublar.
S.Vurğun ocağının davamçısı, Beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov pianoda tarın müşayiəti ilə Y.Səmədoğlunun sevdiyi “Bayatı-şiraz” muğamını səsləndirib.
Sonda N.Vəkilova görkəmli yazıçının xatirəsinə göstərilən ehtirama və diqqətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.