Bu gün xalq artisti Nuriyyə Əhmədovanın doğum günüdür. Nuriyyə Əlağa qızı Əhmədova 1950-ci il 26 dekabrda Bakıda anadan olub. Lent.az-ın kino.org.az-a istinadən verdiyi məlumata görə, bəstəkar Tofiq Bakıxanovun xeyir-duası ilə Musiqili Komediya Teatrına işə qəbul edilən aktrisa burada “Məmmədəli kurorta gedir”, “Toy kimindir” tamaşalarında rol alır. Onun istedadını görən teatrşünas Cabir Səfərov ona İncəsənət İnstitutuna daxil olmağı tövsiyə edir. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət institutuna daxil olan Nuriyyə Əhmədova teatrda işləyə-işləyə 1974-cü ildə burada təhsilini müvəffəqiyyətlə başa vurur.
Nuriyyə Əhmədovanın kinoya ilk gəlişi 1982-ci ildə “Mozalan” süjetlərində çəkildikdən sonar olub. Bir çox filmlərdə maraqlı obrazlar yaradan Nuriyyə xanım “Bağ mövsümü”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, Evlənmək istəyirəm”, “Fransız”, “Hər şey yaxşılığz doğru”, “Kişi sözü”, “Yuxu”, “Zirzəmi”, “Yoxlama” və onlarca müxtəlif xarakterli obrazlara kino həyatı bəxş edib.