Lent.az xalq artisti Tariyel Qasımovun Gənclərin III Ümumrespublika Teatr Festivalı ilə bağlı müsahibəsini təqdim edir
- Bir teatr adamı kimi bu festivalı yalnız alqışlamaq olar. Mənim məlumatım var, hətta bundan öncə keçirilən Gənclərin II Ümumrespublika Teatr Festivalında da bir izləyici kimi iştirak etmişəm. Gənclərin təqdim etdikləri tamaşalara baxmışam və çox xoşuma gəlib. Ümumiyyətlə, gəncləri bir yerə toplamaq, onlara öz bacarıq və qabiliyyətlərini nümayiş etdirmək üçün şərait yaratmaq-bu alqışa layiq təşəbbüsdür.
- Sizcə, bu festival gənclərə nə verəcək?
- Əvvələn onu qeyd edim ki, teatra maraq göstərən müxtəlif komandaların bir araya cəm olması, qarşılıqlı mübadilə onların təcrübəsini artıracaq. Bu sahəyə aid olan insanlar öz təəssüratlarını bir-birləri ilə bölüşəcəklər. Digər tərəfdən bu festival gənclərin teatra olan marağını artıracaq. İndiki vaxtda bu çox önəmlidir. Gənclərin teatra marağı azalıb, bu faktdır.
- Sizcə, niyə gənclərin teatrdan ayağı kəsilib, buna səbəb nədir?
- Əlbəttə şou, əyləncəli proqramların artması, onları ciddi mədəniyyətdən, incəsənət aləmindən qaçaq salıb. Bildiyim qədər bu festivalda bölgələrdəki gənclərin də iştirak etməsinə şərait yaradılıb. Onlar da paytaxta gəlib, öz hazırladıqları tamaşaları təqdim edirlər. Bunu yüksək dəyərləndirirəm. Çünki əyalət teatrlarında durum heç də yaxşı deyil. Mədəniyyət və İncəsənət Universitetinin hər il çoxlu sayda aktyor məzunları olur. Bu məzunlar əyalətlərə getmək istəmir. Onları təyinatla əyalət teatrlarına göndərmək lazımdır. Lap lazım gələrsə, müxtəlif yollarla həvəsləndirmək də olar. Çünki əyalətlərdə gənc aktyorlar, aktrisalar çox azdır. Hətta bəzən görürsən, cavan oğlan rolunda 50 yaşlı kişi oynayır. Bu da tamaşanın marağını azaldır.
- Əslində gənclərin teatra marağı daxildən gəlməlidir?
- Əslində düz deyirsiniz, teatra həvəs gəncin içindən gəlməlidir. Elə özümü misal çəkmək istəyirəm. Mən kənd uşağı olmuşam, amma teatra hədsiz marağım olub. Atam isə mənim aktyor olmağımın əleyhinə idi. O məni öz istəyi ilə Bədən Tərbiyəsi İnstitutuna qoymuşdu. Amma mən atamdan xəlvət aktyorluq fakültəsinə sənəd verib, arzuma çatdım. Uzun illər atam mənim aktyor olmağımdan xəbərsiz olub. Televizorda bir tamaşada məni görəndən sonra başa düşüb ki. onu aldatmışam. Yəni sözümün canı budur ki, insanın canında-qanında bu sənətə maraq olmalıdır. Bu gün əksər gənclər Mədəniyyət və İncəsənət Universitetinə bir maraqla daxil olurlar. Buranı bitirsinlər, aktyor kimi onlara ev verilsin, fəxri təqaüd ayrılsın, titul alsınlar və s. Amma başa düşmürlər ki, bunlar adama havayı verilmir. Bu sənəti sevmək lazımdır. Əgər sevdisə, o işini də sevə-sevə təqdim edəcək. Bir də onu demək istəyirəm ki, gəncləri də həvəsləndirmək lazımdır. Onlara baş rol vermək lazımdır ki, özünü doğrultsun. Bu gün əyalət teatrlarında bu vasitədən istifadə etmək lazımdır. Buna çox ehtiyac var.
- Belə başa düşdüm ki, gənc nəslə o qədər də ümid etmirsiniz?
- Mənim tövsiyələrim yerinə yetirilsə, gənclərin teatra marağı da artacaq və aktyor sənətinə həvəslə axın edəcəklər. O halda yeni nəsil aktyorlar da yetişər. Bizləri kimlərsə əvəzləməlidir axı. Bu mənada mən Gənclərin III Ümumrespublika Teatr Festivalını yüksək qiymətləndirirəm. Kim bilir bəlkə elə o festivaldan çıxan aktyorlar gələcəkdə Azərbaycanın ən məşhur aktyorlarına çevriləcək. Əsas odur ki, festival “papaq altda yatan” oğlanları üzə çıxaracaq. Çünki bugün paytaxtda və bölgələrdə çox istedadlı gənclər var, onlara təkan vermək lazımdır. Bu festival ən böyük təkan olacaq. Mən özüm də gəlib gənclərin təqdim etdikləri tamaşalara həvəslə baxacağam.
- Tariyel müəllim, festival çərçivəsində həm də ART kamp keçiriləcək. Bu Kampların əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Kampların keçirilməsi dünya təcrübəsində geniş yayılmış bir ənənədir. Çox arzulayardım ki, azərbaycanda da buə nənə geniş yayılsın. Çox sevindirici bir haldır ki, ölkə gəncliyinə belə şərait yaradılır. Gənclərin bir yerə cəm olması, onların mədəniyyət təması olduqca vacibdir. Ustad sənətkarların o görüşlərdə iştirakı, öz təcrübələrini gənclərlə bölüşməsi, mübadilə gözəl bir işdir. Yəqin ki, gənclər bu görüşlərdən çox böyük nəticə əldə edəcəklər. Azərbaycanda teatr sənətinin incəliklərini bilən, milli teatrımızın inkişafında xidmətləri olan gözəl sənətkarlarımız var ki, onları bu işə cəlb etmək, gənclərlə görüşdürmək-alqışa layiq bir işdir. Mən bu festivalın təşkilatçısına minnətdarlıq etmək istərdim. Bir də onu arzulayardım ki, inşallah, bu festival hər zaman keçirilsin və ölkə hüdudlarını aşsın. Azərbaycan gəncliyinin səsi xarici ölkələrdən gəlsin. Bu ümumi işimizin xeyrinədir.
Qeyd edək ki, Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 250-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.