Beynəlxalq Muğam Mərkəzində Opera və Balet Teatrının solisti, I Muğam Televiziya Müsabiqəsinin laureatı gənc xanəndə Vüsalə Musayevanın “Axşamüstü Qarabağdan” adlı solo konserti keçirilib.
Lent.az-ın məlumatına görə, konsertdə xanəndəni Nahid Məmmədovun bədii rəhbəri olduğu “Şahnaz” instrumental ansamblı müşayiət edib.
İlk dəfə solo konsert verən xanəndə olduqca həyəcanlı olduğunu bildirib: “Solo konsert vermək böyük məsuliyyətdir. Mən bu konserti solo konsert yox, sınaq konserti hesab edirəm. Çünki bu gün bu zalda bizim ustad xanəndələrimiz, müəllimlərim də əyləşib. Bu, mənim həyəcanımı, məsuliyyətimi bir az da artırır. Mən hesab edirəm ki, bu gün onların qarşısında növbəti sınaq imtahanımı verirəm”.
Maraqlı repertuar seçimi edən xanəndə bir saat boyunca tamaşaçılara zövqlü dəqiqələr yaşadıb. Konsertin birinci hissəsində “Şahnaz” muğam dəsgahını ifa edən xanəndənin ifası gurultulu alqışlarla müşayiət olunub. Xanəndə xalq mahnıları və təsniflərlə yanaşı, Səid Rüstəmov, Cahangir Cahangirov, Bəhram Nəsibovun unudulmaz mahnılarını da səsləndirib. Konsertə “Qarabağ” şikəstəsi ilə yekun vuran gənc xanəndə ayaqüstə alqışlanıb.