Türkiyəli müğənni: “Bakıya ayda 7-8 dəfə toya gəlirəm...”
08 oktyabr 2015 13:16 (UTC +04:00)

Türkiyəli müğənni: “Bakıya ayda 7-8 dəfə toya gəlirəm...”

“Azərbaycana ən çox gələn türk sənətçisiyəm. Amma insanlar, televiziyalar bunu bilmirlər. Bəzi hallarda bir ay ərzində Bakıya 7-8 dəfə toya gəlirəm. Bu o demək deyil ki, mən çox tanınmış sənətkaram, məşhuram deyə insanlar məni çağırırlar. Yəni, mənim səhnədəki enerjim başqadır. Normal həyatda necəyəmsə, səhnədə də elə davranıram. Həm təbii olduğum üçün insanlar sevir, həm də münasibətdə diqqətliyəm”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan müğənni Adil Karaca deyib.

 

Sənətçi qeyd edib ki, o həmkarlarından fərqli olaraq, daha çox iş adamları ilə dostluq edir: “Ünsiyyətdə olduğum insanların əksəriyyəti böyük iş adamlarıdır. Həmkarlarım gəlib, oxuyub, gedirlər, amma mənim onlarla dostluq əlaqələrim var. Azərbaycanda, eyni zamanda Rusiyada... Bu gün ABŞ-a, Çinə konsert verməyə gedirəm. Məni tanıyırlar? Yox. Sadəcə, canlı musiqi, performans mühüm məsələdir. Demək, mahnılarımız insanların xoşuna gəlir ki, çağırırlar”.

 

Adil bəy uğur qazanmasında həyat yoldaşının rolunun danılmaz olduğunu vurğulayıb: “Hər uğurlu kişinin arxasında güclü qadın var. Evdəki qadın yaxşıdırsa, hər zaman yaxşı yerlərdə, zirvələrdə olarsan. Amma əksinədirsə, heç zaman müvəffəqiyyət əldə etmək mümkün deyil, bir gün bitməyə məhkumsan. Bəzən səhvlər edirəm və deyirəm ki, həyat yoldaşım haqlı imiş, kaş ki, qulaq asardım. Çox hallarda onu dinləyirəm, bəzən də dinləmirəm. Anadolu insanı olduğum üçün “maçoluğum” tutur. Həyat yoldaşına qulaq asmaq lazımdır”.

 

“Azərbaycanda prodüser yoxdur”

 

Sənətçinin sözlərinə görə, həyat yoldaşını seçərkən, zahiri gözəlliyə deyil, daxili gözəlliyə daha çox fikir vermək lazımdır: “Həyat yoldaşımda gözəlliyə fikir vermirəm. Bu mənim üçün ikinci dərəcəli məsələdir. Əsas məsələ qəlbinin gözəlliyidir. Ömür boyu onunla yaşayacaqsan. Yaxşı gündə, pis gündə...Hər zaman bu insan sənin yanında olacaq. Buna görə də insanlar buna fikir verməlidirlər”.

 

Adil Karaca, əslən Adıyaman bölgəsindəndir, kürd əsilli ailədə dünyaya göz açıb: “Adanada anadan olmuşam. Kiçik yaşlarda ikən musiqiyə olan sevgimlə əlaqədar İstanbula köçdüm. İllərlə musiqi ilə məşğul oldum amma heç cür istədiyimi əldə edə bilmədim. Prodüserlər məni çox gözlətdilər. Əgər müqavilə bağlamısansa, şərtlərdən kənara çıxa bilmirsən, gözləmək məcburiyyətindəsən. Sizdəki prodüserlər kimi deyil. Sizdə prodüser yoxdur. Menecerlik edirlər, amma özlərinə prodüser deyirlər. Onlar prodüserliklə məşğul deyillər. Mən bu sahədə çalışanda ailəm təzyiq göstərməyə başladı. Atam müğənni olmağımı istəmirdi. 11 yaşımda “Beşiktaş” komandasının seçimlərinə qatıldım, Nihat Kahveci ilə birgə qazandım, o zaman “Beşiktaş”ın aşağı yaş qruplarına aid komandasında da oynadım. Nihat Kahveci bu gün İspaniyada, Valensiyada oynayır. Atam buna da icazə vermədi. O, hər halda təsərrüfatla məşğul olmağımı istəyərdi. Onunla dünya görüşlərimiz ayrıdır. Amma uşaqlıqdan sənətçi olmaq arzum olub. Atam bizi elə tərbiyə edib ki, şou-biznesdə olmağıma rəğmən, dəyişmədim. İçimdəki sənət eşqi məni Rusiyaya apardı. Əslində, çox çətin bir işi bacardım. Bizim sənətçilər Türkiyədə tanınıb, sonra dünyaya çıxırlar. Mən isə dilini belə bilmədiyim ölkəyə getdim. Çox çətin günlərim olub. Orada Azərbaycan xalqının dəstəyini çox gördüm. Azərbaycan xalqı olmasaydı, bu gün nə Rusiyada, nə də Türkiyədə kliplərim yayımlanmazdı”.

 

Sənətçi bütün işlərini özü görür: “Prodüserim yoxdur. Kliplərim, albomlarım üzərində özüm çalışıram. Özüm qazanıram, elə işlərimi də həmin pulla həyata keçirirəm. Dostlarım da kömək edir, məclislərə çağırırlar. Ancaq heç bir sənətçi tərəfindən dəstək görmədim. Əksinə, mən həmkarlarıma kömək edirəm. Türkiyədəki sənətçilərə də iş vermişəm, toylara dəvət etmişəm. Elə sizin də sənətçilərə toylar təklif etmişəm. Yaxın olduğum sənətçilər var. Bura gəldiyimdə bəzi proqramlarda birgə çıxış etdik. Amma hər şeyi özüm edirəm deyə bilərəm”.

 

Adil Karaca yeni planlarından da bəhs edib: “Bir təqdimat edəcəyəm. Aynur Adilqızından mahnı almışam. İlk dəfə Azərbaycan dilində bir mahnı oxuyacağam. Bu mahnıya klip də çəkdirəcəyəm. Daha sonra təqdimat edəcəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369

Oxşar yazılar