Türkiyədə fəaliyyət göstərən rəssam Emil Əzizin Bakıda üçüncü fərdi sərgisi açılacaq. Lent.az-ın məlumatına görə, “Al-əlvan həyat” adlı sərgi 20-27 mart tarixləri arasında davam edəcək. Sərgidə rəssamın yeni əsərləri nümayiş olunacaq. İşlərində əsasən qadın və dəb mövzusuna üstünlük verən Emil Əziz izləyicilərinə 10 cansız maniken üzərində yaratmış olduğu kompozisiyanı da təqdim edəcək. Bununla yanaşı, izləyicilər rəssamın təbiət mənzərəli əsərləri, müxtəlif şəhərlərin, eləcə də Bakının yer aldığı tablolarıyla da tanış ola biləcək. Novruz bayramına həsr olunmuş sərgiyə giriş sərbəstdir.
Emil Əziz Bakıda rəssam, əməkdar incəsənət xadimi Rafiq Əzizin ailəsində anadan olub. 1995-ci ildən Türkiyədə yaşayır. Əsərləri bir sıra Avropa ölkələrində təşkil olunmuş sərgilərdə nümayiş olunub. Bakıda “Səmanın rəngləri” və “Yuxularım” adlı fərdi sərgiləri açılıb.