Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rejissor, xalq artisti, dövlət mükafatı laureatı Tofiq Kazımovun 90 illik yubileyinə həsr olunmuş yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı ilə keçirilən tədbirdə çıxış edən teatrşünas alim, rejissorun tələbəsi Məryəm Əlizadə sənətkarın həyat və yaradıcılığı haqqında danışıb: “Tofiq Kazımov elə bir rejissor idi ki, quruluş verdiyi tamaşalarla Azərbaycan teatr sənətinə yeni lirik psixoloji üslub gətirdi. Xüsusilə “Ölülər” əsərini rejissorun yaradıcılıq dövrünün partlayışı hesab etmək olar”.
Quruluşçu rejissoru İrana Tağızadə olan yubiley tədbirində rejissorun səhnələşdirdiyi tamaşalardan fraqmentlər və səhnəciklər nümayiş olunub.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin də iştirak etdiyi yubiley gecəsinin sonunda, rejissorun yubileyi münasibətilə hazırlanmış İsrafil İsrafilovun “Tofiq Kazımovun rejissor dərsləri” kitabının və rejissorun quruluş verdiyi tamaşalardan ibarət dvd–diskin təqdimatı olub