Gürcüstan paytaxtındakı M.F. Axundzadə adına muzeyin qalereyasında dizayner Anuki Areşidzenin təşəbbüsü ilə Gürcüstan-Azərbaycan münasibətləri çərçivəsində dizaynerlər arasında “Bunu bacaracağıq” adlı birgə tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycanı “Bakı Milli Geyimlər Evi”, “Zəhra” və “Arşın” brendləri təmsil edib. Tədbiri M.F. Axundzadə adına muzeyin qalereyasının direktoru Arçil Bejanişvili açaraq, tədbirə qatılan hər kəsi salamlayıb. Sonra tədbirdə məşhur futbolçu, Gürcüstanın energetika naziri Kaxa Kaladzenin həyat yoldaşı, dizayner Anuki Areşidze, “Dialoq və İnkişaf Fondu”nun rəhbəri Ramilya Əliyeva, Azərbaycandan gələn dizayner Arzu Hüseynova çıxış edərək, tədbirin xeyriyyəçi xarakter daşıdığını və Azərbaycandan gətirilən, “Bakı Milli Geyimlər Evi”nin, “Arşın” və “Zəhra” brendlərinin satışa çıxarılacağını və əldə olunan gəlirin xeyriyyəçi fonduna köçürüləcəyini və onkoloji xəstələrə yardım üçün istifadə olunacağını bildiriblər. Sonra tədbirdə Azərbaycan milli geyimlərinin sərgisi keçirilib. Tədbirdə “Dialoq və İnkişaf Fondu”, “İncəsənət Evi” və QHT təşkilatı olaraq “Mas ra Varqot” arasında əməkdaşlıq barədə memorandum imzalanıb. Sənədi dizayner Anuki Areşidze, “Dialoq və İnkişaf Fondu”nun rəhbəri Ramlya Əliyeva və “İncəsənət Evi”nin rəhbəri Anna Çarqiani imzalayıblar.
Sonra “Ceyran” folklor rəqs ansamblının üzvü Nairə Paşayeva “Turacı” rəqsini nümayiş etdirib.
“Arşın” milli geyiminin baş dizayneri Arzu Hüseynova APA-ya açıqlamasında tədbirə iştirakçı kimi qatıldıqlarını və Azərbaycanın milli geyimlərini nümayiş etdirdiklərini bildirib: “Biz sərgiyə XVIII əsrin milli geyim nümunələrini gətirmişik. Tədbirdə “Zəhra” və Şəki kəlağayı brendlərini, milli geyimdə olan kuklaları və suvenirləri satışa çıxardıq. Hind və Pakistan milli geyimlərindən fərqlənən tarixi ornamentlərlə bəzədilən Azərbaycan kostyumlarını satmağa ixtiyarımız yoxdur. Bu, ata-babalarımızın geyimləridir. Onların qiyməti yoxdur. Bu geyimlər muzeylərimizi bəzəyir. Burada nümayiş etdirdiyimiz Qarabağ geyimi daha çox fərqlənir və sərgi iştirakçılarının xoşuna gəlib”, deyə Arzu Hüseynova bildirib.