Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı, azdrama.az təqdim olunub. Lent.az-ın məlumatına görə, bununla bağlı teatrın rəhbərliyi və aktyor heyəti tədbir keçirib.
Tədbirdə çıxış edən teatrın direktoru İsrafil İsrafilov sayt haqqında ətraflı məlumat verib. Bildirib ki, 2007-ci ildən teatrın saytı fəaliyyətdə olsa da, onun dizaynı və məzmunu qənaətbəxş səviyyədə olmayıb. Buna görə də yeni veb-saytın yaradılması zərurəti yaranıb. Bildirilib ki, yeni sayt həm dizaynı, həm keyfiyyəti, həm də yerləşdirilən materialların həcmi və operativliyi baxımından əvvəlkindən köklü surətdə fərqlənir. Yeni variantda saytın strukturu, məzmunu və keyfiyyəti prinsipial şəkildə dəyişdirilib. Yüksək peşəkarlıqla hazırlanan saytda Akademik Milli Dram Teatrının yaranma və inkişaf tarixi, inzibati və yaradıcı kollektivi, cari repertuarı haqqında geniş informasiya yerləşdirilib. Saytda həmçinin video və foto albom, kollektivin iştirak yer alıb. Teatr rəhbəri rastlaşdığı nöqsanları aradan qaldırılması üçün tapşırıqlar verib. Xalq artisti Rafael Dadaşov da bir neçə bəyənmədiyi nöqsanları sayıb.
Aktyor saytda yerləşdirilən afişanın üz qabığında “Teleskop”un afişasının olmasına etiraz edib: “Saytın əvvəlində də “Teleskop”, sonunda da. Axı niyə belə olmalıdır?”. Sözügedən tamaşada baş rolda rol alan aktyor Füzuli Hüseynov isə tamaşaçıların arasında uca səslə: “Çünki “Teleskop” ən yaxşı tamaşadır” deyə, səslənib.
Qeyd edək ki, www.azdrama.az saytı bu gündən etibarən oxucuların ixtiyarına verilib.
Jalə Məmmədli