Şəkidə ikinci beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə Şəkidə keçirilən ikinci beynəlxalq ənənəvi şirniyyat festivalında 11 ölkədən – Türkiyə, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Rumıniya, İndoneziya, Koreya, Fransa, Rusiya, Moldova və Serbiyadan, həmçinin respublikamızın 21 şəhər və rayonundan gəlmiş şirniyyatçılar iştirak edib.
Şəki Olimpiya İdman kompleksinin həyətində keçirilən festivalda qənnadıçıların əvvəlcədən hazırladıqları müxtəlif çeşiddə şirniyyat nümunələri nümayiş etdirilib.
Festivalın rəsmi açılış mərasimində bildirilib ki, böyük inkişaf yolu keçən Şəki xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına həlledici təsir göstərib. Qeyd olunub ki, Azərbaycanın ənənəvi şirniyyat sənətinin mərkəzləri arasında Şəki xüsusi yer tutur. Şəki şirniyyatı özünün əla, ləziz dadı və geniş çeşidi ilə fərqlənir. Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Vurğulanıb ki, bu festival təkcə Şəkinin deyil, ölkəmizin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayacaq.
Festivalın sonunda münsiflər heyətinin rəyinə əsasən, respublikamızın təmsilçiləri arasında Gəncə şəhərinin şirniyyatçıları birinci yeri tutublar. Şəki və Zaqatala qənnadıçıları ikinci, Ağdaş, Göyçay, Oğuz rayonları və Naftalan şəhərinin təmsilçiləri isə üçüncü yerə layiq görülüblər. İştirakçı ölkələr arasında Rumıniya, Qazaxıstan və Fransa təmsilçiləri birinci yeri tutaraq festivalın qızıl medallarına və Azərbaycan Milli Kulinariya Mərkəzinin kubokuna sahib çıxıblar.
Festivalın öncədən anons edilməsini, yayımını həyata keçirdiyi üçün və informasiya sponsoru olduğuna görə APA TV diplomla mükəfatlandırılıb.
Daha sonra Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Şəki şəhəri Azərbaycanın ənənəvi şirniyyat paytaxtı elan edilib və bununla bağlı diplom şəhər rəhbərliyinə təqdim olunub.
Festivalda Şəkinin musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.