Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyulun 1-də Şəki şəhərindəki Yay teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib. Mərasimi Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq zəngin tarixə və yüksək mədəniyyətə malik olan Şəkinin yenidən qapılarını möhtəşəm musiqi bayramına “İpək Yolu” VI Beynəlxalq musiqi festivalına açdığını bildirib.
Elxan Usubov bildirib ki, Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün əlverişli məkandır, artıq Şəki festivallar şəhəri kimi də tanınır: «Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramlarının yer aldığı, gözəl ifaçıların qatıldığı Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı isə bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Festivalın yüksək səviyyədə təşkili xalqımızın zəngin mədəniyyətinin, Şəkinin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyətə malikdir».
Açılış mərasimində festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, artıq altıncı dəfə Şəkidə keçirilən bu festivalın öz ənənələri, məkanları, iştirakçıları, ab-havası formalaşıb: «Bu illər ərzində biz Şəkinin nə qədər gözəlləşdiyinin, qədim tarixi abidələrin bərpa edildiyinin, yeni konsert məkanlarının tikildiyinin, musiqiçi nəsillərinin yetişdiyinin şahidi oluruq. Hər dəfə Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı yeni ideyalarla zənginləşir. Bu dəfə festivalın ən böyük hadisəsi Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi olacaq».
Festivalın açılış mərasimində Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin drijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov, solisti Toğrul Qəniyevdir.
Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, 5 gün davam edəcək Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalında rayon sakinləri və qonaqlar Yaponiyanın “Kamiqata Sumiyoşi Kai” musiqi ansamblının, Türküyənin Çukurova Dövlət Simfonik Orkestrinin, Polşanın “Ac-cello Duo” musiqi ansamblının konsert proqramlarının dinləməklə yanaşı həm də Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivlərinin konsert proqramlarını dinləyə biləcəklər. Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı iyulun 5-də sona çatacaq.