Rumıniyanın paytaxtı Buxarestdə Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım İctimai Birliyi tərəfindən Azərbaycan uşaqlarının rəsm sərgisi açılıb. Lent.az-ın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan-Rumıniya Ticarət Palatasının təşkilati dəstəyilə keçirilib.
Rumıniya Milli Kitabxanasında baş tutan sərgini giriş sözü ilə Heydər Əliyev Fondunun həmin ölkədəki nümayəndəliyinin rəhbəri İqbal Hacıyev açaraq, sərginin əhəmiyyətindən danışıb.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının ölkəmizdən kənarda dövlətçiliyimizin inkişafına yönəlik müxtəlif tədbirlər təşkil etməsi yüksək qiymətləndirilməlidir.
Layihənin koordinatoru, Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri Şahin Nəbiyev Rumıniyada yalnız ticarət layihələri deyil, müxtəlif sosial layihələrə də dəstək verəcəklərini qeyd edib.