Roma Opera Teatrının səhnəsində ilk dəfə azərbaycanlı çıxış edəcək
29 yanvar 2013 18:51 (UTC +04:00)

Roma Opera Teatrının səhnəsində ilk dəfə azərbaycanlı çıxış edəcək

Azərbaycan Dövlət Filarmoniyasının Xor Kapellasının, Dövlət Akademik Opera və Balet Teatrının və "Üns" yaradıcılıq səhnəsinin solisti, gənc vokalçı İlham Nəzərov dünyanın ən möhtəşəm opera səhnələrindən biri sayılan İtaliyanın Roma Opera Teatrında tamaşaya qoyulmuş dahi rus bəstəkarı Dmitri Şostakoviçin "Nos" operasında iştirak edir. Lent.az-ın məlumatına görə, Nikolay Qoqolun eyniadlı povesti əsasında bəstələnmiş operaya tanınmış alman teatr rejissoru Peter Ştayn quruluş verib. Operada iştirak etmək üçün müxtəlif ölkələrdən 35 ifaçı dəvət olunub. Onlardan yalnız İlham Nəzərov Azərbaycan vokal məktəbini təmsil edir və həmyerlimiz Roma şəhər Opera teatrının səhnəsində çıxış edən ilk azərbaycanlı opera ifaçısıdır.


Artıq premyerası olan tamaşanın fevralın 3-dək  5 tamaşası nəzərdə tutulub.  İlham Nəzərova operada olan rollardan dördünün ifası həvalə olunub.  Bu, gənc vokalçının İtaliya opera səhnəsində ilk çıxışı deyil. 2012-ci il 30 iyul tarixində 38-ci Della Valle D'İtria festivalı çərçivəsində Martina Franka şəhərində C.Verdi adına teatrda tamaşaya qoyulmuş Luici Rossinin "Orfey" operasında İlham Nəzərov baş rolu uğurla ifa edib.

 
Qeyd edək ki, İlham Nəzərov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Osimo D'Arte Lirica Akademiyasında təhsil alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244

Oxşar yazılar