Miniatür Kitab Muzeyində Rəşid Behbudova həsr olunmuş "Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti" kitabının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, xalq yazıçısı Elçinin müəllifi olduğu yeni nəşrin təqdimatında müəllif, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ziyalılar iştirak edib.
Tədbirdə Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova rəhbərlik etdiyi muzeyin uğurlarından və təqdim olunan kitabın məziyyətlərindən söz açıb.
E. Əfəndiyev bildirib ki, kitab Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı ölkə başçısının Sərəncamına uyğun olaraq çap olunub: “Bu kitabın təqdimat mərasimi məhz Miniatür Kitab Muzeyində keçirilməli idi. Çünki bu muzey unikal və bənzərsiz bir məkandır. Kitabda Rəşid Behbudov haqqında xatirələr, onunla söhbətlər, eləcə də ifaçının bənzərsiz sənət dünyası ilə bağlı düşüncələr, fikirlər yer alıb. Nə qədər ki, Azərbaycan xalqı yaşayacaq, Rəşid Behbudovun sənəti də yaşayacaq”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitabın çapını yüksək qiymətləndirib. Qeyd olunub ki, Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzalanan müvafiq Sərəncama uyğun olaraq ölkəmizin bütün bölgələrində silsilə tədbirlərin keçirildiyi günlərdə belə bir kitabın işıq üzü görməsi təqdirəlayiq haldır.
Mədəniyyət və Turizm Nazirliyinin Miniatür Kitab Muzeyi ilə birgə nəşr etdirdiyi kitab yüz nüsxə tirajla çap olunub. Ölçüsü 38x45 mm olan kitab 136 səhifədən ibarətdir.