Martın 16-da ABŞ-ın Nyu-York şəhərinin “Millenium” teatrında dünya şöhrətli müğənni İştar Alabinanın geniş konsert proqramı təqdim olunacaq. Tədbirdə azərbaycanlı rəqqas, əməkdar artist Tahir Eynullayev də iştirak edəcək. Lent.az-ın məlumatına görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Tahir Eynullayev bildirib ki, konsertdə milli rəqslərimizdən “Bəy”, “Turac”, eləcə də “Kasablanka” “Yəhudi” və digərlərini təqdim edəcək.
Tahir Eynullayev, həmçinin Nyu-York şəhərində həmvətənlərimiz üçün təşkil olunacaq konsert proqramında iştirak edəcəyini bildirib. Konsertdən sonra o, şəhərin ən böyük ali təhsil ocaqlarından birində tələbələrə ustad dərsləri keçəcək. Tanınmış rəqqasımız bundan əvvəl ABŞ, Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib.