Martın 27-si Mərkəzi Gömrük Hospitalına yerləşdirilən xalq artisti Ramiz Əzizbəyli evə buraxılıb. Bunu Lent.az-a xalq artistinin xanımı deyib. O bildirib ki, R. Əzizbəyli artıq ev şəraitində müalicə alacaq: “Müalicələrini evdə davam etdirəcəyik. Daim həkim nəzarətindədir. Tam yaxşı olmasa da, özünü normal hiss edir. Yenidən xəstəxanaya yerləşdirmək barədə fikrimiz yoxdur. Artıq iki aya yaxın idi ki, xəstəxanada müalicə alırdı. İndi bu prosesi evdə davam etdirəcəyik. Ramiz bəylə maraqlanan, hal-əhval tutan insanlara da təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Martın 18-dən isə xalq artisti müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi.