Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
31 iyul 2015 23:56 (UTC +04:00)

Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, nazir və millət vəkillərinin, xarici ölkələrin ölkəmizdəki səfirlərinin, dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi festivalın bağlanış mərasimində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri  Fəttah Heydərov çıxış edərək Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil edilən Qəbələ VII Beynəlxalq Musiqi Festivalının ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Fəttah Heydərov festivalın təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. “Bu günlərdə dünyanın ən böyük və peşəkar musiqiçiləri Qəbələnin füsunkar təbiətində klassik musiqini ifa etdi”-deyən Fəttah Heydərov festivalın böyük əks səda doğurduğunu qeyd edib. Fəttah Heydərov 12 ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlərdə iştirak edən xarici qonaqların Azərbaycanla daha yaxından tanış olduğu vurğulayıb. O, əlavə edib ki, bu festival Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində mühüm addımdır. Festival yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılıb. Fəttah Heydərov bu festivalın tezliklə Qarabağda, Şuşada qeyd olunmasını arzulayıb.

     

Festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli çıxışında diqqətə çatdırıb ki, festival Heydər Əliyev Fondunun yaxından köməkliyi sayəsində reallaşıb. Fərhad Bədəlbəyli Fondun prezidenti Mehriban xanım Əliyevaya festival iştirakçıları adından təşəkkürünü bildirib. O, diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur. İyulun 25-dən başlayaraq 31-dək qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edib.

     

Çıxışlardan sonra festivalın yekun konserti başlayıb. Səhnə “Moskva Virtuozları” Kamera Orkestrinin ixtiyarına verilib. Tanınmış dirijor Pol Mayerin rəhbərliyi ilə keçən ansamblın konsertində “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, “Grammy” mükafatı laureatı olan violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-Rusiya), festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli (piano) və Rusiyanın tanınmış musiqiçisi Sergey Nakaryakov (truba) da çıxış edib. Ansambl çıxışı zamanı yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirməyə çalışıb və tamaşaçılara əvəzsiz təəssüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən ansamblın konsertində bəstəkar F.Əmirovun, V.Mustafazadənin, A.Pyazzollanın, V.A.Motsartın, J.Arbanın əsərləri səsləndirilib.  Festivalın sonuncu konserti mindən çox tamaşaçının iştirakı ilə keçib və gurultulu alqışlarla başa çatıb. Festival möhtəşəm atəşfəşanlıqla başa çatıb.                                       .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335
avatar

Oxşar yazılar