Fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüblər.
APA-nın xəbərinə görə, Qonaqları salamlayan Prezident İlham Əliyev deyib ki, Polad Bülbüloğlunun öz yubileyini Vətənində, dostları və yaxınlarının əhatəsində qeyd etməsinə çox şaddır: “Bu da bizim üçün, Bakı üçün xüsusi ab-hava yaradır. Düşünürəm ki, belə bir yubiley günündə bizim görüşümüz böyük əhəmiyyət kəsb edir”.
Prezident deyib ki, onu Polad Bülbüloğlu ilə 40 ildən artıqdır ki, dostluq əlaqələri birləşdirir: “ Demək olar ki, 40 ildir bir-birimizi tanıyırıq. O vaxtlar mən yeniyetmə idim, Polad Bülbüloğlu isə məşhur müğənni və bəstəkar idi. Mənim valideynlərim Polada səmimi münasibət bəsləyirdilər. Mən də həmişə ona belə münasibət bəsləmişəm. Sonradan Moskvada təhsil aldığım illərdə onunla mütəmadi ünsiyyətdə olmuşuq. Bu dostluğu uzun illərdir ki, davam etdiririk. Dünən söhbətimizdə qeyd etdiyimiz kimi, növbəti yubileyə qədər də tez-tez görüşəcəyik”.
Prezident bildirib ki, Polad Bülbüloğlunun yaradıcılığı hamıya yaxşı məlumdur: “ Bildirmək istəyirəm ki, onun yaradıcılığının milli köklərə yaxınlığı, eyni zamanda, keçmiş Sovet İttifaqı respublikalarında rəğbətlə qarşılanması məni daim heyrətə gətirirdi. Ona görə də hesab edirəm ki, Polad Bülbüloğlunun yaradıcılığı xalq yaradıcılığıdır. Onun yaradıcılığının kökləri Azərbaycan tarixinin ən dərin izlərinə gedib çıxır. O, böyük sənətkarımız, Azərbaycan xalqının fəxri olan, xalqımızın tarixində görkəmli ifaçı və vətəndaş kimi qalan müğənni Bülbülün ailəsində anadan olub. Təbii ki, bu, onun yaradıcılığına təsir göstərib. Onun mahnıları keçmiş Sovet İttifaqı məkanında hitə çevrilib. Əvvəllər belə termin işlədilmirdi, amma indi bu termini işlətmək olar, bu mahnılar indiyə kimi yaşayır. Xüsusi qeyd etmək istəyirəm ki, o, ancaq özünün bəstələdiyi mahnıları oxuması ilə unikaldır. Bu da bir daha onun istedadının dərinliyini əks etdirir. O, həyatı boyu sevimli işi ilə məşğul olur. Əsas da elə budur: həm musiqiçi, həm ifaçı, həm də yaradıcı insan və bu gün də Azərbaycanın Rusiyadakı səfiri kimi. Şadam ki, o, bu sahədəki fəaliyyətinə də yaradıcı yanaşır və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün çox işlər görür”.
Prezident daha sonra P. Bülbüloğlunu Azərbaycan dövləti və xalqı adından yubiley münasibətilə təbrik edib və “Şərəf” ordenini təqdim edib.
Tədbirdə çıxış edən SSRİ xalq artisti İosif Kobzon deyib ki, P. Bülbüloğlunun yubileyi həm də böyük dostluq bayramıdır.
Qonaq tədbirdə müxtəlif ölkələrin - Rusiya, Moldova, Özbəkistan, Qazaxıstan, Gürcüstan və Tacikistanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etməsindən böyük məmnuniyyət hissi keçirdiklərini vurğulayıb: “Dünən biz Poladın çox gözəl baletinə tamaşa etdik. Artıq ikinci dəfədir ki, onun baletinə baxıram. Məndə belə bir duyğu yaranıb ki, bu musiqi dərin, milli köklərə söykənir. Bunu Sizin unudulmaz atanız da həmişə qeyd edirdi. Polad Azərbaycandan qidalanır. Onun üçün Azərbaycan mənbədir, anadır, həmişə ehtiram göstərdiyi xalqdır. Polad da xalqını Rusiyada layiqincə təmsil edir. Həqiqətən də o, hərtərəfli istedadlı insandır. Həqiqətən də, Polad respublikanın sərvətidir. Bizdə “Respublikanın sərvəti” adlı veriliş var. Polad isə deyərdim ki, respublikasının milli sərvətidir. Çox şadam ki, Siz, böyük Azərbaycanın Prezidenti kimi Polada belə dəyərli münasibət bəsləyirsiniz. Mən gənc dostumu təbrik edirəm”.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy isə Rusiya prezidenti Vladimir Putinin Polad Bülbüloğlunun “Şöhrət” ordeni ilə təltif olunması barədə fərman imzaladığını xatırladıb: “Əlbəttə, burada keçmiş postsovet məkanını təmsil edən bir çox nümayəndələr ola bilərdi. Bir çox millətlərin Poladı sevən nümayəndələri gəlmək istəyirdi - belaruslar da, ukraynalılar da, Baltikyanı ölkələrin nümayəndələri də. Düşünürəm ki, Polada belə münasibət onun insanlara olan doğmalığından irəli gəlir. Onda insanlara doğmalıq və səmimiyyət duyğuları var”.
Rusiyanın əməkdar artisti Bari Alibasov, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, SSRİ xalq artisti Yevgeni Doqa, Rusiyanın xalq artisti Lyudmila Rümina, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Tacikistanın xalq artisti Curabek Murodov, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyev də çıxış edərək, P. Bülbüloğlunu təbrik ediblər.