Oqtay Mirqasımovun “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Qisas almadan ölmə” filminin premyerası yanvar ayına təxirə salınıb.
Rejissorun APA-ya verdiyi məlumata görə, noyabrda təqdimatı planlaşdırılan filmin təxirə salınmağına səbəb Almaniya səfirliyi ilə aparılan danışıqlardır: “Filmin çəkilişləri Azərbaycan da daxil olmaqla, Gürcüstanda və Almaniyada aparılıb. Təqdimatda Almaniya tərəfinin iştirakı vacib məsələlərdəndir. Çünki ekran əsəri müəyyən qədər Almaniya tarixi, alman vətəndaşları ilə bağlıdır. Biz istəyirik ki, Almaniyanın ölkəmizdəki səfiri, səfirliyin nümayəndələri premyerada iştirak etsinlər. Amma Milad bayramı ilə əlaqədar xanım səfir və diplomatik nümayəndələr ölkədə olmayacaqlar. Ona görə də biz təqdimatı yanvar ayına saxlamağı daha məqsədəuyğun bildik”.
Qeyd edək ki, film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək burada məskunlaşıblar. 1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (indiki Göygöl şəhəri) salırlar. Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alır.