“Turizm sahəsində postsovet ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün prioritet istiqamətdir”. Lent. az - ın məlumatına görə, bunu Bakıda keçirilən "MDB ölkələri və Gürcüstan üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı " çərçivəsində üçüncü statistika seminarında çıxışı zamanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.
O qeyd edib ki, digər ölkələrdən fərqli olaraq, bu ölkələr arasında viza, hava nəqliyyatı və dil problemi yoxdur. Eyni zamanda mədəni, humanitar və s. sahələrdə əlaqələr inkişaf edir: "Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra islahatlar aparılır, inkişaf konsepsiyaları hazırlanır. Şübhəsiz ki, bu təşəbbüslər dolğun statistik məlumatların toplanılması və təhlili sisteminin təkmilləşdirilməsini də nəzərdə tutur”.
Nazir müavininin sözlərinə görə, bu halda yeniləşmiş sistemin idarə edilməsi və istifadəsini təmin etmək bacarığında olan mütəxəssislərin olması çox önəmlidir: “Bu bacarıq yeni təhlili metodlarının istifadəsi, kompüter proqram təminatının hazırlanması, məlumatların uzlaşdırılması və digər aidiyyəti peşəkar peşəkar amilləri əhatə etməlidir”.
Mədəniyyət və turizm nazirinin müavini onu da bildirib ki, turizm sahəsində fəaliyyəti planlaşdırmaq üçün statistika mühüm əhəmiyyət kəsb edir. Məsələn, infrastrukturun inkişafı, yol inşaatı və təmiri, nəqliyyat və s. iqtisadi göstəricilər bilavasitə turizmin inkişafına təsir göstərir.