Xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb. M. Maniyevin ailəsindən APA-ya verilən məlumata görə, aktyorun səhhəti stabilləşib: "Dünən həkimlər məsləhət gördü ki, ev şəraitində müalicəsi davam etdirilsin. Vəziyyəti ümumən qənaətbəxşdir, huşu özünə gəlib. Bu yaşda ona xəstəxanada qalmaq çətindir. Nə müalicə lazımdırsa, evdə olunacaq".
Qeyd edək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.
Xalq artisti M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.