Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı “Əbədi ezamiyyət” sənədli filminin baş prodüseri Arzu xanım Əliyevanı uğurlu iş münasibəti ilə təbrik edib. Lent.az-ın məlumatına görə, X.Kazımlı bildirib ki, hazırda bu kimi tarixi səciyyə daşıyan sənədli filmlərə ehtiyac duyulur: "Film həqiqətən Azərbaycan tarixinin nisbətən az öyrənilən bir səhifəsinə işıq salır, şərəfli müstəqillik tariximizin gənc nəslə aşılanması baxımından böyük əhəmiyyət kəsb edir. Eləcə də “Qərib məzarlar” adlı kitab-albomunun nəşri, qərib ölkədə uyuyan soydaşlarımızın qəbirlərinin Heydər Əliyev Fondunun dəstəyi ilə səliqəyə salınması, itib-batmaqdan xilas edilməsi tarix qarşısında böyük bir xidmətdir. Belə böyük tarixi hadisənin məzmun və mahiyyətini bir saatlıq filmə yerləşdirilməsi, ən vacib məqamların tamaşaçıya, xüsusən indiki gənc nəslə çatdırılması həqiqətən böyük peşəkarlıq tələb edir. Ona görə də bu işdə əməyi olan hər bir əməkdaşı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram".
Xatırladaq ki, “Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.